Sumqayıtdakı atışmaya görə daha 3 nəfər tutuldu

Sumqayıtdakı atışmaya görə daha 3 nəfər tutuldu
  14 Dekabr 2013    Oxunub:1508
Sumqayıtda "xəvarici" və "sələfi"lər arasında baş vermiş silahlı insidentlə bağlı daha üç nəfər tutulub.
Xəbər verildiyi kimi, dekabrın 11-də Sumqayıtda ekstremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AzVision.az-a daxil olan birgə məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə maddi sübutlar götürülərək, bu ağır cinayətin iştirakçısı olan 7 nəfər saxlanılıb.

Aparılan araşdırmalarla bu ağır cinayət zamanı qumbaranın şəhər sakini Elşən Musayev tərəfindən atılması müəyyən edilmiş, onun evindən 1 avtomat silah, 32 ədəd patron və 2 patron darağı, hadisənin digər iştirakçıları - Zaur Paşayevin və Murad Məhərrəmovun yaşadıqları mənzillərdən 2 qumbara, 3 ov tüfəngi, 99 patron, qanunla qadağan olunmuş 58 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və xeyli sayda disklər aşkar edilib.

Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin davamı olaraq, cinayətdə şübhəli bilinən daha üç nəfər - Sumqayıt şəhər sakinləri Elçin Mirzəyev, Tehruz Soltanov və Elman Məmmədli tutublar.

Onların yaşadıqları evlərə baxış zamanı isə "Revolver" markalı tapança, 1 süngü-bıçaq, 2 ov tüfəngi, 139 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, 1 əleyhqaz, qanunla qadağan olunmuş 100-dən çox dini ədəbiyyat və disklər götürülüb.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.


Teqlər:  





Xəbər lenti