7-ci əsrə qaytarılan kənd: Nardaranı xilas etməyin vaxtıdır – TƏHLİL

7-ci əsrə qaytarılan kənd: Nardaranı xilas etməyin vaxtıdır – TƏHLİL
  28 Noyabr 2015    Oxunub:115428
Azərbaycanda hər kəsin özünə və özgələrə dönə-dönə verdiyi sual bu olmalıdır: Niyə? Niyə axı bir azərbaycanlı öz polisinə atəş açmalıdır? Niyə yeganə məqsədi onu qorumaq olan dövlət orqanlarına qarşı çıxmalıdır?

Bunu Nardaran sakinləri özləri də tam anlamır. Sualı onlara verəndə deyirlər: “Hacı Talehə görə”. Amma kimdir bu Hacı Taleh və ən əsası, onu kimdən, nəyə görə müdafiə etmək lazım imiş?

Hacı Taleh deyilən adam - İslamı siyasiləşdirib, Azərbaycan insanının din sevgisindən istifadə edərək, onu özünün işlədiyi mərkəzin qulluğuna çəkməyə çalışan bir şarlatandır. Təəssüf ki, buna bir az nail ola bilib və nəticə ortadadır. Əgər daha çox nail olsaydı, görün, onda hansı faciələr yaşanardı…

Kimdir Hacı Taleh?

Nardaran hadisələrinin əsas səbəbkarı olan Taleh Bağırzadə 1984-cü ildə Bakıda doğulsa da, atası İsmayıllıdan, anası isə Yevlaxdandır. Yəni özünü “ən böyük nardaranlı” adlandıran bu dini avantüristin Nardaranla heç bir bağlılığı yoxdur. Sadəcə, bəzi qüvvələr onu Nardarana, bəzi nardaranlıları isə ona bağlayıblar.

2005-ci ildə Taleh Bağırzadə İqtisad Universitetində təhsilini yarımçıq qoyaraq, İranın məşhur Qum şəhərindəki Höccətiyyə Hövzəsinə ruhani təhsili almağa yollanır. Daha dəqiqi, dinlə kəşfiyyatı qarışdıran xarici xüsusi xidmət orqanı bu səfəri onun üçün təşkil edir. Bu, həmin Höcətiyyədir ki, orda ruhanidən çox, əmmaməli agentlərinin yetişdirilməsi heç kimə sirr deyil.



Höcətiyyə Hövzəsindən sonra Taleh Bağırzadə İran kəşfiyyatının İraqdakı yuvası kimi bilinən Nəcəf Elmiyyə Hövzəsinə göndərilir. Amma bu zaman Bakıda bir qrup şiə radikalı hicaba azadlıq tələbilə kampaniyaya başlayır, aksiyalar keçirirlər. Və Taleh də Nəcəfdəki təhsilini yarımçıq qoyub, Bakıya dönərək, həmin etirazlara liderlik etməyə başlayır. Bu, o demək idi ki, ağaları onun necə bir kadr olduğunu praktikada yoxlamaq istəyirdilər.

2012-ci ilin sonlarında təhsil ocaqlarında hicaba azadlıq verilməsi tələbilə Təhsil Nazirliyinin qarşısında təşkil olunan iğtişaşın əsas fiqurlarından biri Taleh Bağırzadə olmuşdu. Buna görə “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər” ittihamı ilə ilyarımlıq həbs edilsə də, vaxtından əvvəl buraxılır. Amma belə məlum olur ki, nahaq yerə - o, azadlıqda cəmisi 4 ay qala bilir. 2013-cü ilin martında yenidən həbsə düşür. Bu dəfə isə Qumda oxuyub gələnlərin sevimli məşğuliyyətinə görə. Sadə dillə desək, psixotrop maddələrdən istifadə.

Qəribədir ki, bu adamın deyəsən, azadlıqda 4 aydan çox qala bilməmək kimi pis bir adəti var. Çünki ikinci dəfə həbsdən buraxılmasının düz 4 ayı bugünlərdə tamam olacaqdı, amma o, yenidən həbsdədir.

Taleh Bağırzadə hər dəfə məqsədli şəkildə polislə qarşıdurmaya gedib və ətrafındakı insanları da buna sövq edib. Çıxışlarında din xadimi kimi yox, həmişə siyasi lider kimi danışıb. Özlərini – bir qrup radikal şiəni “hüseynçi” adlandırıb və onları hansısa yezidlərlə, fironlarla döyüşməyə səsləyib. Eyni fikirləri həm moizələrində, həm də sosial şəbəkələrdə onun üçün yaradılan xüsusi qrup və səhifələrdə təbliğ edirdi.



Ala-yarımçıq təhsili olan Taleh Bağırzadəni idarə edənlər özləri də başa düşürdülər ki, ondan dini lider olmayacaq. O, sadəcə olaraq, aranı qarışdıran fiqur kimi ortaya atılıb. Yaratdığı “Müsəlman Birliyi” hərəkatı isə obrazlı desək, dini `beşinci kalon` rolunu oynamalı idi. Amma xarici kəşfiyyatla əlaqəsi çox tez ifşa olunduğu üçün bu missiyası uğurlu alınmadı.

Din və siyasət oyunu


Taleh Bağırzadə Azərbaycanda dini iğtişaş yaratmaq istəyənlərin bir eksperimenti idi. İndi qəti şəkildə demək olar ki, həmin eksperiment darmadağın oldu. Noyabrın 26-da Daxili İşlər Nazirliyinin Nardaranda keçirdiyi xüsusi əməliyyatdan sonra din libasına bürünmüş bu şarlatanın Azərbaycanın istər dini, istərsə də siyasi həyatında bundan sonra yenidən hər hansı bir şəkildə ortaya çıxması qətiyyən mümkün deyil.

Nardarandakı hadisələri dini toqquşma kimi qələmə vermək çox ciddi və qorxulu səhvdir. Orada fərqli dinlər, fərqli məzhəblər üz-üzə gəlməyib. Həlak olan polislərin özlər də şiə müsəlman idilər və onları elə öz məzhəb qardaşları qətlə yetiriblər. Nardaranda baş verənlər siyasiləşmiş dini ekstremist qrupun polisə müqavimət göstərməsi nəticəsində yaşanan faciədir. Bunun başqa adı və izahı yoxdur. Və hər şey məhz bundan başlamalıdır: hadisənin adını düzgün qoymaqdan.

Bu, faktdır ki, polisin keçirdiyi əməliyyatdan bir saat əvvəl islamçı ekstremistlərin gizli təşkilatı Nardaranda gizli iclas keçirib. Həmin iclasadan fotolar da sosial şəbəkələrdə yayımlanıb. Dinlə siyasəti bir tutduqlarını Nardaranda mitinqə çıxanlar özləri də etiraf edirlər.



Bütün faciələrin kökü bax, buradan başlayır. Bəşəriyyətin son 500 ildəki inkişafı dinlə siyasəti bir-birindən ayırmağa yönəlib. Martin Lüterin 1517-ci ildə Vittenberqdə dini islahatla bağlı təklif etdiyi məşhur “95 tezis”dən sonra çətinliklə də olsa, başlayan dinlə dövlətin ayrılması prosesi Avropanı gətirib indiki inkişaf mərhələsinə çıxarıb. Amma indi bir qrup radikal şiə bizi təzədən orta əsrlərə qaytarmaq üçün çalışırlar.

Soruşuruq: əgər dinlə siyasət birləşdirilsə, onda nə baş verəcək, cəmiyyətdə olan hansı problem həllini tapacaq, hansı xeyirli yeniliklər gələcək? Nardaranda keçirilən mitinqdə deyilənlərə qulaq assaq, bu qəbildən olan çoooox ciddi və həyati problemlər həllini tapa bilər: Məhərrəm ayında küçələrdə rahat şəkildə əzadarlıq etmək mümkün olacaq və qadınlar çadra ilə pasport şəkli çəkdirə biləcəklər. Vəssalam.

Cənabalar! İndi küçədə özünü döymək istəyən bir dəstə şəbihçıxardana görə biz demokratik, dünyəvi dövlət quruluşundan imtina edib, şəriət qanunlarınamı keçməliyik? Tələbiniz budurmu?

Geriyə, 7-ci əsrə


Bu insanlar özləri də bilmirlər, anlamırlar ki, dövlətdən niyə narazıdırlar. Onların sadəcə, beynini belə doldurublar: Sən imam hüseynçisən, qarşı tərəfdə isə yezidin tərəfdarları var və lazım olsa bu kafirlərlə vuruşub ölməlisiniz.

Kimdir o “qarşı tərəf”? 21-ci əsrdə Yezid nə gəzir? Bu suallara heç bir məntiqli cavab yoxdur. Amma beyni bu dəhşətli ekstremist təbliğatı ilə dolan psevdodindar insanlar 7-ci əsrdən bu yana gəlib, müasir dünyanı, reallığı dərk edə bilimirlər.



Ona görə də, 21-ci əsrdəki devizlərinə baxın: “Hüseyn-Hüseyn şüarımız, şəhadət iftixarımız”. Cənablar! Soruşmaq ayıb olmasın, siz hansı şəhadətdən danışırsınız? Kiminlə savaşda şəhid olacaqsınız? Hüseynçi olmaq nə deməkdir, kafir kimdir? Siz hansı ilğımlarla və niyə döyüşürsünüz? Əgər siz hüseynçisinizsə, bəs o biri müsəlman vətəndaşımız kimdir? Bu cür ayırıcılıq nəyə, daha əsası kimə lazımdır? Və ümumiyyətlə, əgər 7-ci əsrə qayıdıb, İmam Hüseynin tərəfində vuruşmağı bacarırsınızsa, buyurun; mümkün deyilsə, 21-ci əsrdə Yezid axtarışlarını qurtarmaq lazımdır. Bu, qara cəhalətdən başqa heç nə deyil!

Terror üçün ideal silah

Dindar insanları zombiləşdirib, dövlətə və cəmiyyətə qarşı qoymaq həmişə şarlatan dini liderlərin ən sevimli metodlarından olub. Bunun kökləri çox qədimə gedir. 12-ci əsrdə Ələmut qalasını ələ keçirib, orada məşhur Həşəşinlər terrorçu ordenini yaradan Həsən Səbbah bu yolla həm Bağdad xəlifəsinə, həm də Səlcuq imperatoruna təzyiq edə bilirdi. Onun gücü ətrafına yığdığı insanların fanatizmində idi. `Dağ qocası`nın şüuru tiryəklə dumanlanmış fanatik tərəfdarları Cənnətə düşmək üçün özləri ölümün üstünə qaçırdılar.

Dindar bir insan nə zaman öz iradəsini itirir və ondan zombi kimi istifadə edənlərin qarmağına düşür? Bunun bir neçə yolu var. Əvvəla, radikal dini qruplaşma üzvlərindən hər dəfə psixotrop maddələrin tapılması təsadüf deyil. Onlar bu yolla beyinləri dumanlandırır, insanlara guya onları gözləyən Cənnəti göstərirlər. Psixotrop maddələrdən gizli toplantılar zamanı xüsusilə çox istifadə olunur.

İkincisi, birlikdə keçirilən kütləvi ayinlər də insanın şüurunu dumanlandırır, iradəsini zəiflədir və beynini nəzarətə götürə bilir. Evdə tək qalanda başını heç vaxt yarmayacaq biri məsciddə özünü döyənlərə qoşulanda bunu asanlıqla edir. Çünki belə aksiyalarda fərdiyyət itir, insan zombiləşir. Azərbaycan ədəbiyyatında bu məqama dəfələrlə toxunulub. Misal kimi “Əli və Nino” romanında Əlinin küçədəki əzadarla qoşulmaqla Ninonu necə şoka salmasını göstərmək olar.



Bütün bu metodların bir məqsədi olur: insanın şüurunu söndürmək. Kütləvi toplantılarda fırıldaqçı dini lider-agentlərin öyrədilmiş adamlar tərəfindən xüsusi ehtizazla qarşılanan qışqır-bağırtıları tədricən onlara qoşulan sadə insanların beyninə sirayət edir və onu mental əsarətinə alır. Buna görə onlar reallığı dərk edə bilmir, deyilən sözlərə ağılla yox, instinktlərlə reaksiya verirlər.

Ağlı başında olan insana desən ki, “Hüseynin yolunda yezidlərlə vuruşmalısan” səni ən yaxşı halda dəli sayar. Çünki 7-ci əsrin ortasında Ərəbistanda baş vermiş dini-siyasi hadisələrin 21-ci əsrin Azərbaycan həyatı ilə ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Amma qəribədir ki, Tale Bağırzadə kimi fırıldaqçı bunu öz yanındakılara yedizdirə bilirdi. Dediyimiz metodların hesabına.

Qəribə bir kənd

Bu gün bir Avropa meqapolisi olan Bakının kəndi Nardaran sanki 7-ci əsrdə qalmış zaman-məkan anklavıdır. Kənddə qara çadralı qadınlar, saqqalı həcilər, kəbleyilər, məşədilər dolaşır, cavanlara şəhid olmağı təbliğ edirlər. Sanki Nardaran Azərbaycan gerçəkliyindən qopub, hansısa paralel reallıqda yerləşir.

Qızları məktəbə getməyə qoymur, erkən yaşda ərə verirlər. Sosial bəla olan narkomaniya geniş yayılıb. İfrat dini ehkamlarla doldurulub, narkotiklə dumanlandırılmış beyin isə terrorçular üçün ən yaxşı silahdır. Burada insanlara “din” adına sırınan da İslam deyil, orta əsr sxolastikasını xatırladan aqressiv şiə təlimidir.

Ona görə də özü nardaranlı olmayan Taleh Bağırzadə, Hacı Mövsüm Səmədov kimilər məhz bu kəndə göndərilirlər. Bu adamlar əvvəlcə mənəvi terrordan başlayır, onlara qoşulmayanları “münafiq” adlandırır, az qala kafir elan edirlər. Nəticədə radikal dindar olmayan xeyli kənd sakini də onların hərəkətindən əziyyət çəkir.



Nardaranın küçələrində İŞİD bayrağına oxşayan qara şüarlar asılıb, amma İŞİD-lə bənzərlik təkcə bununla bitmir. Yeri gələndə buradakı dini ekstremistlər də baş kəsməyə hazırdırlar.

Qəti addımlar lazımdır

Bu gün Nardaran qanayan bir yaradır və onu mütləq sağaltmaq lazımdır. Bunun isə yolu yaranı ora düşmüş mikroblardan – radikal dini ekstremistlərdən təmizləməkdir. Azərbaycan dövləti Nardaranda kök salmış terrorçular və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, bu kənd həmin dəstənin ağalığından azad edilməlidir.

Nəyin hesabına başa gəlsə də, bu, birdəfəlik və qəti şəkildə edilməlidir. Çünki ictimai sifariş də belədir ki, Azərbaycanda sabitliyi pozmağa çalışan hər kəsə qarşı dövlət ciddi tədbirlər görsün. Əks halda onlar bu dövləti xaosa düçar olmuş bədbəxt müsəlman ölkələrinin gününə salacaqlar.

Azərbaycanda sabitliyin pozulmasını, bizim də Yaxın Şərqdəki ərəb dövlətləri kimi müsəlmanların bir-birinə güllə atdığı ölkəyə çevrilməyimizi istəyən çox qüvvələr var. Son illərdə çökdürülmüş dövlətlərə iki rəngdən biri ilə müdaxilə olunub: ya narıncı, ya da yaşıl. Onların ölkəmizə müdaxilə edə biləcəkləri müxtəlif kanallar hər dəfə aşkarlanıb və qarşısı kəsilib. Xaricə uzanan çox iplər dövlətin güclü əlilə qırılıb. Amma o iplərdən ən qalını dini radikalizmdir. Bu həftə yaşadığımız faciə göstərdi ki, elə ən qorxulusu da.

* * *

Bir daha belə faciələrin təkrarlanmaması üçün hər bir insan anlamalıdır: Din – şəxsi və mənəvi məsələdir, insanın daxili dünyasına aiddir. Din – qruplaşmaq deyil, başqasına qarşı çıxmaq deyil, hələ ələ silah götürmək heç deyil. Sən əlinə silah götürdüyün andan artıq heç bir fərqi yoxdur ki, hansı dinə, hansı məzhəbə inanırsan – çünki ekstremistin dini olmur!

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti