NATO-Rusiya çəkişməsinin geosiyasi gizlinləri- TƏHLİL (I Yazı)

NATO-Rusiya çəkişməsinin geosiyasi gizlinləri- TƏHLİL (I Yazı)
  04 Avqust 2016    Oxunub:9355
İyulun əvvəlində Polşanın paytaxtı Varşava şəhərində baş tutan 2 günlük NATO zirvəsi Rusiyaya qarşı bəlkə də ən destruktiv sammit kimi də tarixə düşdü. Sammitdə Rusiya xofu özünü ən qabarıq formada göstərirdi.

Alyansın Varşava zirvə görüşü NATO üzvü olan ölkələrin hansısa birinə ediləcək hücum zamanı 5-ci bəndin işə düşəcəyinin ciddiliyinin sübut edilməsinə hesablanmışdı. Çünki 2015-ci ildə Türkiyə-Rusiya arasında yaşanmış təyyarə olayı 5-ci maddəyə müəyyən qədər kölgə salmışdı. Lakin bu dəfə NATO üzv ölkələri əmin etməyə çalışırdı ki, Rusiyanın hansısa təcavüzü ilə üzləşdikləri zaman ittifaqın sözügedən maddəsi dərhal işlək vəziyyətə keçəcək.

Şimali Atlantika Alyansının Polşada baş tutan zirvə yığıncağında havada, quruda və suda mümkün olan döyüş istiqamətlərindən başqa, kiber təhlükəsizliyə də diqqət ayrılmışdı.

Diqqət çəkən başqa bir nüans isə, NATO-nun Varşava sammiti bitər-bitməz Rusiya Prezidenti Vladimir Putinin silahlı qüvvələrin büdcəsini artırmaq barədə fərmanı imzalamasıdır. Fərmana görə, Rusiya ordusuna 1,88 milyon dollar vəsait ayrılmalı, canlı qüvvə sayı 1.000.000 nəfərdən 1.885.371 nəfərə çatdırılmalıdır.

Maraqlıdır ki, NATO-nun 4 batolyonunun yerləşdirilməsi barədə qərarı Blokun Rusiyadan necə çəkindiyini göstərir. Əslində 4 batalyonun NATO-nun şərq sərhədlərinə göndəriləcəyi faktını Rusiyaya qarşı ciddi addım saymaq bir az sadəlövhlük olardı və bu, heç də Rusiyanın önünü kəsə biləcək güc də deyil. Bu 4 batalyonu haradasa, kənar təhdidə qarşı patrul nəzarəti də adlandırmaq olar. Bu, bir növ Şərqi Avropa və Baltikyanı ölkələrə "təhlükəsizliyinizə görə biz cavabdehik" mesajı kimi qiymətləndirilə bilər.

Yuqoslaviyada çalışmış təcrübəli sabiq diplomat Vladislav Yavanoviçə görə, ABŞ həmişə Britaniya və NATO üzərindən Avropanı öz əlində tutmağa çalışır. Əgər Britaniya Avropa İttifaqından çıxdısa, demək, Vaşinqton NATO-nun gücünü Avropada daha da çox artırmalıdır.

Sabiq diplomat qeyd edir ki, Avropanın qeyri-müstəqil vəziyyətdə qalması ABŞ-ın milli maraqlarına cavab verir. Belə halda Avropa Birliyi ölkələrinin təhlükəsizlik baxımından NATO-ya böyük ehtiyacı yaranır ki, bu da nəticə etibarilə Birləşmiş Ştatların Avropanı nəzarətdə saxlamaq baxımından istəklərinə tam uyğundur.

Çexiyanın keçmiş yüksək çinli hərbçisi Yuri Bureş NATO-nu ABŞ-ın Avropadakı "legionu" adlandırır. O, bildirir ki, II Dünya Müharibəsindən sonra əksər savaşları NATO yaradaraq idarə edib. Beləcə, bu gün NATO milyonlarla insanın canını, həyatını əlindən almaq bahasına var olmaqdadır.



Çexiya Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin rəhbəri Aleksandr Çerni ABŞ–a məxsus kəşfiyyat təyyarələrinin Çexiya ərazisində olmasını suverenliyə təhdid kimi qiymətləndirib. O, bu fikirdədir ki, Amerikaya məxsus kəşfiyyat dronlarının ölkə üzərində uçuşlar reallaşdırması əslində dövlət əhəmiyyətli strateji obyeklərin şəklini çəkərək, ABŞ-a gizlicə ötürməyə xidmət edir. ABŞ qanunsuz olaraq Çexiya ərazisindəki bütün telefon danışıqlarına da qulaq asır.

Almaniyalı tarixçi, siyasətçi və yazıçı Birqitte Kuek ABŞ və NATO-nu BMT xartiyasına əməl etməyə, beynəlxalq hüquqa hörmət etməyə çağırıb. O, açıqlamasında diqqətə çatdırıb ki, Rusiyanı aqressiv adlandırırlar, ancaq bu ölkə digərlərinə hücum etməyəcək.

Rusiyanın postsovet ölkələrinə təcavüz edə biləcəyilə bağlı fikirlərə NATO daxilində iki cür yanaşma var. Birinci qrup NATO üzvlərinə görə, bu, uydurmadır. Başda ABŞ olmaqla ikinci qrup NATO üzvlərinə görə isə Rusiya yaxın zamanlarda Şərqi Avropaya hücum edə bilər.

ABŞ-ın sabiq müdafiə naziri Çak Heygelə görə, indidən 20-25 ildən sonra baş verəcək təhlükənin qarşısı alınmalıdır.

Fikrimcizə, NATO-Rusiya qarşıdurması riskinə aid ümumi ideoloji mənzərə bu yanaşmaları irəli sürməyə imkan verir.

- Birincisi, ABŞ-ın yanaşmasından belə görünür ki, onlar Halford Makinderin "Heartland" geosiyasi yanaşmasını rəhbər tutaraq, Rusiyaya qarşı anqlo-sakson geosiyasət məktəbinin nəzəri olaraq irəli sürdüyü bufer zona anlayışını praktik baxımdan canlandırmağa çalışırlar.

- İkincisi, vaxtilə NATO-ya alternativ olaraq SSRİ-nin yaratdığı "Varşava Müqaviləsi Təşkilatı"nın qurulduğu (1955) şəhərdə sammitin təşkilində ideoloji mesajın olduğunu deyə bilərik.

- Üçüncüsü, NATO sammitinin məhz Polşada təşkili anqlo-sakson geosiyasi nəzəriyyəsindən ilhamlanan Yozef Pilsudskinin tarixi "Pilsudski Avropası planı"nı təkrar gündəmə gətirir. Pilsudskinin planının məğzində Almaniya ilə Rusiyanı yaxınlaşmağa qoymamaq və Polşanın milli təhlükəsizliyini təmin etmək dururdu.

Belə anlaşılır ki, bu addımlar digər tərəfdən Almaniya-Rusiya barışığının, iqtisadi və hərbi yaxınlaşmasının qarşısını kəsməyə xidmət edir. Bu məqamda alman geosiyasət məktəbinin görkəmli nümayəndələrindən biri olan Karl Haushofferin fikrini xatırlatmaq tam yerinə düşər. O, deyirdi ki, "Anqlo-saksların saatı o zaman duracaq ki, Almaniya, Rusiya və Yaponiya ittifaqa girəcəklər”.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti