Erməni inqilabını kimlər idarə edir? - TƏHLİL

Erməni inqilabını kimlər idarə edir? -  TƏHLİL
  24 İyun 2015    Oxunub:21025
Yerevanda iyunun 19-dan başlayan etiraz aksiyalarına polis müdaxilə etdi. Hökumətin elektrik enerjisi tariflərini qaldırmasına etiraz olaraq beş minə yaxın Yerevan sakinininin nümayişlərə qatıldığı bildirir. Bu hadisə postsovet məkanında növbəti “narıncı inqilab”ın Yerevanda baş verəcəyi barədə ehtimalların irəli sürülməsinə əsas yaratdı.

Hadisənin baş vermə səbəbləri və mümkün nəticələrilə bağlı bir neçə variant irəli sürmək olar.

Birinci ehtimal ondan ibarətdir ki, qərbyönümlü qüvvələr hökumətin elektrik enerjisi tariflərini qaldırmasını bəhanə edərək, Rusiyayönümlü Sarkisyan hakimiyyətini devirməyə çalışırlar. Bu fikrin tərəfdarı olan politoloq Aleksandr Çaçiya hesab edir ki, Ermənistanda Qərbin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti institutları çox uğurla fəaliyyət göstərir və ölkədəki Amerika səfirliyi, həmçinin xüsusi xidmət orqanları ilə inqilabın həyata keçirilməsi istiqamətində iş aparılır.

Onun sözlərinə görə, bu tip aksiyalarda ilkin mərhələdə sosial problemlər qabardılır, sonrakı mərhələdə isə tələblər dəyişir və korrupsiya, insan hüquq və azadlıqları kimi şüarlar dövriyyəyə buraxılır.

Təbii ki, Qərb Ermənistanda “narıncı inqilab” həyata keçirməklə Cənubi Qafqazı bütövlükdə Rusiyanın təsirindən çıxarmaqda maraqlıdır. Bunun üçün müəyyən münbit şərtlər də yaranıb.

Lakin Qərbin planının Ermənistanda baş tutması üçün lazımi şərait hələ ki, tam formalaşmayıb. Gürcüstan və Ukraynadakı inqilablar göstərdi ki, uğurlu qərbyünümlü çevrilişin həyata keçməsi üçün hakim klandan qopmuş güclü müxalif liderlərin olması vacibdir. Ermənistanın əsas müxalifət liderləri olan Ter-Petrosyan və Ovannesyan inqilabı həyata keçirmək üçün tələb olunan keyfiyyətlərə malik deyillər. Bundan əlavə, Ermənistan cəmiyyətində mövcud olan ənənəvi türk qorxusu, Rusiyanı təhlükəsizliklərinin təminatçısı qismində görmələri erməni cəmiyyətini sona qədər Moskvaya qarşı mübarizədən çəkindirir.

Politoloq Rasim Musabəyov isə belə bir versiya irəli sürür ki, bu aksiyalar Sarkisyan hakimiyyəti tərəfindən bilərəkdən təşkil olunub. Onun fikrincə, Yerevan bu yolla Moskvanın ixrac etdiyi enerji tariflərini artırmaq barədə qərarına təsir göstərmək istəyir.

Qeyd edək ki, “Ermənistan elektrik şəbəkələri” şirkəti bütövlükdə Rusiyaya məxsusdur və “İNTER RAO EES” şirkətinin törəməsidir. Yerevan hadisələrində daha çox Rusiyanın dəsti-xətti özünü biruzə verir. Belə ki, Azərbaycan və Türkiyənin Rusiya ilə münasibətlərinin yaxınlaşması erməni cəmiyyətində narazılıqlar yaradır və artıq bir sıra erməni ictimai xadimləri bu yaxınlaşmanı pisləyən çıxışlar edirlər. Bu çıxışların arxasında Ermənistan hakimiyyətinin dayandığı şübhəsizdir.

Rusiyanın Azərbaycanla birlikdə Türkiyə ərazisindən qaz ixrac edəcəkləri barədə məlumatların yayılmasını nəzərə alaraq belə bir ehtimal irəli sürmək olar ki, Ermənistan hakimiyyəti Moskvanın Bakı ilə Qarabağ məsələsində sövdələşməsindən ehtiyat edir. Yaxud, ola bilər ki, Rusiya Azərbaycanın işğal edilmiş yeddi rayonunun geri qaytarılmasına razılıq verib və Yerevan bu qərarla razılaşmır. Buna görə, Moskva Sarkisyan hakimiyyətinə elektrik enerji tariflərinin qiymətini artırmaqla təzyiq göstərir.

Əgər Sarkisyan Rusiyanın qərarına müqavimət göstərərsə Moskva çevriliş planını da işə sala bilər. Kreml inqilab yolu ilə çevrilişi artıq uğurla Qırğızıstanda təcrübədən keçirib. Eyni zamanda Putinin ehtiyat prezidentlər skamyasında Robert Koçaryan kimi fiqur dayanır ki, Azərbaycanla sülhə daha meyillidir. Koçaryan Sarkisyanın yarıtmaz iqtisadi siyasətinə qarşı mütəmadi tənqidi çıxışlar edir və əhali arasında hələ də kifayət qədər nüfuza malikdir.

Bu ilin əvvəlində Ermənistanlı oliqarx, “Çiçəklənən Ermənistan” partiyasının sabiq sədri, ölkənin ən varlı şəxsi hesab edilən Qaqik Çarukyanın prezident Serj Sarkisyana qarşı çıxması bu prosesin tərkib hissəsi ola bilər. Çarukyan hakimiyyətə yaxın olan iş adamıdır və Robert Koçaryana bağlılığı ilə seçilir. Çarukyan –Sarkisyan münaqişəsindən sonra iş adamı müxalifətə keçəcəyi barədə müəyyən siqnallar versə də, sonradan siyasətə qarışmayacağını bildirdi. Çarukyanın partiyasının keçmiş üzvü, Gümri şəhərinin meri Samvel Balasanyanın etirazçıların tələblərini dəstəkləməsi isə, Koçaryanın hadisələrdəki izinin aşkar göstəricisidir.

Bu ehtimalın reallığına inansaq, belə bir qənaətə gəlmək olar ki, Serj Sarkisyan seçim qarşısında qoyulub: Ya Rusiyanın tələblərini yerinə yetirməli və hakimiyyətini saxlamalı, ya da çevriliş qaçılmazdır. Hələ ki, enrji tariflərinin qaldırılması xəbərdarlıq xarakteri daşıyır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti