Ağrılı mövzu: Lavrov niyə Çiçerinin yolunu gedir? – TƏHLİL

Ağrılı mövzu: Lavrov niyə Çiçerinin yolunu gedir? – TƏHLİL
  09 May 2016    Oxunub:4210
2011-ci ilin iyul ayında Ermənistan Prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı adlı yarışmada şagirlərdən birinin ona ünvanladığı "Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?" sualına belə cavab vermişdir: "Qarabağı biz aldıq, Ağrı dağını sizin ixtiyarınıza buraxırıq".

Bunu söyləməklə Sarkisyan erməni gəncliyinə Ağrı dağını Ermənistan ərazisinə qatmağın vacib olduğunu bildirdi, eyni zamanda Ermənistanın Türkiyəyə qarşı ərazi iddilarını yenidən gündəmə gətirmiş oldu.

Ağrı dağı ilə bağlı iddia Ermənistanın konstitusiyasında da açıq şəkildə qeyd olunub. Ölkə konstitusiyasının 13-cü maddəsində ermənilərin "Ararat" dedikləri Ağrı dağının təsviri öz əksini tapıb.

Ermənilər ilk dəfə Ağrı dağının simvolundan 1918-ci ildə yaradılan erməni-daşnak hökumətinin gerb və bayrağında istifadə ediblər. SSRİ dağıldıqdan sonra da Ermənistanın gerbində Ağrı dağının təsvir olunması İrəvanın real məqsədlərinə işıq salır. Buradan da aydın görünür ki, erməni xislətində qonşularına qarşı ərazi iddiası dəyişməzdir.

Tarixçi alim Dilavər Əzimli bildirir ki, "Ağrı dağı iddiası XIX əsrdən bu yana Osmanlı imperiyasına qarşı Avropanın ortaya atdığı bir siyasi xətdir. Avropa tarixşünaslığı erməni adlı etnosu şirniklənirirlər ki, siz buranın daimi nümayəndələrisiniz. Bu tarix sizə məxsusdur".

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aprelin 24-də Dağlıq Qarabağda yaşanan gərginlikdən dolayı Ermənistana səfər etməsi diqqətlə izlənilən məsələlərdən biri idi. Lavrovun rəsmi səfəri zamanı Ağrı dağının fotosunu çəkməsi, həm də belə bir incə situtasiyanın hökm sürdüyü məqamda bunu etməsi müəyyən məqsədlərə hesablanıb. Sanki, bu addımı atmaqla Lavrov Ağrı dağı prizmasından çıxış edərək, özünü obrazlı desək, "siyasi alpinist" göstərməyə çalışır.

Çox maraqlıdır, görəsən, Lavrov bütün rəsmi səfərlərində şəxsi telefonu ilə şəkil çəkir? Və nə vaxtdan Sergey Lavrovun çəkdiyi fotoları Rusiya XİN-in sözçüsü Mariya Zaxarova paylaşır?

Belə bir təəssürat yaranır ki, Sergey Lavrov bu, kontekstdə özünü sələfi, SSRİ-nin xarici işlər üzrə xalq komissarı G.V. Çiçerinə bənzətməyə cəhd edir. Ağrı dağın fotosunu "Facebook" sosial şəbəkəsində paylaşan Mariya Zaxarova fotonun adını bütün dünyanın tanındığı kimi Ağrı dağı deyil, ermənilərin dediyi kimi "Ararat" yazmışdı. Bu, təsadüf deyil. Hələ, şərhlərdə fotoya məna verməyə çalışan xanım Zaxarova olmuş bir hadisəni də xatırladıb. O, qeyd edib ki, SSRİ dönəmində Türkiyənin etiraz edərək, ünvanladığı "Ağrı dağı Ermənistan torpağı deyil, niyə Ermənistan bayrağında əks olunub?" sualına Çiçerin "Türk bayrağında aypara şəkli var. Ay, bildiyim qədəri Türkiyənin parçası deyil",- cavabını vermişdi.

Xüsusi nüanslardan biri də Lavrovun Ermənistanda mətbuat konfransı zamanı Türkiyə ilə bağlı şikayətidir. İrəvanda olarkən "Tükriyə alovlanan Qarabağ münaqişəsinin həllində konstruktiv davranmır. Ankaranın açıqlamaları barış əvəzinə müharibəyə yol açır. Lakin biz Türkiyə dövlətinin bu bəyanatlarına artıq alışdıq",- fikrini səsləndirən Rusiya baş diplomatı sonradan Ağrı dağın fotosunu çəkmişdi.

Bu davranışdan bir neçə məna çıxır. Birincisi, Rusiyanın “erməni kartı”ndan Türkiyəyə qarşı istifadə edilə bilinəcəyi xəbərdarlığıdır. İkincisi, Ağrı dağı iddiasında Rusiyanın Ermənistanın yanında olduğuna aid bir mesajdır. Üçüncüsü, istisna deyil ki, Azərbaycana kömək etməyə çalışan Türkiyənin özünün də problem yaşaya biləcəyinə işarə vurulub.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti