Bu kənddə Torpaq çərşənbəsi məzar başında qeyd olunur - REPORTAJ

   Bu kənddə Torpaq çərşənbəsi məzar başında qeyd olunur -    REPORTAJ
  14 Mart 2023    Oxunub:1966
İlaxır çərşənbə hər bölgədə özünəməxsus qaydada, öz adət-ənənəsi ilə qeyd edilir. Elə Tovuz rayonunun Əyyublu kəndində də sonuncu - Torpaq çərşənbəsinin adətləri heç də Novruz bayramı şənliklərindən geri qalmır. Həmin günü bütün kənd elliklə qeyd edir. Qədim ənənələrimiz bu gün də yaşadılmaqdadır.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, Torpaq çərşənbəsinə bir neçə gün qalmış evlərdə hazırlıqlara başlanılır, təmizlik işləri görülür, həyət-baca səliqəyə salınır. Təsərrüfatda isə yaz hazırlıq işləri yekunlaşdırılır. Ağacların budanması, kolların diblərinin bellənməsi kimi işlər başa çatdırılır. Bir sözlə, təbiətin oyanışı ilə kənd həyatında da bir canlanma başlanır. Xanımlar isə mətbəx işləri ilə məşğul olurlar. Çərşənbəyə bir-birindən dadlı təamları hazırlanır, milli yeməklərimiz bişirilir. Plov isə süfrənin şahı sayılır. Bu qədər yeməklər və şirniyyatlar təkcə ailə üzvləri üçün nəzərdə tutulmur. Bayram günündə qonaq gələnlər də bu təamlardan dadır.

Ölkəmizdə qeyd olunan çərşənbələrin hamısı, xüsusən də İlaxır çərşənbə qonaqlı-qaralı, çal-çağırlı və maraqlı adət-ənənələri ilə yadda qalır. Əyyublu kəndində Cəfərovlar ailəsi də böyük həyəcanla bir neçə gün öncədən Torpaq çərşənbəsinə hazırlaşıb. Ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olsa da, çərşənbə axşamı onlar daha çox qonaq qəbul edirlər. Ailə başçısı Rövşən Cəfərov deyir ki, bu çərşənbəyə qədər yaza hazırlıq məqsədilə torpaqda görüləcək işləri yekunlaşdırmaq lazımdır.
“Çərşənbələr gələndə bütün el-oba sevinir, təbiət oyanır, insanlarda bayram ab-havası yaranır. Hamı bir birinə qonaq gedir, bayramlaşırlar. Qocalar, ağsaqqal və ağbirçəklər ziyarət olunur, bayramları təbrik edilir”, – deyə Əyyublu sakini Rövşən Cəfərov əlavə edir.

İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın, özündən əvvəlki 3 mühüm ünsür - su, od və yelin oyanması isə əkinçilik həyatının başlanmasına işarədir. Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Bu çərşənbədə insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar. İlaxır çərşənbədə süfrəni xörəklərlə yanaşı, şirniyyatlar da bəzəyir. Axşamüstü tonqal qalanması isə hər çərşənbədə olduğu kimi, bu çərşənbədə də qalanır. Özü də digər çərşənbələrdə qalanan tonqaldan daha böyük olur. Tonqal ətrafına yığılan insanlar “ağırlığım, uğurluğum bu tonqalda yansın” - deyib, od üzərindən atlanır.

Əyyublu kənd sakinlərinin Novruz çərşənbələrində yaşatdığı fərqli bir ənənə də var. Belə ki, digər çərşənbələrdə olduğu kimi, Torpaq çərşənbəsində də hava qaralanda qəbiristanlıq ziyarət olunur, dünyasını dəyişmiş əzizlərinin məzarı önündə şamlar yandırılır. Beləliklə rəhmətə gedənlərin ruhu da şad olur. Bu barədə danışan Rövşən Cəfərov deyib: “Bizdə belə adət var ki, İlaxır çərşənbədə rəhmətə gedənləri qəbiristanlıqda yad edirik. Orada “lopa” və şam yandırılır. Bizdən öncə ata-babalarımız belə ənənəni yaşadıb bizə ötürüb. Bizim də borcumuz bu adətlərimizi yaşatmaqdır”.

İlaxır çərşənbədə qapı pusma kimi adət Əyyubluda da yaşadılır. Sakinlər, əsasən də qızlar bu çərşənbə axşamı niyyət edib qapı pusmağa çıxır, evlərdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışırlar. Yaşlı nənələrin köməyi ilə eşitdikləri sözlər yozular, bir nəticə hasil olar.

İndi Əyyublu sakinləri ilə bərabər, ölkəmizin digər guşələrində də bayram tonqalları daha gur yanır, çərşənbələr daha yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Artıq üç ildir ki, xalqımız Qarabağına qovuşub. İndi Qarabağda da çərşənbə tonqalları qalanır. Tonqalın əbədi, alovu gur yansın Azərbaycan! İlaxır çərşənbəniz mübarək!

AzVision.az



Teqlər: Çərşənbə   Tovuz  





Xəbər lenti