180 min abonent “Smart-kart” sayğacla təmin edilib

180 min abonent “Smart-kart” sayğacla təmin edilib
  10 Dekabr 2013    Oxunub:1312
“Azərsu” ASC yanvar-noyabr aylarında 180 min abonenti “Smart-kart” sayğaclarla təmin edib. Əhali qrupu istehlakçıdan heç bir ödəniş tələb olunmur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) yanvar-noyabr aylarında 180 min abonenti “Smart-kart” sayğaclarla təmin edib.

ASC-nin mətbuat xidmətindən bildiriblər ki, bununla da 2012-ci ildən - “Smart-kart” sayğacların tətbiqinə başlanılandan indiyədək Səhmdar Cəmiyyətin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılan sayğacların sayı 200 mini keçib.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə “Smart-kart” sayğacların quraşdırılması intensiv şəkildə aparılır. Quraşdırılan sayğacların 140 minə qədəri Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun payına düşür. Hazırda regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində 60 mindən çox abonent “Smart-kart” tipli sayğaclarla təmin olunub. Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə abonentlər “Smart-kart” sayğaclardan istifadə edirlər.

“Smart-kart” sayğacların əhali və qeyri-əhali qrupu abonentləri üçün quraşdırılması paralel aparılır. İndiyədək quraşdırılmış sayğacların 176 mini əhali, 24 mini isə qeyri-əhali qrupundan olan abonentlərin payına düşür. Ümumilikdə mexaniki cihazlar da daxil olmaqla, “Azərsu” ASC üzrə abonentlərin 53 faizi sayğacla təmin olunub. Təhlillər göstərir ki, “Smart-kart” tipli sayğaclar quraşdırıldıqdan sonra abonentlərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda, həmin abonentlər üzrə ödəniş 100 faiz təmin olunub.

Qeyd edək ki, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abonentləri üçün sayğacların quraşdırılması isə ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.


Teqlər:





Xəbər lenti