ABŞ yəhudilərinin hakimiyyət və rifah resepti

   ABŞ yəhudilərinin    hakimiyyət və rifah resepti
  14 May 2023    Oxunub:7260
Moisey Bekker
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xüsusi olaraq AzVision.az üçün

Amerika Birləşmiş Ştatlarının yəhudi icması öz mövcudluğu, nüfuzu və qüdrəti ilə etnik azlığın demokratiya, siyasi azadlıqlar, habelə gənc nəslin yaxşı düşünülmüş təhsil və tərbiyə sistemi şəraitində nələrə nail ola biləcəyini göstərdi. Erkən uşaqlıqdan əsası qoyulan uğur motivi yəhudilərə orta əsrlərin və müasir tarixin çətin, bəzən dramatik və qeyri-insani şəraitində sağ qalmağa kömək edib. Təkcə onu demək kifayətdir ki, yəhudi uşaqları üçün universal pulsuz təhsil sistemi eramızın 64-cü ilində baş kahin Coşua ben Qamla tərəfindən elan edilib və o vaxtdan bəri davamlı olaraq təkmilləşdirilir.
ABŞ-da yəhudi azlığına münasibət lap əvvəldən kifayət qədər dözümlü olub. İlk yəhudilər ABŞ ərazisində 1654-cü ilin sentyabrında peyda olublar. 25 yəhudinin Hollandiya koloniyası olan Yeni Amsterdamda məskunlaşdığı il Britaniya İmperiyası onu ələ keçirdi və adını dəyişdirərək, “Nyu York” qoydu. 1776-cı ildə Şimali Amerika koloniyaları müstəqilliklərini elan etdilər. Həmin dövrdə ABŞ-da iki minə yaxın yəhudi yaşayırdı. Onların çoxu müstəqillik uğrunda gedən döyüşlərdə üsyançıların tərəfində vuruşmuşdular.

Amerika dövlətinin yaranmasında yəhudi mühacirlərin xüsusi rolunu nəzərə alan ABŞ-ın ilk prezidenti Corc Vaşinqton 1790-cı ildə “Nyu Portun yəhudi icmasına” təşəkkür məktubu yazdı və bu, Amerika yəhudiləri üçün bir növ “Böyük Azadlıq Xartiyasına” çevrildi. Prezident məktubunda xüsusi qeyd edirdi ki, ABŞ yəhudilərin bərabər hüquqlara malik olduğu ilk ölkədir.

1861-ci ildə vətəndaş müharibəsi başlayanda ABŞ-da ən azı 150.000 yəhudi, 1880-ci ilə qədər isə artıq 250.000 yəhudi yaşayırdı. 1881-ci ildə Rusiya İmperiyasını yəhudi qırğınları dalğası bürüdü və bu, onların Şimali Amerika qitəsinə kütləvi mühacirətinə səbəb oldu. Əvvəlki iki dalğanın yəhudi mühacirlərindən fərqli olaraq, üçüncü dalğanın immiqrantları peşəkar ixtisas və ya akademik dərəcələrə malik olmalarına baxmayaraq, qaçqın statusu aldılar və buna görə də Amerika cəmiyyəti tərəfindən sosial marjinallar kimi qəbul edildilər. Ancaq Şərqi Avropa yəhudiləri amerikan və alman yəhudi xeyriyyəçilərinin maliyyə dəstəyi ilə qısamüddətli peşəkar və sosial hərəkətlilik böhranından çıxa bildilər. Maddi gəlirlərini artıraraq, sosial statuslarını yüksəldənlər tez bir zamanda Amerika cəmiyyətinə inteqrasiya etdilər. 1881-1920-ci illərdə Amerika Birləşmiş Ştatlarına təxminən 2,5 milyon yəhudi köçdü.
Fuad Muradov İstanbul valisi ilə görüşüb - FOTO

Yəhudilərin ABŞ-a immiqrasiyasının üçüncü dalğası onların elmi, sosial, mədəni və siyasi sahələrdə ciddi mövqelərə çıxması ilə səciyyəvidir. 1897-ci ildə belaruslu yəhudi Abraham Kohanın Nyu-Yorkda yəhudi dilində təsis etdiyi gündəlik “Forverts” qəzeti cəmiyyətin milli səviyyədə ilk nüfuzlu çap orqanı oldu və bu günə qədər də varlığını davam etdirir. 1907-ci ildə fizika üzrə Nobel mükafatını alan ilk Amerika vətəndaşı Prussiyadan olan yəhudi mühacir Albert Abraham Mişelsonun oğlu idi. 1912-ci ildə Yəhudi Fəhlə Partiyası, 1920-ci ildə Amerika Yəhudi Konqresi, 1923-cü ildə “Hillel” yəhudi tələbə təşkilatı yarandı.

1906-1909-cu illərdə Almaniyadan olan yəhudi mühacir Oskar Solomon Strauss prezident Teodor Ruzveltin dövründə Ticarət və Əmək Naziri oldu. 1909-1910-cu illərdə o, ABŞ-ın Türkiyədəki səfiri təyin edildi. Daha sonra O.Ştraus prezident Vudro Vilsonun müşaviri vəzifəsində işlədi. 1916-cı ildə yəhudi əsilli tanınmış amerikalı hüquqşünas Lui Brandeys Ali Məhkəməyə seçildi. O, ABŞ-da əhalinin bütün təbəqələrinin maraqlarını qorumağa qadir olan yeni sosial qanunvericiliyin tətbiqi üçün mübarizə aparırdı. 1914-cü ildən Brandeys Ümumi Sionist İşləri üzrə Müvəqqəti Komitənin sədri vəzifəsində çalışırdı. O, Balfur Bəyannaməsinə dəstək verib və Fələstin üçün Britaniya Mandatının yaradılmasında mühüm rol oynayıb.

Birinci Dünya Müharibəsi zamanı Amerika yəhudiləri kütləvi şəkildə ABŞ ordusuna yazıldılar. Bu könüllülərdən biri də rus-yəhudisi əslli məşhur Amerika bəstəkarı İrvinq Berlindir. 1918-ci ildə hərbi xidmətdə olarkən o hazırda ABŞ-ın qeyri-rəsmi himni hesab edilən, ən populyar Amerika melodiyalarından biri olan "God Bless America" vətənpərvərlik nəğməsini yazıb.

1918-ci ildə Rusiyada vətəndaş müharibəsinin başlaması ilə əlaqədar ABŞ Konqresi bu ölkədən immiqrasiyanı yasaqlayan qanun qəbul etdi. Almaniyada A.Hitler hakimiyyətə gəldikdən sonra nasist ideologiyasının təsiri Amerikada da birdən-birə artdı və bu, ölkədə ilk dəfə olaraq antisemitizmin yayılmasına səbəb oldu. Ən qızğın antisemitlərdən biri "avtomobil kralı" Henri Ford idi. 20-ci əsrin birinci yarısının digər məşhur Amerika antisemiti 1927-ci ildə Atlantik okeanı üzərindən Nyu-Yorkdan Parisə ilk uçuşu edən Çarlz Lindberq idi. Antisemitlər yəhudiləri iqtisadi böhranı qızışdırmaqda və mafiya ilə əlaqədə ittiham edirdilər.

Anti-immiqrasiya qanunvericiliyinin qüvvədə olmasına baxmayaraq, 1920-1944-cü illərdə 100 minə yaxın yəhudi Avropadan ABŞ-a qeyri-qanuni yollarla köçüb. Bu dalğa Nobel laureatlarının bütöv qalaktikasını, o cümlədən A. Eynşteyn, Leo Szilard, Edvard Teller, Nils Bor və digər yəhudilərin ABŞ-a immiqrasiyasının beşinci dövrü olan 1945-1960-cı illərə təsadüf edir. Onlar əsasən “Holokostdan sağ qalanlar” idilər.

Yəhudilərin ABŞ-a immiqrasiyasının altıncı və sonuncu dalğası sovet yəhudiləri ilə bağlıdır. Onların 24%-i ali və orta ixtisas təhsilli mütəxəssislər idi. Bu göstəriciyə görə yəhudilər SSRİ-nin bütün xalqları arasında birinci yeri tutublar. Sovet yəhudiləri Amerika cəmiyyətində möhkəm yer tutdular və ilk stabil fəaliyyət göstərən rusdilli yəhudi diasporunu yaratdılar.

“Forbes”in məlumatına görə, ABŞ-da 358 milyarder var, yəni hər 800 min nəfərə bir milyarder düşür. Onların arasında 108 yəhudi milyarder var, yəni hər 55 min Amerika yəhudisindən biri milyarderdir. ABŞ-ın ən zəngin ştatı olan Kaliforniyanın 36 milyon əhalisi və 90 milyarderi var. Ştatda əhalinin 2%-i milyarderlərin üçdə birindən çoxunu təşkil edən yəhudilərdir (31 nəfər, o cümlədən 2 ən varlı yəhudi yüksək texnologiya sektorunda çalışır, onların arasında rusiyalı mühacirlərin oğlu olan, “Google”un yaradıcısı Sergey Brin də var).

ABŞ-da elm üzrə 160 Nobel mükafatı laureatı var ki, onlardan 61-i yəhudidir. Bu, valideynlərin heç bir xərc çəkmədiyi çox yüksək səviyyəli təhsilin nəticəsidir. Yəhudilərin maddi vəziyyəti bütövlükdə ABŞ əhalisininkindən daha sabitdir. Amerikanın yaşlı yəhudilərinin 55%-i tam orta təhsil və bakalavr dərəcəsi alıblar. Qeyri-yəhudilər üçün bu rəqəm 28% təşkil edir.

ABŞ-da işləyən yəhudi əhalisinin 60%-i yüksək əmək haqqı alan və ixtisaslı işlə məşğul olan insanlardır. ABŞ yəhudilərinin yalnız 5%-i yoxsulluq həddinin altında yaşayır.

Hökumət strukturlarına gəlincə, hazırda ABŞ Senatının 100 üzvündən 13-ü yəhudidir. 1950-ci illərə qədər Konqresin yuxarı palatasında bir yəhudi də yox idi. İndi ABŞ Konqresinin Nümayəndələr Palatasında 30 yəhudi var. ABŞ-ın bütün tarixi boyu yəhudi icmasının 31 nümayəndəsi nazir olub, 20 yəhudi isə diplomatik və inzibati vəzifələrdə çalışıb, 28 seçilmiş əyalət qubernatoru və iki baş prokuror yəhudi olub.

Prezident C. Bayden hökumətindəki yəhudilər bunlardır: dövlət katibi Blinken, xəzinədarlıq katibi Ellin, daxili təhlükəsizlik naziri Mallorkas, baş prokuror Qarland.
Henri Kissincer hələ də ABŞ-ın ən görkəmli diplomatı hesab olunur.

2002-ci ildə ABŞ-da 5380 yəhudi təşkilatı var idi ki, onların da çoxu bütün ölkədə fəaliyyət göstərirdi. ABŞ-da uşaq bağçalarından tutmuş ali təhsil müəssisələrinə qədər inkişaf etmiş yəhudi təhsili sistemi var və etnik qrupun uğurunu bu amil müəyyən edir.



Teqlər: Diaspor   Yəhudi   ABŞ  





Xəbər lenti