Xınayaxdı niyə “Henna Party”yə çevrilir? │ Elmi müzakirə

Xınayaxdı niyə “Henna Party”yə çevrilir?    │ Elmi müzakirə
  09 İyun 2026    Oxunub:125
AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsində hibrid formatda elmi seminar keçirilib. Seminarda şöbənin kiçik elmi işçisi Cəmilə Novruzova “İnternet folkloru kontekstində xınayaxdı mərasimi: ənənəvi və virtual mühitdə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir informasiya texnologiyalarının və internet mühitinin folklorun yaşama və yayılma formalarına təsiri məsələləri araşdırılıb, internet folklorunun ənənəvi folklorun yeni şəraitdə davamı kimi formalaşdığı qeyd olunub.
Məruzədə, həmçinin internet və qlobal mədəniyyətin təsiri altında xınayaxdı mərasiminin keçirdiyi transformasiya prosesləri araşdırılıb. Vurğulanıb ki, son illərdə sosial şəbəkələrin təsiri ilə “Henna Party” adı altında yayılan yeni təqdimat formaları ənənəvi mərasimin bir sıra elementlərini qorumaqla yanaşı, ona yeni estetik və vizual xüsusiyyətlər qazandırıb. Bu proses nəticəsində mərasim ailədaxili və lokal çərçivədən çıxaraq rəqəmsal mühitdə geniş auditoriyaya təqdim olunan mədəni hadisəyə çevrilib.

Məruzədə ənənəvi xınayaxdı ilə müasir “Henna Party” mərasimi müqayisə olunub, onların iştirakçı tərkibi, ritual elementləri, folklor mətnləri, musiqi və təqdimat formalarındakı dəyişikliklər təhlil edilib. Eyni zamanda, mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunaraq müasir xınayaxdı mərasimlərinə cəmiyyətin münasibəti və sosial media təsirləri barədə məlumat verilib.

Qeyd olunub ki, ənənəvi xınayaxdı ilə müasir “Henna Party” arasındakı əlaqə folklorun davamlılıq və dəyişmə prinsiplərinin qarşılıqlı vəhdətdə təzahürünün nümunəsi kimi dəyərləndirilə bilər.

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Sərxan Xavəri mədəniyyətin diaxron inkişaf modelinə diqqət çəkərək müxtəlif tarixi dövrlərə, inanclara və sosial təcrübələrə aid elementlərin zamanla bir-birinə əlavə olunaraq vahid mədəni sistem formalaşdırdığını bildirib. O, xınayaxdı mərasimi kimi ritual nümunələrinin mədəni sistemin nüvə elementləri kimi çıxış etdiyini, onların rəqəmsal mühitə daşınmasının isə yeni mədəni tendensiyaların və transformasiya proseslərinin meydana çıxmasına şərait yaratdığını vurğulayıb.

Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi professor Almaz Həsənqızı xınayaxdı mərasimlərinin folklor və etnoqrafik xüsusiyyətlərinə toxunaraq bu sahədə apardığı uzunmüddətli müşahidə və tədqiqatların nəticələrini seminar iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, ənənəvi xınayaxdı mərasimləri yalnız haxışta və nəğmələrdən ibarət olmayıb, eyni zamanda, qadınlar tərəfindən icra olunan müxtəlif oyun-tamaşa formalarını, qarşılıqlı deyişmələri və dramatik səhnələri də özündə ehtiva edib.

Professor xüsusilə qadınların müxtəlif sosial rollara girərək nümayiş etdirdikləri tamaşaların mərasimin mühüm komponentlərindən biri olduğunu vurğulayıb və bu materialların folklorun performativ xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.


Teqlər: Folklor  



Xəbər lenti