Sahibə Qafarova Çin səfiri ilə görüşüb
O diqqətə çatdırıb ki, Azərbaycan və Çinin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün möhkəm zəmin yaradıb. O cümlədən dövlət başçıları arasında ən yüksək səviyyədə təmaslar iki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə 5 dəfə səfər etdiyi xatırladılıb.
Görüşdə Heydər Əliyev Fondunun iki ölkə arasında mədəni və humanitar əlaqələrdə mühüm rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Çinin Xarici Ölkələrlə Dostluq Xalq Cəmiyyəti ilə birgə müxtəlif layihələr uğurla həyata keçirilir.
Söhbət zamanı bildirilib ki, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq "vahid Çin" siyasətini, Çinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Çin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman dəstək verib. O cümlədən ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir.
Azərbaycan-Çin parlamentlərarası əməkdaşlığının da müzakirə olunduğu görüşdə, eyni zamanda, vurğulanıb ki, bu istiqamətdə əlaqələr ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir. Qeyd edilib ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələri daha da genişləndirmək imkanları var.
Səfir Qo Min Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirib. Deyib ki, Azərbaycanla Çin arasında münasibətlər dinamik və sabit inkişaf edir. Diplomat əlaqələrin inkişafında dövlət başçıları arasında münasibətlərin vacib rolunu vurğulayıb.
Diplomat COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.
Səfir parlamentlərarası əlaqələrin ölkələr arasında münasibətlərin inkişafında mühüm rolunu qeyd edərək, Çin üçün əsas məsələlərdə göstərilən dəstəyə görə Azərbaycan parlamentinə təşəkkürünü bildirib.
Görüşdə diqqətə çatdırılıb ki, qədim İpək yolu xalqları birləşdirir. Bu gün də ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Çin Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilib, Azərbaycanın nəqliyyat imkanları xeyli artıb və iri iqtisadi layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradılıb.
Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən nəhəng bərpa və yenidənqurma işləri, o cümlədən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" layihələri barədə də məlumat verilib.
Səfir Qo Min həmin ərazilərdə olduğunu və görülən işləri öz gözləri ilə gördüyünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Milli-Məclis Çin səfir görüş