Qızıl, neft, dollar: İlin ikinci yarısında nə gözlənilir? │ Proqnoz

      Qızıl, neft, dollar:    İlin ikinci yarısında nə gözlənilir?    │ Proqnoz
  09 İyun 2026    Oxunub:303
Son aylarda Yaxın Şərqdə artan gərginlik, neftin və qızılın qiymətlərində dalğalanmalar bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. İnvestorlar ABŞ Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı növbəti qərarlarını diqqətlə izləyirlər. Belə bir şəraitdə neftin, enerji bazarlarının və əsas valyutaların ilin sonunadək necə dəyişəcəyi ilə proqnozların əhəmiyyəti artır.
İqtisadçı-ekspert Xalid Kərimliyə görə, ilin ikinci yarısında da dünya birjalarını qeyri-müəyyənlik və volatillik gözləyir. Bu prosesə təsir edən əsas amillərdən biri ABŞ Mərkəzi Bankının həyata keçirəcəyi faiz dərəcəsi siyasəti və verəcəyi mesajlar olacaq. Digər mühüm amil isə Yaxın Şərqdə, xüsusilə İran–ABŞ–İsrail xəttində hadisələrin hansı istiqamətdə inkişaf etməsi və gərginliyin hansı formada dəyişməsidir. Qlobal iqtisadi artımın zəifləməsi və inflyasiya təzyiqləri də birjalara təsir göstərən əsas faktorların sırasında qalacaq.

X.Kərimlinin fikrincə, qızılın qiyməti əsasən geosiyasi gərginliklərdən asılı olacaq. ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasəti də qızılın qiymətinə təsir göstərən vacib faktorlardan biridir. Qlobal inflyasiyanın artması və kəskin faiz siyasəti qızılın bahalaşmasını məhdudlaşdırır.

Enerji bazarlarına gəlincə, ekspert burada da volatillik və qiymət tərəddüdlərinin davam edəcəyini vurğulayıb. Neft bazarında əsas diqqət Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında baş verən proseslərə yönələcək. Qlobal iqtisadi artımın zəifləməsi və Körfəz regionundan kənar ölkələrin hasilatı artırması neftin kəskin bahalaşmasının qarşısını ala bilər. Yaxın Şərqdə gərginlik azalarsa və Hörmüz boğazı açılarsa neft qiymətlərində kəskin ucuzlaşma müşahidə edə bilərik.

Ekspertin sözlərinə görə, ilin ikinci yarısında dollar qlobal valyuta bazarında dominant mövqeyini qoruyacaq. Dolların digər aparıcı valyutalara nisbətdə məzənnə dinamikası isə əsasən ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasətindən birbaşa asılı olacaq.


Teqlər: Proqnoz   Maliyyə  



Xəbər lenti