Ağdaş bazarında `bazar açılıb` - FOTOLAR

Ağdaş bazarında `bazar açılıb` - FOTOLAR
  08 Sentyabr 2014    Oxunub:8013
“Süpürgələri burada satmağa dükan sahibi icazə vermir, belə getsə, bütün hökuməti bura tökəcəyəm”. Ağdaş rayonunda fəaliyyət göstərən kolxoz bazarının qapısında dayanan qadın belə deyir. Sovet dövründən qalan “kolxoz” tipli bazarlarda bu cür yer davalarının olması heç kimə sirr deyil. Bu bazarların fəaliyyətinin müasir tələblərə cavab vermədiyi də hər kəsə məlumdur. Ağdaşda da satıcılar antisanitar şəraitdə, sıxlıqda, açıq havada yayın istisində, qışın soyuğunda çətinliklə fəaliyyət göstərirlər. Qışda palçıq əlindən bazara girmək olmur.

Xüsusilə bayram günlərində, alış-verişin çox olduğu zamanlarda bazarda adam əlindən tərpənmək olmur. Belə bazarlarda alıcılıq qabiliyyətinin yüksək olmasına baxmayaraq, məhsullar mütəmadi olaraq laboratoriyada yoxlanılmır. Bu baxımdan bazarda satılan qidaların keyfiyyətinin standartlara cavab verib-verməməsi məsələsi sual doğurur.

Sovet dövründən qalma bu tip bazarların fəaliyyət göstərməsi məqsədə uyğun deyil. Kolxoz bazarları rayonun xarici görünüşünə də mənfi təsir göstərir. Ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul etdiyi Dövlət Proqramlarının nəticəsi olaraq bütün regionlar, rayon mərkəzləri abadlaşdırılıb və müasirləşdirilib.

Prezident İlham Əliyev Ağdaşda da bir çox müasir obyektlərin, inzibati binaların, yolların açılışında şəxsən iştirak edib.

Lakin bu müasirlik və inkişafın içərisində bu gün Ağdaşın mərkəzində bəzi şəxslər tərəfindən kolxoz bazarına bitişik 2 şəxsi həyətin ərazisindəki evləri də sökərək bir vaxtlar Ağdaş camaatına mədəni xidmət göstərən və Mədəniyyət Nazirliyinin balansında olan Yay Kinotetrının ərazisini də həmin şəxsi həyətlərə birləşdirərək qeyri-qanuni bazar kimi işlətmək- həm də qanunsuz sahibkarlıqla məşğul olmaq ölkə qanunlarına ziddir. Amma nə üçünsə rayonun müvafiq qurumları buna göz yummaqda davam edirlər.



Xatırladım ki, rayonda fəaliyyət göstərən bazarda vəziyyəti müşahidə etməkdə əsas məqsəd bir neçə gün əvvəl redaksiyaya daxil olan şikayət məktubu ilə bağlıdır. Həmin kolxoz bazarın sahibi Aydın Fərzəliyev bizə müraciətində rayonda üzləşdiyi haqsızlıqlardan narazı olduğunu bildirmişdi və bunu əyani şəkildə görmək üçün bizdən rayona gəlməyi xahiş etmişdi.

Kolxoz bazarın sahibi A. Fərzəliyev də qeyd edir ki, “mənim rəhbərlik etdiyim köhnə kolxoz bazarına bitişik 2 şəxsi həyət və ona bitişik Yay Kinotetrındakı ərazidəki bu çirkab içərisində olan kolxoz bazarı qanunsuz fəaliyyət göstərir və yığılan pullar ayrı-ayrı şəxslərin ciblərinə gedir.

Eyni zamanda rayon mərkəzinin içində müasir tələblərə cavab verən yeni bazar da istifadəyə verilib. Rayon İcra hakimiyyətinin başçısı Tofiq İbrahimov da kolxoz bazarında səliqə-sahmanın yaradılmasının vacibliyini qeyd etsə də, hələlik rayonun heç bir vəzifəli şəxsi bu istiqamətdə iş aparmaq istəmir və hamı buna göz yumur. Niyə? Hansı maraqlara görə?

Mənim üçün də satıcıların burada və ya da yeni bazarda fəaliyyət göstərməsinin əhəmiyyəti yoxdur. Məni hələlik narahat edən məsələlərdən biri də qanunla mənə məxsus olan ərazinin qanunsuz bazardan ayıran hasarın sökülməsidir. İki obyektin sərhədini müəyyən edən hasarın çəkilməsini şəhər icra nümayəndəsi Azər Paşayev haqsız şəkildə qeyri-qanuni hesab edir. O, mənim çəkdiyim hasarı əlində bildiriş, məhkəmə sənədi olmadan polislərlə birgə zoraki yolla sökdürüb. Bu haqsızlıqdan sonra İcra başçısı ilə görüşmək istədim. Başçının birinci müavini mənə dedi ki, Tofiq müəllimin bu işdən xəbəri yoxdur.



Bazarda səliqə-səhman yaratmaq üçün də obyektimi hasarlamalıyam. Belə olan təqdirdə həmin piştaxtalar götürüləcək, əhalinin rahat şəkildə bazarlıq etməsi üçün yer genişlənəcək. Satıcılar gündən, yağışdan qorunacaq”.

A. Fərzəliyev hasarın çəkilməsinə maneə olmaq istəyənlərin məqsədinin məlum olduğunu vurğulayıb: “Camaatda sual yaranacaq ki, bu, bazardırsa, hasarın arxasında olan nədir? Belə olan halda o bazarda camaat ticarətlə məşğul olmayacaq. Bu da qanunsuz bazarın sahiblərinə sərf etmir. Hasar çəkirəm deyən kimi o saat həmin qanunsuz bazarın sahibi bəzi öyrədilmiş adamları üstümə tökür. Mənə hasar çəkməyə imkan versinlər ki, sabah lazım gəldikdə obyektimi başqasına sata bilim”.

A. Fərzəliyev deyir ki, obyekt sahibləri həyətyanı sahədə evi sökərək bazar açıblar. Eyni zamanda rayon Mədəniyyət Evinin yay kinoteatrının ərazisini də zəbt ediblər. Halbuki qanuni şəkildə bazar fəaliyyəti göstərmək üçün ilkin şərtlərdən biri də ərazinin qeyri-yaşayış sahəsi olmasıdır. Vergi işçiləri gələndə iki obyektin vergisini də mənim adıma hesablayırlar. Bir il ərzində bu bazar üçün 30000 mindən artıq vergi ödəyirəm. Həmin şəxsləri başa sala bilmirəm ki, digər obyekt mənə məxsus deyil. Əslində onlar da haqsız deyil. Çünki işçi görür ki, bu iki obyektin arası açıqdır, ikisi də bazardır. 42 sot ərazi qanuni şəkildə “Parabank” a məxsusdur. Çünki bu bazar əvvəllər “Parabank” a girov qoyulub. Sonradan bank bazarın səhmlərinin 90 faizini alıb. 25-30 sot torpaq da digər obyektin ərazisinə düşür. Artıq mən məhkəməyə müraciət edəcəyəm. Məhkəmə zamanı icra nümayəndəsi Azər Paşayev mənə cavab verməli olacaq. Hasarımı sökdürən gün də qanunsuz şəkildə bu işi gördüklərini xatırlatdım. Amma o, bütün bunlara məhəl qoymadı. Üstəlik ona haqlı olaraq verdiyim bütün sualların qarşısında susdu. Sadəcə o, qanunsuz fəaliyyət göstərən həmin bazarın sahibləri ilə əlbirdir” .



Bu gün əksər rayonlarda bazarlar müasir standartlara uyğun şəkildə fəaliyyət göstərir. Ağdaş rayonunda da ötən ayın əvvəllərində yeni bazar kompleksi istifadəyə verilib. Həmin bazar tam olaraq müasir tələblərə cavab verir.

Belə olan halda satıcıların müasir tipli bazara köçməsinə nə mane olur?

Təzə açılmış “Yeni tipli bazar” kompleksində Həqiqətən satıcılar üçün hər cür şərait yaradılıb. Kompleksin icraçı direktoru Çingiz Hacıyev bildirdi ki, yeni bazarda fəaliyyət göstərmək üçün hər cür şərait yaradılmış, müasir laboratoriya ilə təchiz edilib. Lakin bəzi qüvvələr köhnə və qanunsuz bazarın qalmasına şərait yaradırlar. Yeni bazarda bütün komfortun olmasına baxmayaraq, bəzi şəxslər qanunsuz və antisanitariya şəraitində fəaliyyət göstərən bazarın işləməsinə üstünlük verir, satıcıların bura köçməsinə mane olurlar.

Bizim Ağdaşda gördüklərimizdən haqlı olaraq bəzi suallar yaranır. Görəsən hər gün qanunsuz fəaliyyət göstərməklə küllü miqdarda vəsait əldə edərək həmin pulları dövlətdən gizləyən, vergidən yayınan və qanunları pozan bu işbazlar insanları antisanitariya vəziyyətində alış-veriş etməyə məcbur edərkən onlar cinayət törətdiklərini bilirlərmi?

Bu işbazlar vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma kimi cinayət məsuliyyəti yaradan əməllərin təsiri altına düşürlərsə vergi, polis və prokurorluq orqanları nəyə görə susurlar?

Ərazisi zəbt edilmiş Mədəniyyət Nazirliyi hara baxır? Bu gün xəstəlik mənbəyi olan və antisanitariya vəziyyətində fəaliyyət göstərən, şəhərin ümumi gözəlliyinə xələl gətirən həmin qanunsuz bazarın işləməsinə nə vaxta qədər rayon rəhbərliyi göz yumacaq?
Mövzunu diqqətdə saxlayacağıq.


Teqlər:





Xəbər lenti