TAP-a kim mane olur? – TƏHLİL

TAP-a kim mane olur? – TƏHLİL
  09 İyun 2015    Oxunub:3386
Prezident İlham Əliyevin Trans-Adriatik Boru Kəmərinin (Trans-Adriatik Pipeline, TAP) layihəsinin reallaşmasında hər hansı bir problem yaranarsa, o zaman Azərbaycanın öz qazını daha çox Türkiyəyə satacağını bəyan etməsi Avropaya, eyni zamanda da Rusiyaya da “sərt şillə” oldu.

Bundan bir az əvvəl – mayın 21-də isə İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi TAP-ın inşasının başlanmasına dair icazəyə dair Sərəncam imzalamışdı ki, bu da Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın reallaşması üçün sonuncu addım sayıldı. Sərəncam boru xəttinin inşasına və istismarına icazə veməklə, layihəni və torpaq sahələrinin zəbt edilmə məsələsini və müvafiq infrastrukturun təcili yaradılması məsələlərini təsdiqləyirdi.

Boru xəttinin tikintisi 2016-cı il mayın 16-da başlamaqla 2020-ci il dekabrın 31-də başa çatacaq. Halbuki, bu, bir az tez baş verməli idi. “Şahdəniz” konsorsiumu 2013-cü ildə TAP boru kəməri üzərində seçim edilərkən Azərbaycan qazının Avropaya çatdırılması üçün son tarix kimi 2019-cu ildə göstərmişdi. Amma sonradan, daha dəqiq desək, keçən ilin sentyabrında TAP konsorsiumun rəhbəri Azərbaycan qazını qəbul etməyə 2020-ci ilin əvvəlində hazır olacaqlarını bildirdi. Son məlumat isə budur ki, TAP kəmərinin tikinti işlərinə 2016-cı il mayın 16-da başlanacaq və 2020-ci il dekabrın 31-də işlər yekunlaşacaq.

Deməli, qaz da ən yaxşı halda 2021-ci ildən qəbul edilməyə başlanacaq. Səbən nədir? TAP-ın reallaşması hər dəfə bir neçə il niyə belə uzağa çəkilir?

Bu, şübhəsiz ki, kəmərin tikintisi ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin nümayiş etdirdikləri mövqedən qaynaqlanır. Əslində, bu mövqe heç bir iqtisadi əsasa söykənmədiyindən, oyundan başqa bir şey deyil. Bu cür münasibət əvvəl Trans-Anadolu qaz kəmərinə (Trans-Anadolu Pipeline, TANAP) qarşı da nümayiş etdirilirdi.

TANAP “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla sərhədlərinə qədər tranziti həyata keçirəcək. Bu layihə “Şahdəniz” qazını Avropa bazarına çıxaracaq müvafiq boru kəmərlərinin “gövdəsi” sayılır. Ümumiyyətlə, TANAP layihəsi Cənub qaz dəhlizinin ən önəmli hissəsidir. Cənub qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi qafqaz qaz kəməri, TANAP və TAP... Belə ki, Azərbaycan qazını Avropaya ötürəcək ümumi boru kəmərlərini ağaca bənzətsək, Cənub qaz dəhlizi onun kökünü, TANAP gövdəsini, TAP isə əsas budağını təşkil edir.

Xatırladaq ki, Cənub qaz dəhlizinin təməli keçən il - 2014-cü ilin sentyabrın 20-də qoyuldu. Hazırda bu sahədə qızğın iş gedir. Bu ilin martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması ilə tikintisinə başlandı. Beləliklə də Cənub qaz dəhlizinin təməlinin atılması TANAP üçün bir növ qapını açdı. Sonuncunun gerçəkləşməsi isə əslində, TAP-ı qaçılmaz edir.

Yəni, burada nə cür oyun oynanılsa da, əslində heç bir nəticəsi olmayacaq. Başqa sözlə desək, TAP da reallaşacaq. Yeri gəlmişkən, “Şahdəniz-2” yatağından çıxarılacaq qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq Cənub qaz dəhlizi, TANAP və TAP layihələri sırasında ən çox mübahisə doğuranı məhz ortancılı idi. Belə ki, Azərbaycan qazını Avropa bazarında görmək istəməyənlər məhz onu şübhə altına alırdılar. TANAP gah rentabelsiz, gah da bahalı layihə kimi dəyəndirilirdi. Ancaq qeyd etdiyimiz kimi TANAP artıq, tikilməkdədir. Özü də çox sürətlə... Bu sahədə işlər qrafiki qabaqlamaqla gedir.

Odur ki, TANAP-ın tezliklə reallaşacağı fonunda TAP- ın hədəf götürülməsi təbiidir. Azərbaycan qazını Avropa bazarında görmək istəməyənlər yenə eyni mövqe nümayiş etdirməklə, TANAP-a qarşı nümayiş etdirdikləri senarini təkrarlamağa çalışırlar. Baş rolda isə aşkar olmasa da, Rusiya iştirak edir...

Xatırladaq ki, Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov hələ xeyli əvvəl TANAP-la bağlı, TAP-ı da onun “gözünə qatmaqla” sözügedən kəmərlərin Azərbaycandan başlayaraq Gürcüstandan, daha sonra isə Türkiyədən keçməklə Avropayadək çəkilməli olduğunu nəzərə çatdıraraq, Bosfor boğazının dibi ilə boru kəməri inşa etməyin texniki baxımdan çox çətin və bahalı olduğunu söyləmişdi.

Ümumiyyətlə, Rusiya mütəxəssisləri Azərbaycan qazının Avropa üçün kifayət etməyəcəyini dəfələrlə vurğulayıblar. Təsadüfi deyil ki, elə bu günlərdə Rusiyaya məxsus "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller də TAP-la bağlı sevincək deyib ki, adı çəkilən layihənin işə düşəcəyi vaxt 2021-ci ilə qədər uzandığından zəmanət yoxdur ki, bu tarix də dəyişdirilməyəcək.

Ancaq hər cür mənfi və qeyri-nikbin söyləntilərə baxmayaraq, Azərbaycan qazı dünyaya çıxacaq və bunun qarşısını heç bir qüvvə və amil ala bilməyəcək. Çünki indiyədək Bakının təşəbbüsü ilə reallaşmış bütün layihələr sübut edib ki, bunların hamısı əvvəl absurd sayılsa da gerçəkləşdikdən sonra nəyinki region, dünya bazarları üçün də əhəmiyyətli bir vasitəyə çevrilib.

Bu mənada Prezident İlham Əliyev də "The Business Year" jurnalına müsahibəsində təsadüfən vurğulamayıb ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir addım atıldı. “Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40% təşkil edir",– deyə, dövlət başçımız qeyd edib.

Odur ki, hər şey TANAP tikilib istifadəyə verildikdən sonra məlum olacaq. Necə deyərlər, biz qazımızı Avropanın düz qapısına qədər aparacağıq: qapının açıb-açılmayacağı və yaxud nə vaxt açacaqları isə öz işləridir. Azərbaycan qazına Avropanın ehtiyacı var.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti