AzVision: Pişik Leopoldun diplomatiyası (Ötən həftənin təhlili) - VİDEO

      AzVision:   Pişik Leopoldun diplomatiyası (Ötən həftənin təhlili)  - VİDEO
  21 Dekabr 2020    Oxunub:13987
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, ilin xalqı. Başa çatan həftə şərh ediləsi maraqlı hadisələrlə zəngindir, amma biz AzVisionun şənbə buraxılışında əsasən bu suallara cavablar axtaracağıq:
- Putinin bəyanatındakı ikibaşlığın bir başı diplomatik incəliklə necə aradan qaldırıldı?
- İlham Əliyev Paşinyanı şahmatda “tsuqsvanq” deyilən vəziyyyətə necə salıb?
- Ərdoğanın “kişi adam” olması qənaətinə Putin necə gəlib və bu, Rusiya üçün niyə önəmlidir?



Dediyimiz kimi, həftə maraqlı hadisələrlə zəngin olsa da, düşünürük ki, MBD dövlət başçılarının videokonfrans formatında keçirilən iclasından başlamaq lazımdır. Çünki MDB məkanında ilin əsas hadisəsi Qarabağ münaqişəsinin həlli olub və Azərbaycan prezidenti, cənab İlham Əliyevin çıxışı da əsasən bu istiqamətdə qurulmuşdu.
İclasda Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etmirdi; etsə, yəqin ki, daha maraqlı alınardı, çünki bu, müharibədən sonra onun Azərbaycan prezidentilə virtual da olsa, ilk görüşü olacaqdı. Amma atasının ölümü, necə deyərlər, Paşinyanın “qanının arasına girdi” və sammitdə onu müavini Tiqran Avinyan əvəzlədi.
Səbəb təkcə Paşinyanın atasının ölümü idimi? Bu məsələyə az sonra bir qədər başqa kontekstdə də toxunacağıq. Amma bəlkə də məhz bu həftə ölməsi Vovanın oğluna sonuncu yaxşılığı idi. Əks halda, o, Azərbaycan prezidentinin bu aşağılayıcı sözlərini şəxsən eşitməli olacaqdı:
- Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü.

Ermənistan hakimiyyətini bu cür “trollamaq”la yanaşı, cənab İlham Əliyev bəzilərinə hələ də açıq görünən suallara da növbəti dəfə aydınlıq gətirdi. Belə suallardan biri Vladimir Putinin keçirdiyi və 4 saatdan artıq davam edən sonuncu geniş mətbuat konfransında Qarabağla bağlı dediyi, daha doğrusu, təkrarladığı fikirlərdən doğur. Rusiya prezidenti bu mövzuda danışanda hər dəfə bilərəkdən elə ifadələr işlədir ki, onu həm Azərbaycan, həm də Ermənistan özünün istədiyi kimi yoza bilsin. Bunu da başa düşmək olar: Təəssüf ki, diplomatiya riyaziyyat deyil; diplomatiya məhz ona görə diplomatiyadır ki, orada müxtəlif yozumlara, təfsirlərə həmişə yer olur. Riyaziyyatçı məsələn, deyirsə ki, “a” “b”-yə bərabər deyil, vəssalam, bu, elə o deməkdir ki, heç bir halda, kainatın heç bir nöqtəsində, nə baş verirsə-versin, “a” “b”-yə bərabər olmayacaq. Olsa, bu, riyaziyyat üçün böyük problem olardı. Amma diplomatiyada əksinədir; burada birmənalılıq, yozum üçün yerin və manevr imkanlarının qalmaması problem sayılır. Ona görə, diplomat heç vaxt qəti şəkildə deməyəcək ki, “a” “b”-yə bərəbər deyil. Diplomat tutaq ki, belə deyəcək: “a ilə b-nin qiymətləri hesabın düz gəlməsi üçün optimal diapazon daxilindədir”. Gəl, necə istəyirsənsə, yoz.
Putin də hər dəfə təxminən belə ifadələrlə Qarabağ mövzusunda birmənalılıqdan yayınmağa çalışır. O, həm haqlı olaraq deyir ki, Qarabağ Azərbaycanın ərazisidir və onu heç kim, hətta Ermənistanın özü də tanımayıb. Bu, faktdır. Amma həm də deyir ki, Qarabağın statusu gələcəkdə müəyyənləşməlidir. Bir-birini istisna edən iki zidd fikir.
Putin: - Rusiyanın mövqeyi həmişə bundan ibarət olub ki, Qarabağın ətrafında saxlanılan 7 rayon Azərbaycana qaytarılmalıdır. Qarabağın özünün statusu dəyişməz qalmalıdır, yəni gələcəyə saxlanılmalıdır, status-kvo təsbit edilməlidir. Amma Qarabağla Ermənistan arasında əlaqənin qurulması şərtilə. Laçın koridoru da bunun üçün yaradılıb…
Türkiyənin mövqeyinə gəlincə, onlar, özlərinin hesab etdikləri kimi, Azərbaycanın haqq işini, yəni, 90-cı illərdə gedən müharibə zamanı işğal edilən torpaqların qaytarılmasını müdafiə edirlər.
Beynəlxalq hüquq nöqteyi-nəzərindən isə, mən dəfələrlə demişəm, bütün bu torpaqlar Azərbaycanın ərazisi sayılır. Bir də təkrarlayıram, Ermənistanın özü də Qarabağın müstəqilliyini tanımayıb, o mənada, bu şəraiti nəzərə alaraq, Dağlıq Qarabağ da Azərbaycandır.

Bəli, dediyimiz kimi, diplomatiya - riyaziyyat deyil, bunu başa düşürük və birmənalılıq gözləmirik. Amma düşünürəm ki, Putin miqyasında bir təcrübəli dövlət adamından daha mürəkkəb, daha dolaşıq, daha qəliz bir formul da gözləyə bilərdik. Onun bu formulundakı ziddiyyət isə çox bəsitdir və adi sillogizm səviyyəsində həll olunur. Putin deyir ki, Qarabağın statusu dəyişməz qalmalı, yəni müəyyənləşdirilməsi gələcəyə saxlanılmalıdır. Əgər nəsə gələcəkdə müəyyənləşdiriləcəksə, deməli, hazırda müəyyən deyil, elə isə, dəyişməz qalmalı olan nədir?! Qeyri-müəyyənlik?
Burada məntiq yoxdur, yeganə məqsəd odur ki, hər iki tərəf deyilənləri öz istədiyi kimi yoza bilsin. Rusiyanın məşhur “Kommersant” qəzetinin qoyduğu bir başlıqda da buna işarə olunurdu: “Армения и Азербайджан развязали войну трактовок” – “Ermənistan və Azərbaycan təfsir müharibəsinə başlayıblar”.
Ümumiyyətlə, deməliyik ki, Rusiya diplomatiyası tarixən heç vaxt özünün incəliyi, zərgər metodları ilə seçilməyib və indi də elədir. Amma MDB dövlət başçılarının iclasında – o iclasda ki, Vladimir Putin də işitrak edirdi,- cənab İlham Əliyevin dediyi sözlər son dərəcə incə diplomatik ustalıqla göstərdi ki, əslində heç bir ikimənalılıq yoxdur, sağlam məntiqlə yanaşanda hər şey kifayət qədər aydındır:
- Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan siyasi qüvvələr üçün vacibdir. Təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır. Belə cəhdləri biz müharibə dövründə də görmüşük, bəyanat imzalanandan sonra da.

Bir var, müxtəlif media platformalarında 10 noyabr bəyanatı və Putinin dedikləri fərqli mənalarda şərh olunur; bir də var, elə Putinin özünün olduğu mötəbər tədbirdə açıq şəkildə deyilir ki, bütün bunların anlamı nədir. Əgər Putinin demək istədiyi fikir bu olmasaydı, təbii ki, o, etiraz edərdi. Amma heç bir etiraz olmadı. İncə diplomatya bax, budur. Əslində, bu epizoddan sonra məsələnin nöqtəsi qoyulmalıdır. Çünki daha “təfsir müharibəsi”nin anlamı qalmır. Amma təbii ki, Ermənistanda daxili manipulyasiyalar məqsədilə hələ Putinin atdığı topu xeyli müddət oynatmaqda davam edəcəklər. Xüsusilə də indi – daxili siyasi vəziyyətin son dərəcə gərginləşdiyi, hakimiyyət mübarizəsinin getdikcə qızışdığı şəraitdə.

* * *
Bu gündən başlayaraq, Ermənistanda 3 günlük matəm elan olunub. Bununla bağlı mitinq və yürüşlərə ayın 21-nə qədər fasilə verilsə də, siyasi mübarizə dayanmayıb; belə ki, həm də müxalifət, həm də iqtidar hətta matəmdən də siyasi məqsədləri üçün istifadə edirlər.
Dünən axşam birləşmiş müxalifət Yerablur hərbi qəbiristanlığına məşəllərlə yürüş keçirmişdi, bu gün isə iqtidar eyni ünvana özünün eyni aksiyasını təşkil edib. Əgər müharibə qurbanlarının xatirəsi kimi həssas məsələ də iqtidarla müxalifəti bir araya gətirə bilməyibsə, bu, onların arasındakı ziddiyətin nə qədər barışmaz olduğunu göstərir.
Faktik olaraq, müharibə qurbanları bir qıraqda qalıb, tərəflər isə əzələ nümayiş etdriblər ki, kimin yürüşünə daha çox adam qatılıb. Matəm bitəndən sonra isə, dekabrın 22-dən başlayaraq, müxalifət Ermənistanda ümummilli tətilin başlayacağını elan edib.
Diqqəti çəkən başqa bir məqam Qarabağın qondarma “prezident”i, hərbi cinayətkar Arayik Arutunyanın da son müraciətində Paşinyanı geniş ittihamlara məruz qoyması və məğlubiyyətin məsuliyyətini onun üzərinə yükləməsidir. Bu, faktiki olaraq, baş nazirə qarşı daha bir cəbhənin açılması deməkdir.
Müxalifətin aksiyalarının getdikcə daha kütləvi alınması və siyasi böhranın günbəgün dərinləşməsi Ermənistanda hakimiyyət dəyişikliyini labüdləşdirir. Bu həftə əvvəlcə keçmiş prezident Robert Koçaryan Moskvaya getdi. Ardınca “Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan Rusiyanın paytaxtına çağırıldı. Baş nazirin Rusiya ilə münasibətləri kurasiya edən birinci müavini Mqer Qriqoyan da hazırda Moskvadadır. Bu insanların ora hansı məqsədlə çağırıldıqlarını isə təsəvür etmək çətin deyil: Hakimiyyətin necə və kimə təhvil verilməsini müzakirə etməyə.
Hesab edilir ki, Edmon Marukyan Paşinyan üçün daha məqbul alternativdir, çünki əgər hakimiyyətə o gələrsə, hazırkı baş nazirə qarşı təqiblər həyata keçirməyəcək. Paşinyan isə yəqin ki, gizli danışıqlarda hakimiyyətdən gedəcəyi təqdirdə özünün və ailəsinin təhlükəsizliyinə zəmanət istəyir.

* * *

Maraqlı vəziyyət yaranır. Belə çıxır ki, Ermənistanda Paşinyanı əvəz edəcək qüvvələrin arasında “Qarabağ klanı”nın başında duranların da namizədliyinə baxılır. Yoxsa, bir tərəfdən tüğyan edən pandemiyaya, digər tərəfdən, istintaq altında olmasına və icazəsinin vaxtı bitdiyindən, ölkəni tərk etmək hüququnun olmamasına baxmayaraq, Koçaryanın xüsusi icazə ilə Moskvaya getməsinə ayrı bir izah tapmaq çox çətindir. 17 partiyadan ibarət birləşmiş müxalifətin rəhbəri Vazgen Manukyanın prosesdən kənarda qoyulması da diqqəti çəkməyə bilməz. Məhz belə bir şəraitdə cənab İlham Əliyevin MDB dövlət başçılarının iclasında Koçaryan-Sərikisyan hakimiyyətinin haqqında ayrıca danışması xüsusilə maraqlı məqamdır:
- İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik.

Cənab Ali Baş Komandanın bu açıqlaması Ermənistanda böyük çaşqınlıq doğurub. Onlar bunu müxtəlif baxımlardan şərh etməyə çalışır, amma qəti bir fikrə gələ bilmirlər. Məsələn, bəzi politoloqlar və media orqanları yazırlar ki, Paşinyana dəstək verməklə Əliyev onun sonunu yaxınlaşdırır. Amma bizcə, əsas diqqəti ora yönəltmək lazımdır ki, paralel olaraq, məğlub ediləninin əslində Paşinyan deyil, Sərkisyan-Koçaryan hakimiyyəti olduğunun vurğulanması bəs nə məqsəd daşıyır?
Maraqlıdır ki, bu həftə “Azadlıq” Radiosunu erməni redaksiyasına müsahibəsində də Paşinyan təxminən cənab İlham Əliyevin dediyi fikirlərə oxşar tezisləri təkrarladı. Onun sözünün məğzi bu idi ki, baş verənlərin məsuliyyətini o daşısa da, günahkar o deyil; günahkar – ona qədər iqtidarda olanlardır. Yəni Paşinyan Azərbaycanın dövlət başçısının bir neçə dəfə dediyi fikri təkrarlamaqla, özü-özünü pis vəziyyətə salır. Di gəl ki, təkrarlamaya da bilməz. Onun özünə bəraət qazandırmaq üçün gətirə biləcəyi yeganə arqumenti cənab İlham Əliyev ondan daha qabaq deyərək, Paşinyanı şahmat terminilə desək, tsuqsvanqa salıb. Yəni, Paşinyanın özünə bəraət qazandırmaq üçün nə deyə bilərdi? Yeganə çıxış yolu o idi ki, Ermənistan Ordusunun onun yox, Sərkisyan-Paşinyan iqtidarının dövründə yaradıldığı vurğulasın, bunu da İlham Əliyev artıq bir neçə dəfə deyib ki, Paşinyan heç kimdir, biz Sərkisyan-Köçəryan ordsunu məğlub etmişik. Nəticədə, indi Paşinyan eyni sözü deyəndə İlham Əliyevin tezisini təkrarlamış kimi göründüyündən, özünü daha çox batırır. Qrossmeysterlə oynayanda belə şeyləri nəzərə almaq lazımdır.
Fəqət suala qayıtsaq, bizim versiyamıza görə, dövlət başçımızın bu məsələni yenidən MDB dövlət başçılarının iclasında qaldırmasında məqsədlərdən biri də əgər Koçaryanı yaxud, onun klanını yenidən hakimiyyətə qaytarmağa çalışan mərkəzlər varsa, onlara çox incə bir xəbərdarlıq etmək idi ki, bu halda sülh prosesin davamı böyük sual altına düşə bilər. Azərbaycan iqtidarının əli bizim xalqın qanına batmış Koçaryan kimilərlə hər hansı bir formada dialoqa getməsi çətindir. Buna görə də, Paşinyanın yerinə kimin gətirilməsi haqqında çox ciddi düşünmək lazımdır. Bütün hallarda, görünən odur ki, Ermənistana kimin rəhbərlik edəcəyi Ermənistandan kənarda həll olunur. Bu isə növbəti dəfə göstərir ki, o, müstəqil dövlət kimi yaşamağa, taleyini özü həll etməyə qadir bir subyekt deyil.
Paşinyanın dəyişdirilməsi güman ki, təkcə daxili vəziyyətlə şərtlənmir. Amerikada artıq seçki qalmaqalı bitib və Vaşinqton Qarabağ nizamlanmasından kənarda qalması ilə bağlı narazılığını ifadə etməyə başlayır. Və burada biz yenidən son illərdə bir neçə dəfə təkrarlanan geosiyasi konfiqurasiyanı görməyə hazır olmalıyıq. Söhbətin nədən getdiyini başa düşmək üçün gəlin, əvvəlcə, Putinin bu həftə mətbuat konfransında cənab Ərdoğan haqda dediyi sözləri bir də xatırlayaq:
– Ola bilər ki, bizim baxışlarımız bəzən zidd gəlir. Amma o, həmişə öz sözünü tutan adamdır. Əsl kişidir. O, quyruq bulamır. Əgər nəyinsə öz ölkəsi üçün sərfəli olduğunu düşünürsə, axıra qədər gedir. Bu, proqnozlaşdırıla bilinən şəxs olmağın elementidir və kiminlə iş gördüyünü anlamaq baxımından çox vacibdir.

Bu gün Putin-Ərdoğan münasibətləri elə Rusiya-Türkiyə münasibətləri qədər mürəkkəb olsa da, bunu anlamağa və çözməyə çalışmaq bizim üçün də vacibdir, çünki o münasibətlərin kəsişdiyi nöqtələrdən biri də Qarabağdır. Cənab İlham Əliyevin 44 günlük müharibə dövründə həm Putinlə, həm Ərdoğanla əlaqə saxladığı bildirməsi də iki güclü dövlətin Qarabağ münaqişəsində necə ortaq məxrəcə gəlmələrinə, bəlkə də gətirilmələrinə nümunədir. Həmin münasibətlərdən bundan sonra da çox şey asılı olacaq. Rusiya ilə Ankaranın əlaqələrinin sabit bir xətt ilə inkişaf etdiyini demək olmaz. Amma hazırda qlobal vəziyyət elədir ki, bu iki dövlət sıx işbirliyinə məcbur və hətta məhkumdur. Rusiyanın NATO bloku ilə gərgin münasibətlərinin onu NATO üzvü ola Türkiyə ilə yaxınlaşdırması xeyli paradoksal görünə bilər. Amma burada əsas paradoks, belə görünür ki, Türkiyənin NATO üzvü olmasındadır. Çünki hərbi-siyasi blok çərçivəsində bir təşkilatda birləşdiyi dövlətlər digər çərçivələrdə ona diş qıcayır, sıxışdırır, sanksiyalar qoyur və getdikcə də sərtləşdirməkdə davam edirlər.

* * *
Avropa Birliyinə daxil olan dövlətlərin rəhbərlərinin ötən həftə Brüsseldə keçirilən sammitinin ana xəttlərindən biri Türkiyəyə qarşı təzyiqlərin gücləndrilməsi idi. Sammitə özü ilə koronovirus gətirən Fransa prezidenti Makronun sözlərinə görə, “Türkiyənin Şərqi Aralıq Dənizindəki fəaliyyətinə son qoymaq üçün Avropa bu ölkəyə münasibətdə özünün sərt üzünü göstərmək bacarığının olduğunu nümayiş etdirdi”.
Əslində Avropa Birliyi Türkiyənin ayrı-ayrı fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaları hələ bir il qabaq tətbiq edib. O vaxt iki əsas səbəb vardı. Birincisi, Türkiyənin öz sahilindən 2 kilometr aralıda geoloji kəşfiyyat aparmasıdır. Məsələ ondadır ki, sahildən 12 dəniz mili, yəni 22.2 kilometrə qədər məsafə ərazi suları sayılır. Bu mənada qardaş ölkə tamamilə haqlıdır. Di gəl ki, həmin ərazidə yunanlara məzsus Kastelorizo adasının olması səbəbindən Afina etiraz edir, Avropa Birliyi də onun tərəfini saxlayır.
İkincisi, bu ilin yanvarında Yunanıstan, İsrail və Yunan Kipri “EastMed” qaz kəmərinin çəkilişi haqqında saziş imzaladılar. İsrailin “Leviafan” və yunan Kiprinin “Afrodita” yatraqlarından qazı Avropaya çatdırmalı olan bu kəmər Türkiyənin maraqlarına toxunduğundan, münasibətləri daha da gərginləşdirdi.
İndi isə Avropa Birliyinin liderləri qurumun xarici siyasət yetkilisi Jozep Borrelə tapşırdılar ki, 2021-ci ilin martına qədər Türkiyəyə qarşı tətbiq ediləcək yeni sanksiyaların siyahısını hazırlasın. Bu dəfə Ankaranın Qarabağ münaqişəsindəki Avropanın xoşuna gəlməyən rolu da nəzərə alınacaq.
Bu arada Tramp adminstrasiyası da gethagetdə macal taparaq, Türkiyəyə qarşı yeni sanksiyalar paketi hazırlayıb. ABŞ-da CAATSA adlanan qanun var, açması belədir: “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə əks-təsir haqqında qanun”. İndi qardaş ölkə həmin qanunun təsrinə salınıb. Səbəb Türkiyənin Rusiyadan “S-400” raket kompleksləri almasıdır. Qanun ilk növbədə Türkiyəyə hər cür hərbi texnika və texnologiyanın, həmçinin kreditlərin verilməsini bloklayacaq. Düşünməyə əsas var ki, burada məsələnin kökü Türkiyənin sürətlə inkişaf edən hərbi-sənaye kompleksinin Qərbdə bəzi dairələri ciddi narahat etməsinə gedib çıxır.


* * *

Nəzəri cəhətdən Türkiyə NATO-nun cənub-şərq cinahında Rusiyaya qarşı forpostu olmalı idi. Tarixən də ikiqütblü dünya zamanı, soyuq müharibə dövründə belə olub. Amma indi əksinə, Ərdoğan NATO ölkələrinin maraqlarına zidd olaraq, Rusiyanın layihələrinə açıq dəstək verir. Söhbət heç də təkcə “S-400”lər almaq üçün “F-35”-lərdən imtinadan getmir. Ötən il də Putin Peterburq Beynəlxalq İqtisadi Forumundan çıxışı zamanı Ərdoğanın - sitat - “kişi xarakterinin ən yaxşı keyfiyyətlərini” ortaya qoymasını təqdir etmişdi. Onda söhbət Rəcəb Tayyib rəisin Rus qazını Türkiyəyə çatdıracaq “Türk axını” layihəsinə dəstək verməsindən gedirdi. O layihədən ki, Avropa maneəçilik törətmək üçün əlindən gələni 5 qaba çəkib. Mətbuat konfransında BBC jurnalistinin sualına cavab verərkən Putinin münasibətlərin gərginliyinin əsas səbəbi kimi NATO-nun davranışlarını göstərib, Pişik Leopoldu misal çəkməsi heç də boşuna deyildi.

* * *
Putin: – Sizinlə müqayisədə biz bəyaz və yumşağıq... Lap yumşaq olmasaq belə, qətiyyən aqressiv deyilik. Tamamilə ziyansızıq. Dialoq və kompromis ovqatındayıq. Bizim multfilmlərin birindəki Pişik Leopoldun sözlərilə demək istəyirəm: “Uşaaaqlar... Gəlin, dost olaq!”
Multfilmdə Lepoldun sözünə siçanlar belə cavab verirdilər: “Nikoqda!”
Real qlobal siyasətdə də vəziyyət multfilmdəkindən çox fərqlənmir. Hər halda, Putinin mətbuat konfransından sonra ABŞ-ın dövlət katibi Mayk Pompeo bu fikirləri səsləndirdi “Nikoqda!”:
- Məndən həmişə soruşurlar ki, bizim düşmənimiz kimdir? Cavab belədir: Bizim həyat tərzimizi, respublikamızı, demokratik prinsiplərimizin əsaslarını dağırtmağa çalışanlar çoxdur. Rusiya dəqiq bu siyahıya daxildir.
Bu gün Rusiya ilə Qərbin arasında ziddiyyətlər həddindən artıq çoxdur: NATO-nun genişlənməyə davam etməsi, ABŞ-ın silahlanmaya nəzarətlə bağlı müqavilələrdən çıxması, “Şimal axını-2” başda olmaqla iqtisadi layihələrinin əngəllənməsi, artıq lətifəyə çevrilən rusiyalı hakerlər, Moskvaya qarşı ardı-arası kəsilməyən siyasi ittihamlar... İndi istiləşməyə əsas ümidlər Bayden adminstrasiyasının vəziyyəti düzəldəcəyinə bağlıdır. Amma yada salaq, demokratlardan olan əvvəlki prezident Obama da Rusiya ilə münasibətlərdə “restart” kimi hay-küylü terminlə yenilik etmək istəyirdi, fəqət heç nə alınmadı. Ona görə də, Putinin Baydendən danışarkən məşhur «Короля делает свита» misalını çəkməsi təsadüfi deyildi. Yəni burada ayrı-ayrı şəxslərdən, onların niyyətindən az şey asılıdır. Ümumilikdə münasibətlər sistemi qarşıdurma üzərində köklənib.

* * *

Həmin klassik multfilmdə Leopoldun aqressiv siçanların qarşısında müttəfiqi yox idi, amma indi Rusiya ilə Türkiyənin Qərbdən təxminən eyni münasibət görmələri onları bu təzyiqlərin qarşısında təbii müttəfiqə çevirir. Putinin Çin lideri Si Tzinpinin adını da Ərdoğanla yanaşı çəkməsi bu fikrimizi təsdiqləyir. Çünki hər iki dövlət Rusiyaya o cümlədən də, Qərbin qarşısında manevrlər edə bilmək üçün lazımdır. Belə görünür ki, Qərbin Rusiyaya qarşı təsirlərini daha da dərinləşdirməkdə davam edəcək. Bu vəziyyətdə Rusiya Çin və Türkiyə ilə yaxınlaşmanı dərinləşdirmək istiqamətində gedəcək. İkinci istiqamətdə Azərbaycanın ikitərəfli rolu var: Biz o əlaqələrin həm sağlamlaşmasına və inkişafına səbəb olur, həm də özmüz bunun faydasını görürük. O cümlədən də Qarabağda gördük və görəcəyik də. Əsas odur, sağlıq olsun. Sağlam qalın, möhkəm olun.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti