Yığışdılar, dağılışdılar - TƏHLİL

Yığışdılar, dağılışdılar - TƏHLİL
  12 Sentyabr 2016    Oxunub:34709
Müxalifətin keçirdiyi bütün aksiyaları qısaca bu iki sözlə tam ifadə etmək olur: “Yığışdılar, dağılışdılar”. Çünki bu aksiyaların ölkədəki siyasi proseslərə, ictimai fikrə heç bir təsiri yoxdur. Onlar sanki cəmiyyətdən tamam uzaq olan, hansısa paralel reallıqda baş tutur.

Səbəblərdən biri budur ki, həmin aksiyalar toplumun yox, dar siyasi qrupun maraqlarına xidmət edir, iştirakçıları da hər dəfə təxminən eynidir. O üzdən, mitinqləri izləyənlər orada hər dəfə eyni simaları görürlər, aksiyalardan yazan jurnaistlər isə onların çoxunu artıq şəxsən tanıyır.

Aksiyanın siyasi-ideloji mübarizəyə yox, məhz qrup maraqlarına xidmət etməsi bu dəfə özünü daha aşkar göstərdi: Müsavat Milli Şuranın 11 sentyabr mitinqini boykot edərək, özü 18 sentyabra aksiya təyin etmişdi. Buna cavab olaraq elə dünənki mitinqdəcə Əli Kərimli sentyabrın 17-də mitinq keçirəcəklərini açıqladı. Yəni Müsavatdan bir gün əvvəl. Bu evcik-evcik oyununda məqsəd bir-birinin auditoriyasını parçalamaq, o birindən daha üstün olduğunu göstərməkdir. Amma kimə? Əsas məsələ də elə budur.

Əgər bu, doğrudan da ümumi maraqlara, milli mənafeyə xidmət edən aksiya olsa, iki müxalif qrup onu birlikdə keçirmək haqqında ən azı danışıqlara cəhd edərdilər. Amma elə olmamışdı, çünki məqsəd bu deyil; məqsəd məhz özünün daha sərfəli siyasi investisiya obyekti olduğunu sponsorlara göstərməkdir.



Mitinqdə gözə çarpan məqamlardan daha biri isə odur ki, Milli Şurada (əslində elə ümumiyyətlə, müxalifətdə) yaxşı natiqlik qabiliyyəti olan, kütləni coşdurmağı bacaran lider yoxdur. Mitinqlərin kütləvi alınmamasının bir səbəbini də burada axtarmaq lazımdır. Çünki onlar son illərdə feysbukda qəhrəman olmuş adamlardır, real meydan, real kütlə demək olar ki, görmürlər. İstər Eldəniz Quliyev, istər Vidadi Mirkamal, istərsə də AXCP sədrinin müavini Nurəddin Məmmədli mitinq atmosferinə uyğun çıxış etməyi bacarmırlar; NİDA-çı Ülvi Həsənli danışanda az qala mitinqə gələnləri yuxu basacaqdı. Aralarında az-çox natiqlik bacarığı olan Əli Kərimlidir ki, o da 90-cı illərdə qalıb. Hazırda isə o, tribunadakı natiqdən çox, siyasi mövzudan danışan tamadanı xatırladır.

Kərimli də daxil olmaqla, bütün çıxışçıların heç biri izah etmədilər ki, niyə insanlar referenduma “yox” deməlidirlər. Bütün ənənəvi məsələlərdən danışıldı, bütün ənənəvi şüarlar səsləndirildi, amma mitinqin guya əsas məqsədi olan referendum demək olar ki, kənarda qaldı. Niyə? Çünki bu, daha ciddi mövzudur, ondan danışmaq savad və məsuliyyət tələb edir. “İstefa” qışqırmaq asandır, referenduma çıxarılan məsələlərin izahı isə müxalifətçilər üçün çətin. Ona görə də, ənənəvi olaraq, yenə də asan yolu seçmişdilər.

Mitinqdə nəzərə çarpan məqamlardan daha biri isə orada radikal dini qrupların təmsilçilərinin olması idi. Əvvəllər heç vaxt “Məhsul” stadionunda bu qədər çadralı qadın və saqqallı kişi gözə dəyməmişdi. Görünür, bu, Milli Şuranın və şəxsən Əli Kərimlinin Nardaran hadisələrinə verdiyi dəstəyin qarşılığında qarşı tərəfin cavab gedişi idi: “Biz sizə, siz də bizə...” Bu, Kərimlinin dindar insanlardan faydalanmaq siyasətinə davam etdiyini göstərirdi. Halbuki, ən azı Nardaran hadisələrindən sonra Kərimlinin dərs çıxarması lazım idi.



Bu, təhlükəli oyundur. Meydanda terrorizmə yardım etməkdə ittiham olunan Hacı Taleh Bağırzadənin şəkillərinin qaldırılması da onu göstərirdi ki, Kərimlinin bu dini siyasət oyunları yeni faciələrin meydana çıxmasına qədər dərinləşə bilər. AXCP sədrinin dediyi “...Dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir” sözləri isə açıq-aşkar siyasi naşılıq idi. Bu, onu göstərirdi ki, Kərimli üz tutduğu auditoriyanın psixologiyasını düzgün bilmir. Əgər bu xətt belə davam etsə, növbəti aksiyada hətta elə meydandaca qalmaqallar yaranmasa, yaxşıdır.

Amma nə qədər təhlükəli də olsa, Kərimli bu oyunu oynamağa məcburdur. Çünki hər bir mitinqdə açıq-aydın görünür ki, ora cəmiyyətin yeni seqmentləri cəlb olunmayıb. Çox cüzi olan ənənəvi radikal kəsimdən başqa, Kərimli və kompaniyasının tədbirləri cəmiyyət üçün maraqlı deyil. Çünki o, cəmiyyətin sosial sifarişini yox, cəmiyyətin maraqlarına qarşı olan qüvvələrin siyasi sifarişini yerinə yetirir. Bu halda nəticə ayrı cür ola da bilməz.



Mitinqdə sonuncu danışan Əli Kərimlinin hələ çıxışı bitməmiş insanların dağılışmağa başlaması da çox şeyi deyirdi. İlk növbədə ondan xəbər verirdi ki, onlar bura mitinqdə danışanları dinləməyə görə gəlməyiblər.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti