Bankların xilası, yoxsa kreditlərdə güzəşt: Hansı vacibdir? – TƏHLİL

Bankların xilası, yoxsa kreditlərdə güzəşt: Hansı vacibdir? – TƏHLİL
  12 May 2016    Oxunub:3623
Ölkədə bank sektorunda real vəziyyətin necə olduğu kifayət qədər aydındır. Faktik olaraq kreditləşdirmə dayanıb, əmanətlər üzrə faizlərin ödənilməsi çətinləşib, əmanət cəlbi səmərəsiz bir hala gəlib çıxıb, vaxtilə verilmiş kreditlər üzrə borclar isə həllolunmaz səviyyəyə çatıb. Özü də bu vəziyyət heç də keçən il ərzindəki devalvasiyalar nəticəsində yaranmayıb.

Azərbaycanda bank sektorunda problemlərin çoxu hələ bir neçə il öncədən mövcud idi. Mərkəzi Bank (AMB) tərəfdən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması haqda tələbi, habelə onların nizamnamə kapitalları həcminin 10 milyon manatdan 50 milyona qaldırılması barədə öncə (2012-ci ilin iyul ayının 25-də verilən qərara əsasən) 2014-cü ilin əvvəlinədək, sonra isə 1 il uzadılaraq 2015-ci ilin yanvarın 1-dək uzadılması qərarlarını xatırlamaq kifayətdir.

Bunlar hələ bir neçə il öncə baş vermişdi. Keçənilki devalvasiyalar isə sadəcə olaraq, bir növ “yaranın üstünü açdı”. Və bunun nəticəsi olaraq da bir arada AMB istədi ki, sərt addımlar atsın.

Belə ki, məlum olduğu kimi 2-ci devalvasiyadan sonra bir sıra bankların lisenziyalarının alınması, o cümlədən bəzilərinin birləşdirilməsi üçün cəhdlər edildi. Lakin bu cür tədbirlər effektsizliyə məhkum idi. O səbəbdən ki, bunu əslində, 1-ci devalvasiyadan da əvvəl etmək tələb olunurdu. Amma qeyd etdiyimiz kimi AMB buna nizamnamə kapitalına qoyulan tələbi artırmaq, istehlak kreditlərinin verilməsi şərtlərini məhdudlaşdırmaq kimi dolayı tədbirlərlə nail olmaq istədi. Bunların isə heç biri alınmadı. 1-ci devalvasiyadan sonra isə yenə də gec sayılmırdısa da AMB tamamilə əksmövqe tutdu. Belə ki, adı çəkilən qurum tərəfdən ölkədə fəaliyyət göstərən kommersiya bankları bu dəfə daha güclü formada sığortalandı.

İndi vəziyyət, yenə qeyd edirik ki, kifayət qədər ağırdır. Banklara güclü maliyyə dəstəyi tələb olunur. Olduqca ziddiyyətli və sanki, çıxılmaz bir vəziyyət yaranıb. Belə ki, ya bankların müştərilərinin mənafeyi qorunmalı, ya da maliyyə qurumlarının likvidliyi normal vəziyyətə gətirilməlidir. Məsələ isə bundan ibarətdir ki, bunların heç birini biri-birindən təcrid olunmuş şəkildə həll etmək mümkün deyil. Problem də məhz bundadır.

Bu mənada Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Bank Standard” QSC-yə dövlət dəstəyi göstərmək istiqamətində atdığı addımlar yüksək qiymətləndirilməyə məhkumdur. Məlum olduğu kimi, hökumət adı çəkilən bank bağlanmasın deyə, 6 aylıq müddətə 15 milyon manat kredit xətti açıb ki, bu yolla da maliyyə dəstəyi göstərmək qərarına gəlinib.

Bunun hələ necə nəticə verəcəyi bəlli deyil. Çünki həm vaxt az müəyyən edilib, həm də həyata keçiriləcək dəstəyin özü o qədər də böyük məbləğ təşkil etmir. Lakin, bu arada sözügedən addımın ölkədə əhalinin kommersiya banklarına xarici valyuta ilə olan kredit borclarına da şamil etmək lazım gəldiyi barədə mülahizələr də irəli sürülür ki, bu, tamamilə yanlışdır.



Əvvəla, adı çəkilən bank onda yerləşdirilmiş depozitlərin real həcminə görə məlum olduğu kimi, 2-cidir. Bu isə o deməkdir ki, “Bank Standard”a qeyd olunan dövlət dəstəyi, başqa sözlə desək, onun batması qarşısının alınması həm də məhz elə depozit sahiblərinin mənafelərinin qorunması məqsədi daşıyır.

İkincisi, anlamaq olmur, bu cür məntiqdən nə vaxt xilas ola biləcəyik ki, dövlət "öz cibləri" hesabına nəyə görə həm bank sektorunu xilas etmək qayğısına qalmalı, həm əhalinin dollar kreditlərini "silməli", həm də üstəlik, məhz əmanətlərini bundan sonra daha da yüksək səviyyədə sığortamağa çalışmalı və yaxud da buna məsul sayılmalıdır?! Bu, hansı məntiqə əsaslanır, aydın deyil.

Ümumiyyətlə, bəziləri qeyd edirlər ki, əhalinin banklardan dollarla kreditlər götürən hissəsi üzrə də güzəştlər olunmalıdır. Çünki sözügedən hissə guya, kasıb təbəqə hesab olunur. Lakin məlum deyil ki, kredit nə vaxtdan dolanışıq mənbəyi və vasitəsi olub?! Və yaxud, kasıb deyilən təbəqə krediti nəyə əsasən ala bilib, hansı girova və ya gəlirlərinə görə əldə edib?!

Biz, xarici valyuta ilə kredit borcları olan xüsusən də vətəndaşlara bu və ya digər formada güzəştlərin olunması əleyhinə deyilik. Lakin bunu banklar etməlidirlər. Və çox güman ki, bir sıra banklar da əvvəl-axır güzəştə də gedəcəklər. Amma bunun üçün birinci növbədə o banklar özlərinə gəlməlidirlər.

Dövlət banka dəstəyini kredit şəklində verir. Yəni, həyata keçirilən maliyyə dəstəyi üzrə vəsait qayıdacaq. Amma problemli kreditləri “siləndə” və yaxud da onun müəyyən bir hissəsini güzəştə gedəndə isə itirilən məbləğ heç bir halda qayıtmayacaq. Bunu anlamaq çətindirmi ?!..

Ümumiyyətlə, problemli kreditlər məsələsində banklar ilə müştərilər özləri həll etməlidirlər hər şeyi... Borcunu almaq istəyən tərəf güzəşt mexanizmini məhz özü tapmalıdır. Müştəridə isə normal kredit anlayışı və düşüncəsi formalaşmalıdır ki, bankdan götürülən kredit “humanitar yardım” deyil.

“Bank Standard” sistem əhəmiyyətli bankdır və onun çökməsi “domino effekti” yarada bilər. Eyni vəziyyət, məlum olduğu kimi Beynəlxalq Bank (ABB) üzrə də yaranmışdı. Dövlət ABB-in düşdüyü vəziyyətdən çıxmasına biganə qala bilərdimi?! Şübhəsiz ki, yox! Çünki, bu cür sistem əhəmiyyətli bankların likvidlik probleminin həllində neytral mövqe tutmaq, ən azı ortaya çıxacaq depozit qalmaqalı nöqteyi-nəzərindən problemli kreditlər məsələsini kölgədə qoya bilər...

Ümumiyyətlə, bu gün əgər, heç bir bank sağlam deyilsə, əhalinin kredit borcları ilə bağlı hər hansı güzəşt də bütün bank sektorunun "süni nəfəsdən" ayrılması ilə nəticələnə bilər. Odur ki, hazırda dövlət onlara kredit şəklində maliyyə dəstəyi həyata keçirmək yolunu seçib ki, bankları nisbətən “yataqdan qaldırmaq” mümkün olsun.

Başqa sözlə desək, əvvəl bankları palçıqdan çıxartmaq lazımdır ki, banklar da əhalinin dollarla olan borcları barədə güzəşt barədə fikirləşməyə macal tapsınlar.

Təkrar edirik ki, hələ bir görək, 15 milyon vəsait “Bank Standard”a kömək edəcəkmi?!


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti