Avropa Birliyi `Şərq Tərəfdaşlığı`nı öldürdü – TƏHLİL

Avropa Birliyi `Şərq Tərəfdaşlığı`nı öldürdü – TƏHLİL
  18 İyun 2015    Oxunub:2917
Sahil İsgəndərov, politoloq
AzVision.az üçün


Polşalı jurnalist Aleksandra Pıbinska Riqa sammitindən sonra “Şərq Tərəfdaşlığı” Proqramının siyasi cəsədə çevrildiyini yazıb. Onun sözlərinə görə, Kremlin amansız siyasətilə toqquşmada həlak olan bu layihəni yenidən canlandırmaq mümkün olmayacaq.

Doğrudan da, “Şərq Tərəfdaşlığı”nın reanimasiyası ehtimalı sıfıra bərabərdir. Amma, onun belə vəziyyətə düşməsi Kremlin amansız siyasətindən çox, Brüsselin səbatsızlığı, daha doğrusu isə Avropa İttifaqının aparıcı dövlətlərinin ikibaşlı oyunları və riyakar siyasətinin məntiqi nəticəsidir.

Başqa sözlə desək, sözügedən layihəylə bağlı Avropa İttifaqının ikitirəli davranışı o qədər primitiv səviyyədə idi ki, Moskvanın sadəcə bir-iki o qədər də cəlbedici görünməyən təklif ortaya atması kifayət etdi ki, “Şərq Tərəfdaşlığı” həyat nişanələrini itirsin. Avropa İttifaqı isə obrazlı desək, nə səriştəli həkim, nə də ki, təcrübəli renimator ola bilmədi.

Hadisələrin təhlili heç əzəldən Avropa İttifaqının bu ampluada çıxış etməyə elə də həvəsli olmadığını düşünməyə əsas verir. İtisna deyil ki, bunun əsas səbəblərindən biri də “Şərq Tərəfdaşlı”ğı ideyasının Avropa İttifaqının aparıcı dövlətləri yox, Polşa tərəfindən irəli sürülməsidir. Belə ki, Avropa Birliyinə yeni daxil olan Cənub-Şərqi Avropa ölkələrindən məhz Polşa nəinki keçmiş sosialist düşərgəsinin bu qurumda təmsilçiləri arasında özünü lider sayır, habelə ümumilikdə Avropa İttifaqının aparıcı dövlətləriylə eyni çəki dərəcəsində rol oynamağa iddialı idi. Bu isə Avropa İttifaqının aparığı dövlətlərinin, xüsusilə də Almaniyanın xeyli qıcıqlandırırdı. Çünki, “Şərq Tərəfdaşlığı” Qərbin postsovet məkanında istənilən fəallığını özünün geosiyasi nüfuzuna ciddi təhlükə sayan Rusiyayla bu dövlətlərin sıx iqtisadi əlaqələrinə xələl gətirə bilərdi ki, son nəticədə belə də oldu.

Amma ABŞ-ın bu layihəyə xüsusi diqqəti və ümumavropa məkanında güclü Rusiya faktorundan təşviş hissi, istənilən halda Avropa İttifaqının aparıcı dövlətlərinin “Şərq Tərəfdaşlığı” Proqramını dəstəkləməsini şərtləndirirdi. Sözsüz ki, özünəməxsus qaydada. Yəni, Brüssel sözügedən layihə çərçivəsində postsovet ölkələriylə münasibətlərdə də selektiv yanaşma ortaya qoydu. Halbuki kiməsə qarşı (hətta təcavüzkar ölkəyə belə) çox təəccüblü hədsiz sevginin izharı, başqalarına isə əsassız olaraq çox güclü təzyiq göstərmək cəhdləri layihənin gec-tez iflasa uğrayacağına şübhə yeri qoymurdu. Moskvanın isə belə boşluqlardan istifadə edəcəyini sağlam məntiq deyirdi. Bu baxımdan, Vilnüs sammiti “Şərq Tərəfdaşlığı” layihəsinin proloqu, Riqa sammiti isə onun epiloqu oldu.

Vilnüs sammitindən sonra Ukraynada yaşanan hadisələr nəticəsində onun ərazi bütövlüyünün pozulmasıyla bağlı Brüsselin Moskvaya qarşı sərt təpkisi və sanksiyalar savaşı, heç olmasa indən belə Avropa İttifaqının ərazi bütövlüyü məsələsində ardıcıl mövqe tutacağına, “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan dövlətlərlə münasibətləri yeni keyfiyyət müstəvisinə keçirəcəyinə və ən azı onların bəzilərinin müəyyən gözləntilərini doğruldacağına azacıq da olsa ümid yaratdı. Amma çifayda. Hər şey gözləndiyinin tam əksi alındı.

Ukrayna və Gürcüstana sammit öncəsi yağlı vədlər verilsə də, Kiyev və Tbilisinin çoxdankı arzuları çin olmadı. Hazırda həmin dövlətlərlə Avropa İtifaqı arasında viza rejiminin ləğvinin mümkünsüzlüyünü bildirən Almaniya kansleri Angela Merkel bunun üçün Ukrayna və Gürcüstanın ciddi islahatlar keçirməyə çağırıb. Maraqlıdır ki, Brüssel və ya Aropa İttifaqının aparıcı dövlətləri hər dəfə yeni-yeni şərtlər irəli sürməklə bu məsələni təxirə salırlar. Nəticədə müəyyən gözləntilərə ümidli olanların heç olmasa layihədən qismən yararlanmaq arzusu puça çıxdı.

Bu baxımdan, Avstriya kansleri Verner Faymanın səsləndirdiyi bəyanat çox ibrətamizdir: “Həyata keçirə bilməyəcəyimiz vədlər verməyə dəyməz. Yaxşı dostlara qarşı belə davranmırlar. Mənim fikrimcə, onların Aİ-yə üzvlüyü haqda danışmaq saxtakarlıq olardı”.

Məsələnin belə qoyuluşu Azərbaycanın mövqeyilə tamamilə üst-üstə düşür. Birincisi, “Şərq tərəfdaşlığı” proqramının bəzi üzvlərində mümkün olanından daha çoxa ümidləri məhz brüsselli məmurlar və Avropanın aparıcı dövlətlərinin yüksək rütbəli siyasətçiləri yaradıblar. Onlar bəzən proqram üzvlərinin Aİ-yə üzvlüyünə dumanlı eyham vurmaqla, çoxmənalı fikirlər səsləndirirlər. Halbuki layihədə belə sonluq nəzərdə tutulmur. İkincisi, zaman keçdikcə məlum oldu ki, Aİ ilə postsovet ölkələri arasında əməkdaşlığın “Şərq tərəfdaşlığı” proqramında nəzərdə tutulmuş istiqamətlərinin heç də hamısı Brüssel üçün prioritet deyil. Öz enerji təhlükəsizliyinə böyük qayğıyla yanaşan, bəzən demokratiya və insan haqlarının möhkəmlənməsi ilə bağlı qarşı tərəfə həddindən artıq ciddi təzyiqlər (bir çox hallarda əsassız) göstərən Aİ digər iki müstəvidə heç də çevik olmayıb.

İqtisadi inteqrasiya və azad ticarət zonalarının yaradılması müstəvisində Brüssel, əsasən, postsovet məkanlarında Avropa malları üçün yeni bazarların açılmasının qayğısına qalıb. Bu ölkələrin iqtisadiyyatlarının Avropa standartlarına keçməsinə gəlincə, Aİ onlara nə maddi, nə də yüksək texnoloji vasitələrlə dəstək verməyə tələsir. Aİ insanlar arasında əlaqələrin inkişafı maddəsi üzrə də, eyni amorfluq nümayiş etdirir. Qeyri-leqal miqrasiya ilə mübarizədə Brüssel ardıcıl siyasət yürüdürsə, viza rejiminin liberallaşdırılması işində heç bir irəliləyiş yoxdur.

Bütün sadalananlar göstərir ki, Brüssel “Şərq tərəfdaşlığı” ölkələrilə bərabərhüquqlu tərəfdaş münasibətlərindən danışsa da, reallıqda o, bu formatda əməkdaşlıqda maraqlı deyil. Bununla yanaşı, Aİ qarşı tərəfə açıq-aşkar və ya üstüörtülü şəkildə öz şərtlərini qəbul etdirməyə çalışır. Bəziləri bunun tamamilə təbii olduğunu deyəcəklər, yad məbədə öz qaydalarınla gedilmədiyini xatırladacaqlar. Brüssel də məhz, bu səbəbdən, əvvəlcə öz tələblərini irəli sürür. Amma burada söhbət yad monastırdan yox, Avropa İttifaqından və hələlik yalnız bəzi istiqamətlərdə bərabərhüquqluluq prinsipi əsasında əməkdaşlıqdan gedir. Odur ki, Aİ yad monastırda (“Şərq tərəfdaşlığı” ölkələrində) sırf şəxsi maraqlarından çıxış edərək, öz şərtlərini də diktə etməməlidir.

Brüssel ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında rəvan olmayan münasibətlərin üçüncü matrisası da buradan meydana çıxır. Öz maraqlarının təmini üçün birmənalı şəkildə praqmatik siyasət yürüdən Aİ postsovet ölkələrinin analoji mövqeyini nədən qıcıqla qarşılayır? Məgər, bu Aİ-nin həmin ölkələrə heç də bərabərhüquqlu tərəfdaşlar kimi yanaşmadığını göstərmirmi? Axı, Brüssel “Şərq tərəfdaşlığı” ölkələrilə münasibətlərin bərabərlik prinsipi əsasında qurulduğunu deyir. Belədə Aİ-nin təcavüzə məruz qalmış və təcavüzkar ölkələrlə bir layihə çərçivəsində eyni münasibət qurmaq istəyini necə izah etmək olar?

Brüssel postsovet məkanındakı münaqişələrin həlli məsələsində də öyünə biləcək iş görmür. O, Dağlıq Qarabağ problemindən fərqli olaraq, Gürcüstan və Ukraynadakı münaqişələrlə bağlı həsəd aparılacaq çalışqanlıq nümayiş etdirir və bu, Aİ-nin ikili mahiyyətinin daha bir göstəricisidir. Brüssel öz seçmə (məhz seçmə, diferensial yox) mövqeyini hər dəfə rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmaması ilə əsaslandırmağa çalışır. Problem isə ondadır ki, Aİ-nin müşahidəçi qismində iştirak etdiyi Dnestryanı münaqişənin nizamlanması prosesində də heç bir nəticə yoxdur. Demək, söhbət onun prosesə bu və ya digər dərəcədə cəlbindən yox, siyasi iradənin yoxluğundan və maraqlardan gedir.

Görünən odur ki, Brüssel üçün hər bir şəraitdə müşahidəçi olmaq daha rahatdır. Aİ-nin məsələlərə ayrı-seçkiliklə yanaşmasını ortaya qoyan daha bir vacib fakt: Ukraynada, təxminən, ilyarım əvvəl başlamış faciəvi hadisələr praktiki olaraq, Brüsselin o zamankı Ukrayna hökumətinə ünvanladığı ultimatumun, Kiyevdən birmənalı seçim etmək tələbinin nəticəsidir. Bu gün isə o, artıq Aİ-nin üzvü olan təcavüzkar Ermənistana şübhəli lütfkarlıqla İrəvanı qane edəcək müqavilə variantının hazırlanmasını təklif edir.

Əgər Brüssel üçün proqramın bütün iştirakçıları eynidirsə, Ermənistana izahı olmayan bu üstünlük hansı məntiqlə təklif olunur? Brüsselin belə siyasəti axırda elə bir vəziyyət yaradıb ki, son zamanlar Rusiya ilə qarşıdurmada Qərbin əlində çox əlverişli alətə çevrilən Ukrayna “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan dövlətlərin təsnifatını təklif edib.

Ukraynanın Aİ-dəki təmsilçisi Konstantin Yeliseyevin fikrincə, Brüssellə yaxınlığa o qədər də can atmayan Azərbaycan, Belarus və Ermənistanı “Şərq Tərəfdaşlığı”ndan ayırmaq lazımdır. Başqa ölkələr özləri bilərlər. Amma, Brüsselin düçar olduğu mərəzə (siyasi korluq) yoluxmuş Yeliseyev bir şeyi başa düşmür ki, Azərbaycan Qərbə inteqrasiya siyasi kursunu çoxdan seçib. Sadəcə, Ukrayna kimi buyruq qulu olmaq yoluyla yox, suverenlik və bərabərhüquqluluq prinsiplarinə söykənən ikitərəfli əməkdaşlıq vasitəsilə. Prinsipial fərq bundadır. Bu müstəvidə təkliflərini rəsmi Bakı artıq Brüsselə təqdim edib. Yaranmış vəziyyətə görə isə Aİ heç kəsi günahlandıra bilməz. Bu, məhz Brüsselin uzağı görə bilməməsinin, daha doğrusu, siyasi korluğunun nəticəsidir. Özü yıxılan isə ağlamaz.


Teqlər:





Xəbər lenti