Manat `üzən rejim`dədirmi? – TƏHLİL

Manat `üzən rejim`dədirmi? – TƏHLİL
  25 Fevral 2016    Oxunub:4345
Mərkəzi Bankın (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında bir sıra məqamlar var. Qeyd edilir ki, 2015-ci ildə xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində AMB idarə olunan “üzən məzənnə” rejiminə keçdi.

Keçən il məlum səbəblərdən milli valyutanın dəyərində neçə illərdir ardıcıl müşahidə edilən sabitlik pozuldu. Və bu, özünü 2 istiqamətdə təzyiq nəticəsində göstərdi. Bir tərəfdən neftin dünya bazarlarında qiyməti ilə əlaqədar ölkəyə xarici valyuta gətirən qurumların – Neft Fondunun və Dövlət Neft Şirkətinin dövlət büdcəsinə ödənişləri çətinləşdi, digər tərəfdən isə əhalidə panika – xarici valyutaya əsassız kəskin tələb yarandı. Və beləliklə də, AMB-in valyuta bazarında manatın məzənnəsini saxlamaq xərcləri artdı.

AMB-in keçən ilə dair pul icmalına aid açıqlamasında da qeyd edilir ki, 2015-ci il fevralın 21-i tarixdə ilk dəfə olaraq devalvasiyaya getmək haqda qərarın qəbulu da bununla əlaqədar baş verdi.

Bunun nə dərəcədə vacib və səmərəli addım olduğu isə sonradan, yəni, fevral devalvasiyasından və ümumiyyətlə, yeni əməliyyat mexanizminə keçdikdən sonra valyuta bazarı ilə manatın məzənnəsinin neftin 50-55 dollar qiymətinə adaptasiya olunmağa başlaması da sübut etdi.

Belə ki, sözügedən addımın bilavasitə nəticəsi olaraq sözügedən ilin may-iyul aylarında AMB hətta müəyyən həcmdə valyuta alışları da həyata keçirməyə başladı. Daha doğrusu, 2014-cü iln sonunadək olduğu kimi manat sataraq, dollar yığmağı bərpa etdi...

Ancaq təəssüf, iyul ayının sonundan etibarən neftin dünya qiymətinin yenidən sürətlə və kəskin şəkildə aşağı düşməyə başlaması nəticəsində valyuta bazarında yuxarıda qeyd etdiyimiz ikitərəfli təzyiq özünü yenə göstərməyə başladı. Və AMB manatın məzənnəsini sabit saxlamaq üçün valyuta ehtiyatlarını yenidən xərcləməyə start verdi. 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları həcminin 8,4 milyard ABŞ dolları təşkil etməsi də bütün bunların nəticəsidir.

İş ondadır ki, neftin qiymətinin düşməsi ilə əlaqədar yaranan təzyiq obyektiv xarakter daşıyırdı. Amma əhalinin hər dəfə eyni vaxtda müvafiq ajiotaj nümayiş etdirməsi və yaxud panik əhval-ruhiyyənin ortaya çıxması isə vəziyyəti qəlizləşdirdi. Bunu heç bir halda obyektiv səbəb kimi qəbul etmək düzgün və mümkün deyil. Belə ki, il ərzində banklar tərəfdən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyutanın 1 il əvvələ nisbətən 47,4% artaraq 8,8 milyard dollar təşkil etməsi və ümumən, 2015-ci il ərzində xalis satılan ABŞ dollarının 50%, avronun isə 29%-nin I rübə təsadüf etməsi heç bir şəkildə normal tendensiya olaraq qəbul edilə bilməz. Bu, ölkədə dollarizasiya prosesini sürətləndirən ən ümdə amil və səbəb oldu...

Hazırda manat nisbətən möhkəmlənib. Və bunda ölkədə dollarizasiya prosesinin demək olar maksimum həddə çatmasının, AMB tərəfdən dövriyyədə manat kütləsi həcminin məhdudlaşdırılmasının, o cümlədən, neftin dünya bazar qiymətlərinin son 1 ay ərzində 30 ABŞ dolları ətrafında sabitləşməsinin böyük rolu olduğu aydındır.

Ancaq neftin qiyməti çox sürprizlər nümayiş etdirə bilər. Bu baxımdan, 2016-ci ilin ən azı I yarısı ərzində manatın məzənnəsinin saxlanması xərclərini şərtləndirən qeyd etdiyimiz ikitərəfli təzyiqin yenidən artacağı istisna deyil. Bu da istər-istəməz 3-cü devalvasiyanın da nə vaxtsa baş verəcəyi haqda haqlı suallar və narahatlıqlar doğurur. Baxmayaraq ki, hökumətin bütün real iqtisadi siyasəti və əsas hədəfi məhz buna qarşı yönəlib...

İcmalda isə qeyd olunub ki, “üzən məzənnə” rejiminin tətbiqindən sonra AMB valyuta bazarına müdaxilələri azaldıb. Belə ki, qurum valyuta satışlarını hazırda hərraclar vasitəsilə həyata keçirir ki, guya, məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi yoxdur: Mərkəzi Bank əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəltmiş və banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür. Yəni, icmalda belə qeyd olunub.

Amma biz, bayaq da qeyd etdik ki, hazırda manat nisbətən möhkəmlənib. Və bu tendensiyada ölkədə dollarizasiya prosesinin demək olar maksimum həddə çatması, dövriyyədə manat kütləsinin azalması, o cümlədən neftin dünya bazar qiymətlərinin son 1 ay ərzində 30 ABŞ dolları ətrafında sabitləşməsinin rolu olub.

Ancaq bununla yanaşı, bütövlükdə AMB-in sərt pul-kredit siyasəti yeritməsinin, adı çəkilən qurum tərəfdən bank sektorunda il başlanandan bəri valyuta dəyişmə obyektlərini bağlamaqdan tutmuş, bir sıra bankların lisenziyalarının geri alınması və onların bəzilərini isə birləşməyə sövq etmək kimi tədbirlərin həyata keçirilməsinin də və ən əsası da, dekabrın 21-də elan edildiyinin əksinə olaraq heç də tam olaraq “üzən məzənnə” siyasətinə keçilmədiyinin təsiri az deyil. Belə ki, milli pul vahidinin dəyərini qoruyan ən başlıca amillər bunlardır.

Ümumiyyətlə, əvvəllər də yazmışdıq ki, Azərbaycanda tam üzən məzənnə siyasətinə keçmək praktik olaraq mümkün deyil. Belə ki, manatın lövbəri əldən buraxılsa, külək alıb, apara bilər.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti