Dağlıların ədalət tərəzisi - Bəhram Çələbinin yazısı

   Dağlıların ədalət tərəzisi -    Bəhram Çələbinin yazısı
  03 İyul 2023    Oxunub:3865
Cavanşir lap körpəliyindən güləşçi olmağı arzulayırdı. Dörd-beş yaşında olarkən Novruz bayramını keçirmək üçün nənəsi ilə Fındığana getmişdi. Onu qarşılayan uzaq qohumu Məmmədqulu sevincək halda:
- Caqa, birazdan güləşmə olacaq, qəssab Mirşlə odunçu Fətəli lap axırda meydana çıxacaqlar,- dedi.- Mən Fətəlinin udmağını istəyirəm.
Qədimdən Xızıda qurşaq tutmaq, at çapmaq kimi xalq oyunları hər bir kişi üçün vacib məsələ idi. Xüsusən də qara zurna və balaban halayı altında qurulan zorxanalar içində Fındığanda düzənlənən yarışlara çatanı yox idi. Ulu babalarımızın bizlərə miras qoyub getdikləri el şənlikləri və bayramların axırıncı oyunu qurşaqtutma, yaxud zorxana olardı.

Çəkişmədə iştirak edən pəhləvanlar cərgə ilə düzüldükdən sonra ən ucaboyu ən bəstəboylu ilə meydanın ortasına gələr, sıra ilə oturmuş kənd ağsaqqallarına təzim etdikdən, mükafat üçün veriləcək qoyun, öküz və ya atı tumarladıqdan sonra əlbəyaxa olardılar. Qara zurnanın cəngi sədaları ətrafa toplaşanların haray-qışqırığına, söyüş və alqışlarına qarışardı.

Cavanşir lap uşaqlıqdan yaman söyüşbaz idi. Əsəbləşəndə, yaxud nəyəsə həddindən ziyadə aludə olanda - azarta girəndə özündən asılı olmayaraq cani-dildən söyərdi.

...Meydanda Mirişlə Fətəli gəzişir, özlərini ətrafda dövrə vurub dayanmış tamaşaçılara göstərirdilər. Hər ikisi eyni boy-buxunda olsa da, qəssab çəkidə iki dəfə ağır gələrdi. Boynu bilinməyən, döşləri və qarnı xaşal arvadlar kimi sallanan, ağappaq kürəyini sıx qara tük basmış Miriş odunçunun yanından keçərkən rişxəndlə gülümsəyir, ona nə isə atmaca tullayır, camaatın qarşısına yetişəndə bütün səsləri batıracaq tərzdə nərildəyirdi...

- Miriş ötən il güləşənlərin hamısını basıb at qazanmışdı, - Məmmədqulu Cavanşirin qulağına sarı əyilib qışqırdı. - Fətəli isə dörd ay bundan qabaq Sibirdən, türmədən qayıdıb. Qollarının muskullarına baxırsan?
- Mən də istəyirəm Fətəli Mirişi üstələsin, - Cavanşir gözünü keçmiş dustağın əzələləri oynayan mütənasib bədənindən çəkməyərək mızıldandı. - Onun gözlərində elə bil məşəllər yanır. Düz demirəm?

Ətrafda doğrudan da məşəllər yandırılmışdı. Qulaqbatıran səs-küy qəflətən kəsildi. Əlində nar çubuğu tutmuş sərpayı hamını sakitliyə çağırdı, hər iki pəhləvanın biləyindən yapışıb qollarını yuxarı qaldırdı. Yaranmış sükut içindən eşidilən qəfil nəriltidən Cavanşir səksəndi. Miriş bir addım geri çəkilib, yenidən qıy vurandan sonra Fətəlinin üstünə cumdu və əlini odunçunun çiyninə qoyurmuş kimi göstərsə də, əslində həmin yerə sarsıdıcı zərbə endirdi. Ətrafa toplaşmış camaatın ağzından "ah" nidaları, Cavanşirin dilindən isə bütün nifrətini cəmləşdirdiyi yağlı söyüş qopdu.
Fətəlinin üz-gözünü qarışdırması və ağrıdan çəkdiyi nərədən anlamaq olardı ki, rəqibin bu hərəkətindən narazı qalıb.

Bahadırların hər ikisi fınxırır, tövşüyür, imkan tapan kimi sinələrini boşaltmaq üçün qollarını yana açıb bağırırdılar. Mübarizə dəhşətli bir mənzərəyə çevrilmişdi. Güləşənlərin hər ikisinin bədəni ot qarışığı ilə yoğrulmuş palçığa bulaşmışdı. Yenidən ayağa qalxanda qəssab odunçunun üstünə şığıdı və başı ilə Fətəlinin döş qəfəsinə zərbə endirməklə yanaşı, ayağının birini qamarladı. Keçmiş məhbus sudan çıxarılan balıq kimi ağzını geniş açaraq, bir neçə dəfə ləhlədikdən sonra üzüqoylu palçığın içinə sərildi və iməkləyə-iməkləyə dairənin kənarına doğru süründü. Zurnanın səsi də, hay-haray da xırpıltı ilə kəsildi. Fətəli yenidən ayağa qalxdı, dairənin içinə, rəqibə tərəf bir neçə addım ataraq çömbəlib oturdu. Bu, məğlubiyyəti etiraf etməyə işarə idi.

Ətrafa toplaşanlar səssizcə odunçu Fətəlini dövrəyə aldılar; hay-haraya nazik bir səs, zırıltı da qoşuldu - Cavanşir ağlayırdı.

…Xızının Fındığan kəndində olduğu kimi heç bir yerdə dustağa hörmət, qayğı, diqqət qoyula bilməz. Burada elə bir nəsil yoxdur ki, kimi isə məhbəsdə oturmasın. Kiminsə dustağı azadlığa çıxanda bütün kənd əhli birinci gecəni "azadlıqın mübarək"in məclisində keçirir. Hətta kiçik, həyatı hələ başa düşməyən, dustağın nə demək oluğunu anlamayan oğlanlar da həmin bayram axşamı odunçu Fətəlinin, keçmiş zekin tərəfində idi, onun qələbəsini arzulayırdı.

Cavanşir ilk dəfə ədalətsiz mübarizənin, qanunsuz qaydanın, varlının kasıb üzərindəki hökmranlığının, fırıldaqla qazanılan qalibiyyətinin şahidi oldu. O hələ uşaqlıq çağlarında düzgünlüyün, haqq-ədalətin nə demək olduğunu anlamışdı.

Bu arada ağsaqqallardan biri yaxınlaşıb palçığın içində bardaş quraraq oturan odunçu Fətəlinin qolundan yapışdı. Digər qocalar, ahıllar da bu dəstəyə yaxınlaşdılar və odunçunu qaldıraraq, bir qədər kənarda çatılmış tonqalın yanına apardılar. Qəssab Miriş də burada idi. O başını aşağı dikərək itaətkarcasına dayanmışdı. Cavanşir nə qədər çalışdısa da irəli, mübahisə edən ağsaqqalların yanına gedə bilmədi. Ancaq kiminsə: "Allahın qəzəbindən qorxun! Hər şeyin kökündə düzgünlük, ədalətdür!", "İnsanın gücü düzgünlükdədür!" kimi sözləri eşidirdi.

Yenidən qara zurnanın "Cəngi" sədaları eşidiləndə dəstədən bir atlı aralandı. Çıpaq atın belində bütün bədəni palçıq içində olan odunçu Fətəli oturmuşdu. Qəssab Miriş yüyəndən çəkə-çəkə atı keçmiş zekin tövləsinə aparırdı.
Ağsaqqalların məşvərətindən sonra əsas mükafat Fətəliyə verilmişdi.


Qurban bayramına bir həftə qalmış Dağlı məhəlləsi, Yasamal hay-harayla, uşaq çığırtıları, qoyun-quzu mələşməsi, öküz böyürtüsü ilə dolardı. Dağlı məhəlləsindən Qədir, “Qaspodin Nadir”, “Brilyant Ağakərim”, Məşədi Səfəroğlu Cavanşir, Ağayar yığışardı "Qanlıgöl"ün yanındakı sallaqxanaya. Hərə bir qoyun kəsdirər, içalatını, ürək-ciyərini, kəllə-dədiyini dövrə vurub dayanmış uşaqlara paylayardılar. Üç gün-üç gecə Qanlıgölün sahilində qalanan kiçik tonqallardan ətrafa kabab iyi qarışmış tüstü qalxardı.

Qurban bayramına bir həftə qalmış Dağlı məhəlləsinə səs yayıldı ki, Məşədi Səfər oğlu Cavanşir srokunu günə-gün oturaraq, Sibirdən qayıdır. Onu Dərbənddə dağıstanlılar qatardan düşürüb hansısa aula qonaq aparmışdılar. Qohum-əqrəba, dostlar isə Cavanşiri Xudatda gözləyirdilər.

Əmirşah da Səfəroğlunu qarşılamağa yollananların içində idi. Zonda dörd ay “xlebniki” olduğu Məşədi Səfər oğlu Cavanşirin xətrini hamıdan çox istəyirdi Əmirşah. Və bir dəfə yaxşıca yeyib-içdikdən sonra Əmirşah demişdi ki, evdən xoş müjdə, külfətinin bir baş artacağı xəbərini gözləyir: “Əgər Tanrım mənə oğul bəxş edərsə, adını Cavanşir qoyacağam”.

Cavanşirin Bakıya gəldiyi gün verilən ziyafətdə şəhərin adlı-sanlı adamları iştirak edirdi. Məclis başa çatıdan sonra Dağlı Baləli qumarda məşhur qarmonçalandan yağın içində olan “QAZ-24” udaraq, açarlarını Məşədioğu Cavanşirə hədiyə eləmidi.

Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti