Mərkəzi Bank dilemma qarşısında – TƏHLİL

Mərkəzi Bank dilemma qarşısında – TƏHLİL
  10 Fevral 2015    Oxunub:3756
Neftin qiymətinin düşməsi ilə əlaqədar ölkə iqtisadiyyatını idarəetmə orqanları sırasında cari il üçün ən çətin vəzifə məhz Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında dayanır. Belə ki, bir tərəfdən makroiqtisadi sabitliyi qoruyub saxlamaq qayğısı artıb, diğər tərəfdən qeyri-neft sektorunu inkişaf etdirmək üçün müəyyən riskə getmək zərurəti yaranıb. Odur ki, AMB dilemma qarşısındadır.

Bunu Mərkəzi Bankın açıqladığı sonuncu press-relizdən də sezmək mümkündür. Açıqlamada deyilir ki, AMB-in 2015-ci ildə əsas vəzifəsi makroiqtisadi sabitliyi qoruyub saxlamağa aktiv dəstək verməkdən ibarətdir. Makroiqtisadi sabitliyin qorunmasının bütövlükdə iqtisadi inkişafın davam etdirilməsi və əhalinin sosial müdafiəsinin təmini baxımından əsas amil olduğu qeyd olunur. Ancaq eyni zamanda, bununla bağlı adı çəkilən qurum tərəfindən iqtisadi inkişafa dəstək vermək məqsədilə pul siyasətinin imkanlarından, monetar yumşaldılmadan istifadə olunacağı da bildirilir.

Məsələ isə bundadır ki, hər iki vəzifənin icrası mürəkkəb proseduralardan ibarətdir. Və bunların hər birində elə detallar vardır ki, biri-birinə ziddiyyət təşkil edir. Məsələn, monetar yumşaldılma dövriyyəyə mümkün qədər artıq nəğd pul buraxılmasını ehtiva edirsə, makroiqtisadi sabitliyi qorumaq manatın məzənnəsini möhkəm saxlamağı tələb edir. Odur ki, hər iki istiqamət paralel addımlar atmaq ilk baxışda qeyri-mümkün görünür.

Milli valyutamız manatın məzənnəsi neçə ildir sabit xarakter daşıyır. Və bu vəziyyət, başqa sözlə desək, manatın alıcılıq qabiliyyətinin möhkəm saxlanılması xarici maliyyə qurumları ilə bir sıra yerli ekspertlər tərəfindən açıq tənqid olunur. Belə ki, sözügedən tendensiyanın sahibkarlıq fəaliyyəti ilə qeyri-neft sektorda inkişafı, ümumiyyətlə isə ixracı məhdudlaşdırmaqla iqtisadiyyatda birtərəfli inkişafa zəmin yaratdığı söylənilir.

Beynəlxalq maliyyə qurumları da hökuməti buna görə dəfələrlə tənqid edib. Halbuki, Azərbaycanda uzun illərdir mövcud makroiqtisadi sabitliyin və dayanıqlığın əsasını məhz manatın məzənnəsinin möhkəm qalması təşkil edir. Başqa sözlə desək, ölkəmizdə mövcud makroiqtisadi sabitlik göstəricilərindən birinin milli valyutamızın alıcılıq qabiliyyətinin sabit qalması və mərhələlərlə artması təşkil edir. AMB bu sahədə əvəzsiz rol oynamış və oynamaqda da davam edir. Belə ki, ölkəyə daxil olan dollar kütləsinə əsasən dövriyyəyə əgər, tələb olunan həcmdə manat buraxılsaydı və müvafiq emissiya nümayiş etdirilsə idi, milli valyutamız daxili bazarda ABŞ pul vahidinə görə heç bir üstünlüyə sahib ola bilməzdi.

Çünki elə vaxt olub ki, müəyyən idxal məhsullarının qiymətləri yüksək olsa da, daxili bazarda çox “rəvan” şəkildə realizə olunub. Beynəlxalq Valyuta Fondu da hökuməti buna görə bir neçə dəfə üzən məzənnə siyasətinə keçməyə çağırıb. AMB isə qeyd olunan tendensiyanın xarici istehsalçılara xeyir verdiyinə və idxalı stimullaşdırdığına baxmayaraq, buna əməl etməyib. Ona görə ki, manatın məzənnəsinin sərbəst buraxmaq ilk növbədə xarici təsirlərin ölkə iqtisadiyyatına təsirini sürətləndirə bilərdi.

Ancaq indi bu iş çətinləşib. Üstəlik, qeyd olunduğu kimi monetar yumşaldılmaya getmək zərurəti yaranıb. Belə ki, iqtisadiyyatın qeyri-neft sektoruna dəstək lazımdır. Eyni zamanda, əhalinin sosial müdafiəsi siyasətinə də zərər dəyməməlidir. Bunlara da eyni vaxtda nail olmaq və balansı qorumaq çox çətin bir işdir. Odur ki, sual yaranır: bəs, nə etməli? AMB qarşısında duran dilemmanı həll edə biləcəkmi?

Fikrimizcə, hökumət orqanları bu sahədə sıx əlaqəli fəaliyyət göstərməlidirlər. Başqa sözlə desək, hər şeyi AMB-in üzərinə atmaq düzgün deyil. Belə ki, məsələn, manata təzyiqlər artdığı üçün mövcud məzənnədə yumşaldılmaya getmək mümkündür. Və bu, Mərkəzi Bankın valyuta ehtiyatlarını qoruyub saxlamaq baxımından da zəruri sayılır.

Lakin, manatın dollara və yaxud avroya görə məzənnədən cüzi də olsa düşməyi əhalinin real pul gəlirlərinin səviyyəsinə və maaş ilə pensiyaların alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxararsa o zaman sosial istiqamətdə təbii ki, əlavə tədbirlər görmək, müvafiq addımlar atmaq zərurəti yaranacaq. Bu isə AMB-ə aid məsələ deyil. Deməli, dövlət büdcəsindən əlavə artımlara getmək lazım gələcək.

Yox əgər, manatın dəyəri olduğu kimi saxlanılarsa, daxili bazara xarici məhsulları idxal təzyiqi getdikcə daha da güclənəcək. Bu isə elə təsir vasitəsidir ki, məsələn, bu günlərdə elektron ticarətdə olduğu kimi qarşısını inzibati yolla almaq çətindir və yaxud da daha dəqiq desək, mümkün deyil. Çünki yerli istehsal istər-istəməz səmərəsiz xarakter daşıyacaq.

Dövlət başçımız “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan bu yaxında keçirilən konfransda manatın avroya münasibətindən danışarkən də bunu dedi. Prezident qeyd etdi ki, sosial məsələlərin həlli üçün bu, vacibdir. “Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil”- deyə, ölkə rəhbəri bildirdi.

Ancaq iş ondadır ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əsaslı inkişafından söhbət gedirsə bunun üçün uzunmüddətli siyasət tələb olunur. Və bu nöqteyi-nəzərdən monetar yumşaldılma təkcə, devalvasiyadan ibarət başa düşülməməlidir. Başqa sözlə desə, iqtisadiyyatın kreditləşdirilməsi artmalıdır. Yəni, real sektoru maliyyələşdirmə imkanları genişlənməlidir.

Bu mənada isə bizcə, cari ilin dövlət büdcəsi haqqında qanunun tədbiqinə dair Fərmanda AMB-ə kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə adı çəkilən qurumun uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görmək və görülən işlər barədə də hər 6 aydan bir dövlət başçısına məlumat verilməsi tapşırığı önə çəkilməli və bunun icrası başlıca məqsəd daşımalıdır.

Fikrimizcə, hər şey bu məsələnin həllindən asılıdır. Düzdür, neftin qiymətinin ucuzlaşması iqtisadiyyatda istehsal, o cümlədən hasiledici sahələri maliyyələşdirilmə imkanlarını məhdudlaşdırır. Ancaq məsələ ondadır ki, bizdə, bank sektorunun bundan “əziyyət” çəkdiyi hələ hiss olunmur. Digər tərəfdən, neftin qiyməti düşməmişdən öncə də kommersiya banklarımız real sektoru istənilən səviyyədə maliyyələşdirmirdilər.

Yeri gəlmişkən, dövlət başçımız bu məsələni ilk dəfə qaldıranda neft hələ ucuzlaşmamışdı. Odur ki, “qara qızılın” dəyərinin enməkdə olması və ölkəmizin dövlət gəlirlərinin azalması bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsində bəhanə ola bilməz.

Sadəcə, bu istiqamətdə iş görmək lazımdır. Başqa sözlə desək, bankların real sektoru maliyyələşdirməsini genişləndirmək üçün bütün zəruri tədbirlər ciddi şəkildə həyata keçirilməlidir. Bu arada xatırladaq ki, AMB-in valyuta ehtiyatları yanvar ayında da 1 milyarddan çox azalaraq 12 milyard 680,8 milyon dollar səviyyəsinə düşmüşdür. Dekabr ayında isə 8 faiz azalmışdı. Odur ki, neftin ucuzlaşması təsirlərinə sinə gəlmək üçün təkcə AMB-i qabağa vermək düzgün deyil...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti