İlham Şaban: “Xəzərin iki sahilini birləşdirə bilərik” – Videokast

      İlham Şaban:    “Xəzərin iki sahilini birləşdirə bilərik” –    Videokast
  10 Mart 2023    Oxunub:10588
“Əhalisinin sayı 6 milyondan bir qədər çox olan Türkmənistanın ərazisinin 80%-nin səhralıq və çöllük olması onu günəş panellərinin qurulması üçün ideal məkana çevirir. Amma Aşqabadın bərpaolunan və yaşıl enerjiyə marağını ilk növbədə ehtiyac meyarı şərltəndirməlidir”.
Bu sözləri AzVision.az -a müsahibəsində Türkmənistanın alternativ enerji potensialının yaratdığı imkanları şərh edən “Neft araşdırmaları mərkəzi”nin rəhbəri İlham Şaban deyib. O bildirib ki, “yaşıl enerji” qurğuları böyük sahələr tələb edir. Kənd təsərrüfatına neqativ təsir göstərməmək üçün onlar əkin-biçin sahələrindən uzaqda olmalıdırlar. Buna görə də, onları adətən dağların, təpələrin başında, istifadəsiz yerlərdə görürük. Bu baxımdan, əhalisi 6 milyondan bir qədər çox olan Türkmənistanın sahəsi həddindən artıq genişdir. Ölkənin bu başından o başına 1100 km-dir, ərazisinin 80%-i səhralıq və çöllükdür. Yəni günəş panelləri üçün, ideal bir yerdir.


- Ancaq 2022-ci ilin yekunlarına nəzər salsaq, 5 Xəzəryanı ölkənin arasında bu sahədə ən aşağı göstərici məhz Türkmənistandadır. Ən yaxşı nəticə hələ ki, Rusiya Federasiyasındadır: ötən il məhz küləkdən və günəş panellərindən 5,4 milyard kVt/st elektrik enerjisi hasil edib. İkinci yerdə Qazaxıstandır: 5,1 milyard kVt/st. Üçüncü yerdə İran, sonra Azərbaycan gəlir. Azərbaycanda bir neçə ildir nəticəni sabitləşdirmişik. 3 ildir 150 milyon kVt/st “yaşıl” enerji hasil edirik və bu bizim ümumi əmtəəlik balansımızda 0,6%-dən bir qədər çoxdur.

Ancaq Azərbaycanın vizionuna, atdığı addımlara, hökumətin imzaladığı qərarlara baxsaq, 2037-ci ilə qədər “yaşıl enerji”nin ümumi elektrik balansında payının artırılması planlarının olduğunu görərik. Heç kimə sirr deyil ki, biz günəş və küləyin hesabına ənənəvi enerjinin payını 30% azaltmaq istəyirik. Türkmənistan hökumətinin məhz bu sahəni hədəfləyib irəli getməsi ilə bağlı hansısa açıqlamasını, planlarını isə hələ ki görməmişik.

- Türkmənistan hökuməti artıq yavaş-yavaş addımlar atmağa başlayır. Siz onların gələcəyini necə görürsünüz?
- Burada iki amil var. Birincisi, ehtiyac səni vadar edir ki, bu müstəvidə addımlar atırsan, nədəsə qənaət, nədəsə yeni bir sahəyə keçid edirsən. İkinci məsələ isə sənin iqtisadi-ticari tərəfdaşlarının kim və onların tələblərinin nə olmasıdır.

Müstəqilliyini qazananda sonra, artıq ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycanın əsas iqtisadi tərəfdaşı (biz bunu kapitalın həcmi baxımından da görürük) həmişə Avropa olub. Əslində 100 il bundan öncə də belə idi. Hətta çar Rusiyasının dövründə də bu cür olub və biz bu ənənəni davam etdiririk. Məsələ yalnız oradan yeni texologiyaların gəlməsi deyil, həm də dünya ticarətinin trendidir ki, biz onlarla ayaqlaşırıq.

Xəzərin o tayı dünya bazarından təcrid olunmuş bir bölgədir. Türkmənistanın o qədər qazı var ki, digər işlərə elə də ehtiyacları yoxdur. Amma buna ehtiyacı olan Özbəkistan istər Yaponiya, istər Cənubi Koreya, istərsə də Çin və Avropa, onların maliyyə qurumları ilə bu istiqamətdə addımlar atır. Çünki bunlar ehtiyacdan doğan addımlardır.

Amma qaz ehtiyatları trilyonlarla kubmetr olan Türkmənistan, özünün açıqladığı rəqəmlərə görə, 2016-cı ildən bəri qaz ixracını artıra bilmir. Qazın elektrikə çevrilməsi onlara alternativ enerjidən 3 dəfə ucuz başa gəlir. Ona görə də, ehtiyac duyulmaması, Qərbdəki potensial tərəfdaşları ilə əlaqələrinin zəifliyi, 2050-ci ilə qədər karbon izinin sıfıra endirilməsi ilə bağlı Paris sazişinə qoşulmaması (halbuki Azərbaycan bu sənədi 2016-cı ildə imzalayıb) kimi məsələlər onun enerji keçidindəki siyasətini ləngitdiyinə görə, Türkmənistan bizdən kifayət qədər geridədir.

- Azərbaycan bir müddət əvvəl Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibindən keçəcək yüksək gərginlikli elektirk xətti ilə bağlı əməkdaşlıq protokolu imzalayıb. Bu əməkdaşlıq məhz “yaşıl enerji” əsasında qurulur. Gəlcəkdə Türkmənistanın da bu layihəyə qoşulması ehtimalını necə qiymətləndirirsiniz?
- Azərbaycan istər külək, istərsə də günəş enerjisi sahəsində bir-birinin ardınca çox böyük işlər görür. O cümlədən də işğaldan azad olunmuş ərazilərin hidropotensialının istifadə edilməsi mərhələsinə hazırlaşır. Türkmənistanın bu layihəyə qoşulması Azərbaycan üçün çox gözəl olardı. Hətta Aşqabad “yaşıl enerji”sini Avropaya satmaq ideyasından uzaq olsa belə, Xəzərin sağ və sol sahillərini birləşdirən elektrik nəqli infrastrukturu yaransa, bizim elektriki qazdan almağa ehtiyacımız qalmazdı. Bir halda ki, biz alternativ enerjinin payını 30%-ə çatdırmağı nəzərdə tuturuq və bu prosesdəki mexaniki avadanlıq vaxtaşırı təmir edilməlidir, onda özümüzə lazım olan enerjini Türkmənistan kimi zəngin qaz ehtiyatlarına malik ölkədən alardıq. Yəni Türkmənistan hətta “yaşıl” enerji olmasa da, qazı elektrikə çevirib, Azərbaycana sata bilərdi. Bunun özü də Azərbaycanın ekologiyasının yaxşılaşdırılması, karbon izinin itirilməsi ilə bağlı atılan böyük addım olardı.

Yeri gəlmişkən, mən sizə maraqlı bir fakt da açıqlayım. Çar Rusiyası dövründə, 1902-ci ildə o zamankı Krasnovodsk və Bakı limanları arasında tarixdə ilk dəfə teleqraf xətti çəkilib. Bu teleqraf xətti 430 kilometrdən bir qədər uzun olub. Dənizin altından Bakıya çəkilən bu rabitə xəttinin çox maraqlı tarixçəsi var. Təsəvvür edin ki, həmin vaxta qədər Avropada və Amerikada belə xətlər göllərin altından çəkilirdi. Sonradan Transatlantik xətti çəkildi. Amma biz hələ 20-ci əsrin əvvəllərində belə layihənin reallaşdırıldığı məkan olmuşuq. Bu baxımdan, sizin dediyiniz məsələni bir-birinə təklif edib, həyata keçirmək çox unikal bir iş olardı.

- Amma Transxəzər məsələləri bir az mürəkkəb məsələdir. Sizcə, burada hansı maneələr ola bilər?
- Məncə, heç bir maneə yoxdur. Azərbaycanın, xarici mütəxəssislərin köməyilə də olsa, sualtı yüksək gərginlikli elektrik xətti çəkmək praktikası artıq var.

Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci il avqustun 12-də qəbul edilmiş Konvensiyada isə Xəzərin sağ və sol sahilləri arasında magistral kəmərlərin—neft, qaz və su kəmərlərinin çəkilməsi ayrılıqda qeyd edilib. Orada yazılıb ki, bütün Xəzəryanı ölkələr bunun ekoloji təsirləri ilə bağlı sənədə imza atmalıdırlar. Amma kabel, elektrik enerjisi və onun ötürülməsi ilə bağlı infrastruktur barədə heç bir şey yoxdur. Nəyə görə? Bayaq 1902-ci ildə Krasnovodsk və Bakı limanları arasında teleqraf xəttinin çəkildiyini qeyd etdim. Ondan sonra bu xətt bir neçə dəfə yenilənib. Daha müasir tələblərə cavab verən telefon, yəni səsli rabitə kanalı var. Azərbaycan artıq Aktau-Bakı optik magistral xəttini reallaşdırır. Ona görə də, bunun kiminsə xoşuna gəlib-gəlməməsi barədə hüquqi aspektdən problem yoxdur.

- Bu layihə reallaşarsa onun rentabelliyini və texniki əsaslandırmasını necə qiymətləndirərdiniz?
- 2018-ci il noyabrın 21-də alternativ enerji üçün dünyada çox əlamətdar hadisə oldu. Amerika Birləşmiş Ştatlarında qazdan alınan 1 kVt/st elektrik enerjisinin qiyməti külək turbinindən alınan elektrik enerjisinin qiyməti ilə bərabərləşdi. Amma Birləşmiş Ştatlar ilə digər ölkələr arasında böyük fərq var. Hazırda alternativ mənbələrdən əldə edilən elektrik enerjisi istənilən halda qaz turbinlərində alınan elektrikdən bahadır.

İkincisi, həcm çox böyük rol oynayır. Bazara daha çox bal çıxarırsınızsa, marjasındakı fərq kiçik də olsa, malın həcminə görə siz çox qazana bilərsiniz. Azərbaycan, Qazaxıstan və gələcəkdə Türkmənistan üçün, tutaq ki, 1 milyard kVt/st alternativ enerjidən götürülən qazanc böyükdür. Amma artıq trilyon kVt/st enerjinin hasil olunduğu məkanlar var. Rentabellik məsələsində bu amillər öz rolunu oynayırlar.

- Bu layihə reallaşarsa, geosiyasi baxımdan region üçün hansı nəticələri verə bilər?
- İctimai-siyasi formasiyadan, idarəçilik formasından asılı olmayaraq, müsbət nəticə verəcək. Çünki əlavə qazancdır. Sonra, dünyada dəbdə olan məsələlərlə ayaqlaşmaq və onu müəyyən qədər özünə biçməkdir. Yəni ən azından libasın, oturuş-duruşun, davranışın dəyişir. Çünki əsas ticarət partnyorların Qərbdən - yüksək texnoloji inkişaf səviyyəsində duran ölkələrdən gəlirlər. Azərbaycan da məhz o trendlərlə gedir. Bizim əlaqələrimiz Şərqlə yox, Qərblə olub. İstər təhsilimizdə, istərsə də mədəniyyətdə Qərbə yönəlmişik. Bu baxımdan, hesab edirəm ki, kifayət qədər müsbət təsirləri ola bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Energetika  





Xəbər lenti