Manatı neft asılılığından qurtarmalıyıq – TƏHLİL

Manatı neft asılılığından qurtarmalıyıq – TƏHLİL
  21 Dekabr 2015    Oxunub:4141
Gözlənildiyi kimi, manat yenə ucuzlaşdırıldı. Özü dəfə, bu dəfə Mərkəzi Bank (AMB) bunu 21 dekabr 2015-ci il tarixdən etibarən üzən məzənnə rejiminə keçdiyi haqda qərar qəbul etdiyini bəyan etməsi fonunda həyata keçirdi. Belə ki, bundan sonra manatın məzənnəsi əsasən, valyuta bazarında tələb və təklifin nisbəti altında müəyyən olunacaq. AMB-in valyuta bazarında iştirakının isə buna uyğun həyata keçiriləcəyi deyilir.

Sözümüz bunda deyil. Sual yaranır ki, bunu ABŞ mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) baza faiz dərəcəsini 0,25 artırması şərtləndirdimi? Sözsüz ki, yox.

Doğrudur, FES-in qərarı aid olduğu ölkənin özündən çox kənarında rezonans yaradıb. Bu da təbiidir, o səbəbdən ki, dolların daha da bahalaşağı ehtimalı ortaya çıxdığından, digər ölkələrin valyutaları ilə onlardakı mövcud iqtisadi aktivlik üçün əlavə gərginlik təhlükəsi yaranıb. Halbuki, məsələ heç də düşünüldüyü kimi deyil...

Bəs əsl, həqiqət nədədir? Doğrudanmı, FES-in qərarı nəticəsində ABŞ dollarının möhkəmlənməsi digər ölkələr ilə dünya iqtisadiyyatı üçün “fəlakət” sayılır? Bunun nəticəsi yalnız, mənfi nöqteyi-nəzərdən görünəcəkmi? Təbii ki, yox...

Xatırladaq ki, FES-in baza faiz dərəcəsini artırmaq haqda qərarı 2006-cı ildən sonra qəbul edilən ilk anoloji qərardır. Sonuncu dəfə baza faiz dərəcəsi 9 il bundan qabaq – 2006-cı ilin ortalarında artırılmışdı. 2008-ci ildəki böhran zamanı isə FES sözügedən göstəricini 0-dan 0,25 %-ə qədər azaltdı. Doğrudur, bu, müvəqqəti olaraq qəbul edilmişdi. Ancaq 0-0,25 % dərəcəsi 7 il idi ki, qüvvədə qalırdı. Sual yaranır ki, niyə?

2008-ci ilin sentyabrında ABŞ-ın sistem banklarından biri hesab olunan Lehman Brothers-in çökməsi nəticəsində dünyanı iqtisadi və maliyyə böhranı bürüdü ki, kökü ipoteka kreditləşdirməsindən başlanan bu böhranla əlaqədar FES dollar çapını sürətləndirməli oldu. Belə ki, xəzinə və ipoteka istiqrazları almaq üçün təxminən, 3 trilyondan çox nəğd vəsait emissiya edildi.

Nəticədə ABŞ iqtisadiyyatında əhəmiyyətli irəliləyiş əldə olundu. Yəni, iqtisadi aktivlik bərpa edildi, məşğulluq artdı və ÜDM istehsalı canlandı. Və bütün bunların nəticəsi olaraq da FES tərəfindən uçot dərəcəsinə yenidən baxmaq üçün zərurət yarandı. Çünki ABŞ kimi bir ölkədə işsizlik cai ilin noyabr ayında 5 %-lik minimuma enib. İnflyasiya qənaətbəxş səviyyədə inkişaf etməyə başlamaqla 2 %-ə yaxın təşkil edib. O cümlədən, iqtisadi artım tempi də 2 %-dən çox olub.

Sözün qısası, ABŞ mərkəzi bankı tərəfinən baza faiz dərəcəsinin artırılmaması üçün real olaraq ortada heç bir əsas qalmamışdı. Üstəlik, artıq, neçənci dəfə idi ki, adı çəkilən qurumun hər növbəti iclası ərəfəsində baza faiz dərəcəsinin artırılacağı haqda anons irəli sürülməsi onun real olaraq həyata keçirilməsindən daha çox mənfi təsirlər yaranmasına gətirib çıxarırdı. O baxımdan ki, dollar real səbəblərə görə bahalaşmasa da psixoloji təsirlər baxımından, bir çox strateji göstəricilərin artmasına şərait yaradırdı.

Odur ki, FES nəhayət ki, bu addımı atmalı idi və atdı da. O ki qaldı bunun mənfi təsirlərinə, ABŞ valyutası onsuz da möhkəm idi və daha da möhkəmlənməkdə davam edirdi. İkincisi isə artım cəmi 0,25 % təşkil edir. Üçüncüsü də ki, dünya neft bazarlarında neftin qiyməti nə qədərki aşağı olacaq, dollar onsuz da bir o qədər möhkəmlənməkdə davam edəcəkdi.

Ümumiyyətlə, məsələyə bir qədər geniş acpektdə yanaşmaq tələb olunur. Belə ki, ABŞ-da pul-kredit siyasətinin son 10 ilə yaxın bir müddət ərzində ilk dəfə olaraq baza faiz dərəcəsinin 0,25 % qaldırılmasıyla cüzi də olsa sərtləşdirilməsi dünya maliyyə bazarı üçün əslində, 2 mühüm və vacib siqnal xarakteri daşıdı. Bunun birincisi odur ki, FES-in məlum qərarıyla dünyanın bir mömrəli iqtisadi gücünə malik ölkəsi olan ABŞ iqtisadiyyatının böhrandan artıq, çıxdığı mesajı verildi. İkincisi isə amerika dolları üzrə mərkəzi kreditlər üzrə uçot dərəcəsini qaldırmaq məqamı yetişsə də bunu əhəmiyyətli səviyyədə etməyin isə, hələ ki tez olduğu nümayiş etdirildi.

Bütün bu söylənilənlər baxımdan da FES-in qərarını alqışlamaq lazımdır. Belə ki, bir var, atılacaq müəyyən bir addımın ortada "xofu" və psixoloji təsiri ola, bir də var ki, artıq, kiçik səviyyədə olsa da irəliyə doğru konkret olaraq atılmış müvafiq addım ola. Bu mənada, FES-in 0,25% artım qərarı bazarlara psixoloji təsirləri aradan qaldırmış oldu.

Lakin, dünya iqtisadiyyatında yaranmış situasiyada ixracının strukturuna diqqət yetirməyi vacib saymayan, o cümlədən xarici dövlət borclarının səviyyəsi ÜDM-in kritik həddində olan ölkələr üçün təbii ki, yaxşı heç nə baş verməyəcək.

Məsələn, Braziliyada dollar məbləğində xarici dövlət borcu səviyyəsi çox olduğu, habelə büdcə və tədiyyə balansında mövcud defisit baxımdan vəziyyət kritik həddə sayıldığından FES-in qeyd olunan qərarı onun kimi ölkələrə sözsüz ki, müsbət heç nə bəxş etməyəcək.

Ancaq bunu bütün dünya iqtisadiyyatı üçün söyləmək isə qətiyyən olmaz. FES-in məlum qərarı məsələn, Avropa İttifaqı iqtisadiyyatının durğun vəziyyətdən çıxması üçün müsbət təsir bağışlayacaq...

Ümumiyyətlə, bütövlükdə dünya iqtisadiyyatında FES-in sözügedən qərarı müqabilində ciddi nəsə baş verəcəyini gözləməyə dəyməz. Əksinə, tamamilə hesab etmək mümkündür ki, bu, neftin qiyməti ilə bağlı tendensiyalar üçün də zəruri və vacib təsir əhəmiyyəti daşıyacaq.

Bilavasitə, Azərbaycana gəldikdə isə, manatın dəyərini qoruyub saxlamaq istəyiriksə, onun neftə bağlılığından yaxa qutarmağa nail olmaq lazıımdır. Belə ki, ölkəyə təkcə neftdən deyil, digər növ məhsul və xiidmətlərin satışından da xarici valyutaların axışına müvəffəq olmalıyıq.

Dollar bütün dünyada möhkəmlənir və bu, özünü təkcə, bizim ölkə daxilində göstərmir. Ona görə də çalışmalıyıq ki, daha çox qazanaq - ölkəyə gələn gəlirlərin həcmini artıraq. Hansı ölkənin ki, dünya bazarlarına çıxartmağa çox növ məhsulu var, FES-in qərarı da əslində məhz, həmin ölkələr üçün geniş meydan açacaq...


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti