İranın "X saatı" yaxınlaşır – ŞƏRH

// Bir gecə qəfildən vura bilərlər

   İranın "X saatı" yaxınlaşır –    ŞƏRH
  26 Mart 2023    Oxunub:4122
Son günlər dünya mediasında ən çox müzakirə olunan mövzulardan biri İranın nüvə proqramı ilə bağlıdır. Molla rejimi həm regionda, həm də qlobal miqyasda nüfuzunu tamamilə itirdiyindən, nüvə silahı əldə etməklə özünü sığortalamaq istəyir.
İranın ləyaqətsiz davranışları həm qonşularını, həm İsraili, həm də ABŞ-ı dərindən narahat edir. 2002-cü ildə ABŞ prezidenti Corc Buş İranı terroru maliyyələşdirən və nüvə silahı əldə etməyə çalışan “şər məhvəri” ölkələri sırasına daxil etmişdi. ABŞ 20 ildir ki, İranın beynəlxalq təcridinə çalışsa da, buna tam nail ola bilməyib. Vaşinqtonun səyləri Fransa, Almaniya və Böyük Britaniyanın, habelə İranla hərbi texnikanın tədarükü və Buşəhrdə AES-in tikintisi üzrə müqavilələri olan Rusiyanın etirazı ilə qarşılanırdı.

2003-cü ilin sonunda Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əlavə protokol imzalamağa razı saldılar. Bu protokol MAQATE müfəttişlərinə İranın istənilən obyektini yoxlamaq imkanı verməli idi. Lakin sənəd heç vaxt İran parlamentində ratifikasiya olunmadı. MAQATE müfəttişləri hər dəfə İrana səfər edəndə uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar tapırlar. Son dəfə də belə oldu.

İranın cəzalandırılması niyə uzanır?

ABŞ əslində Əfqanıstan, İraq, Liviya və Suriyadan əvvəl İranda hərbi əməliyyatlara başlamalı idi. Tehranın terror təşkilatları ilə əməkdaşlığını ABŞ əla bilirdi. Amma İranın cəzalandırılmasını Vaşinqton naməlum səsbəblərdən 20 il ləngitdi.

Böyük ehtimalla, bu ləngimə İranın milli tərkibi ilə əlaqəlidir. ABŞ molla rejiminin cəzalandırılması nəticəsində İranın parçalanmasından, cənubdakı 40 milyon türkün Azərbaycan və Türkiyə ilə yaxınlaşmasından, başqa sözlə desək, dünyanın göbəyində "Türk Qurşağı"nın yaranmasından ehtiyat edirdi. Əvəzində indi nüvə silahı əldə etməyə çox yaxın olan İran təhdidi ilə qarşı-qarşıyadır.

ABŞ İrana mane olmağa məcburdur

Nüvə silahının əldə edilməsi ilə İran həm qlobal təhdidə çevriləcək, həm də Şimali Koreyadan və ya Rusiyadan daha təhlükəli olacaq. ABŞ artıq Yaxın Şərqdəki müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə məcburdur.


İsrail də daha səbr etmək niyyətində deyil. ABŞ-ın müdafiə naziri Lloyld Ostinin İsrailə səfəri və orada keçirdiyi görüşlər İrana qarşı birgə mübarizəni müzakirə etmək, molla rejiminin nüvə silahına sahiblənməsinə mane olmaq, İranın təcavüzünün qarşısını almaq məqsədi daşıyırdı. Bunlar yaxın perspektivdə İrana qarşı təsirli və sinxron addımların atılacağını ehtimal etməyə əsas verir.

"Nüvə cəhənnəmi"nin kandarında

İranın cəzalandırılmasında əsas rol İsrailin üzərinə düşəcək. Həm də bu mümkün ən qısa müddətdə baş verəcək, çünki İran regionda "nüvə cəhənnəmi" yaratmağa çox yaxındır. Bu gün orada uranın saflaşdırılması 84%-ə çatıb. Bu göstəricinin cəmi 6 faiz də artması nüvə silahı əldə etmək üçün kifayətdir. Qərb ölkələri əl-ayağa düşüblər. Şimali Koreyaya bənzər yeni bir təhlükə artıq reallıqdır. Bu isə İranın təhdidlərindən qorunmaq istəyən başqa ölkələrin də nüvə silahı əldə etmək cəhdlərinə səbəb olacaq. Yəni dünyanın daha təhlükəli yer olmasına gətirib çıxaracaq.

Yumruğun hədəfləri

İran nüvə tədqiqatlarını sürətləndirməklə ABŞ-ı çətin vəziyyətdə yaxalayıb. Amma Ukrayna müharibəsinin yükünü daşımaqda çətinlik çəkən ABŞ-ın reaksiyasından asılı olmayaraq, İsrail İranı bütün hallarda cəzalandıracaq. Böyük ehtimalla İsrail pilotlu və pilotsuz aviasiyanın köməyilə İranın Ənərək, Əraq, Ərdakan Bonab, Buşehr, Çalus, Dərhovin, Fordo (Qum), İsfafan, Kərəz, Ləşkərabad, Lavizan, Natanz, Parşin, Səhənd, Yəzd və Tehranda yerləşən nüvə tədqiqatı obyektlərinə və onları qoruyan HHM sistemlərinə preventiv zərbələr endirəcək.

Zərbələr zamanı İsrail qırıcılarının havada yanacaq dolduran təyyarələrin imkanlarından istifadə edəcəyi də gözlənilir. İlk zərbələrin gecə saatlarında endirilməsi ehtimalı böyükdür. Çünki İran kütləvi gecə zərbələrinə qarşı hazırlıqlı deyil.

Nüvə obyektlərinin İranın dərinliyində yerləşdiyini nəzərə alan İsrail daim silahlanmasında 5000 ədəddən az olmayaraq “GBU-28” ağır aviasiya bombaları saxlayır.

Yaxın gələcəkdə quru əməliyyatları gözlənilmir.

Son şans

İstənilən halda, əgər ABŞ, Türkiyə, Azərbaycan, Böyük Britaniya və İsrail kimi güclü ordulara malik ölkələrə təhdid yaradan İran şeytan respublikasını idarə edən əxlaqsız molla rejimi indiki mərhələdə dayandırılmasa, sonra bu problemin həlli daha çətin və mürəkkəb olacaq. İranın HHM sistemi paralel hücumların qarşısını almağa və adekvat reaksiya vermək imkanına malik deyil. Hücumlar gecə saatlarında baş verərsə, keçən ay Tehran, İsfahan, Xoy, Rəşt, Səlim, Həmədan, Mazandaran, Cavanrud və digər şəhərlərdə olduğu kimi, İranın havadan müdafiəsinin biabır vəziyyətdə olduğu bir daha təsdiqlənəcək.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İran   Nüvə  





Xəbər lenti