Əlbəyaxa döyüşdə erməniləri öldürüb, polkovniki əsir götürən igidimiz - VİDEO+FOTOLAR

Əlbəyaxa döyüşdə erməniləri öldürüb, polkovniki əsir götürən igidimiz -  VİDEO+FOTOLAR
  29 Dekabr 2020    Oxunub:45365
“Düşmən polkovnikini əsir götürərək bizim tərəfə gətirdi. Onun üzərindən ermənilərin döyüş mövqelərini əks etdirən xəritə tapıldı”.
Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri, şəhid Sübhan Cəbrayılovdur. Göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda” medalına layiq görülüb.

Azvision.az-ın əməkdaşı şəhidin evinə baş çəkərək, onun ailəsi ilə həmsöhbət olub.



Şəhidin anası Ləzifə Cəbrayılova əslən Salyanın Marışlı kəndindən olduqlarını, oğlunun orta məktəbi orada bitirdiyini deyir.

“Üç oğlum, bir qızım var. Sübhan sonbeşiyim idi. Hərbi xidmətdə olarkən boyuna, bədəninə, fiziki qüvvəsinə görə onu XTQ-yə seçmişdilər. Boksla, əlbəyaxa döyüşlə məşğul olurdu. 18 il idi ki, xüsusi təyinatlılarda kəşfiyyatçı kimi xidmət göstərirdi. Həmişə hara getdiyini soruşanda deyirdi, təlimə gedirəm. Heç vaxt işi haqqında danışmazdı. Sonuncu dəfə oğlumla sentyabrın 25-i görüntülü danışdım. Dedi, təlimə gedəcəyəm, mən də ona sağ-salamat geri dönməsini arzuladım. Daha bilmədim ki, bu təlim, o təlimdən olmayacaq. Balamız, geri dönməyəcək, qəhrəmancasına vuruşacaq və qəhrəmancasına şəhid olacaq. Anasına şəhid anası adı verəcək. Sübhan Füzuli, Hadrut, Cəbrayıl və Zəngilanın tam alınmasında iştirak edib. Qubadlıda iki kənd alındıqdan sonra oktyabrın 19-da şəhid olub. Oktyabrın 20-də bizə xəbər verdilər. Nəşi iki gün neytral ərazidə qalıb. İnanmırdım, deyirdim, yox, o, heç vaxt şəhid olmaz. Yanlış məlumatdır, övladım o yerləri əlinin içi kimi tanıyır.

Oktyabrın 23-ü onun ad günü idi. Həmin gün bayrağa bükülmüş tabutu evimizə girdi. Ayın 23-də dəfn etdik. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi və “Vətən uğrunda” medalı ilə təltif edildi. Əziyyəti, qanı yerdə qalmadı. Bu, bizə təsəlli oldu”.



Sevda Cəbrayılova şəhidin xanımıdır. O, həyat yoldaşı ilə bağlı xatirələrindən söz açaraq deyib ki, Sübhan döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib.

“Yoldaşları danışır ki, elə hey deyirdi, irəli gedək. Onun igidlikləri çoxdur. Cəbrayılın alınması zamanı 3 gün susuz qalıblar. Sübhan su dalınca gedib. Elə olub ki, düşmən tərəfə keçib və bir hərbçinin həyətinə girib. Onların öz dilində danışa-danışa həmin hərbçini aldadaraq əsir götürüb və bizim tərəfə gətirib. Düşmən elə bilib ki, bu da onlardandır. Erməni dilini tam bilirdi. Ona görə də onları aldatmağı bacarıb. Amma kimsə soruşanda deyirdi, o dili bilmirəm.

Bir dəfə erməni hərbçi çoban qiyafəsində kəşfiyyatla aralarına sızıb təxribat törətmək istəyirmiş. Sübhan bunu başa düşüb və onu yerindəcə məhv edib. Sübhanın şücaətləri saydıqca bitmir. Erməni polkovnikini əsir götürərək bizim tərəfə gətirib. Həmin erməninin üzərində döyüş mövqelərini əks etdirən xəritə aşkarlanıb.

Onların özünə məxsus xəncəri olurdu. Əlbəyaxa döyüşəndə həmin xəncərlə nə qədər ermənini məhv edib. Öndə gedən olub. Subaylara deyirmiş ki, siz arxadan gəlin, biz evliyik, uşaqlarımız var. Amma siz subaysınız, sizin geridə qoyduğunuz yoxdur. Mərd idi. Neçə yaralı döyüş yoldaşını xilas edib, yaralarını sarıyıb. Onlar bizə gəlib təşəkkür edirlər. Yoldaşım həmçinin həkim-sanitar idi. Yaralılara da kömək edirdi.



Düşmənin içinə ilk girənlər bunlar olurdular, daha sonra XTQ-nin quru qoşunları gəlirdi. Qubadlıda sonuncu döyüşündə 12 nəfər olublar. Həmin ərazidə erməni çox olub və mühasirəyə düşüblər. Güllələri bitib, əlbəyaxa döyüşə keçiblər. Neçə ermənini öldürüb. Birini boğub, birini xəncərlə vurub. Bütün bunları döyüş yoldaşları görüblər. Danışırdılar ki, ermənilərin üstünə hücum edib, onları boğurmuş. Ermənilər görüblər ki, bacarmırlar, boynundan snayperlə vurublar, yerindəcə şəhid olub”.



Şəhid anası Ləzifə xanımla söhbətimizə davam edirik. Onun dediyinə görə, oğlu 18 il idi ki, Qarabağın azad olunmasına hazırlaşırdı:

“Aprel döyüşlərində də iştirak etmişdi. Əsəb keçirirdi ki, niyə döyüşləri saxladılar, torpaqlarımızı azad edib irəliləyirdik. Onda çox pis olmuşdu. Neçə ay özünə gələ bilmədi. Döyüş yoldaşları gözünün önündə şəhid olmuşdular. Onlar qardaşdan da artıq idilər. Bir qabdan yeyib-içirdilər. Həmin vaxt mən də çox qorxmuşdum. Dedim, bala, bəlkə bu işdən uzaqlaşasan. Necə əsəbiləşdi. Cavab verdi ki, mənim yanımda yoldaşlarım şəhid olub. Ata evimdə 18 il qalmışam, 20 ildir ki, oradayam, onların qanını mən almasam, kim alacaq?

Lələtəpənin alınmasında qəhrəmanlıq göstərmişdi. Prezident uğurlu döyüşçüləri yığıb təltif etdi, mükafatlandırdı. Onların arasında Sübhan da var idi. Ürəyi Qarabağ ilə döyünürdü. 18 il əziyyət çəkdi, bütün günü təlimlərə qatılırdı, evdə az olurdu. O, həmişə Qarabağ üçün hazırlaşırdı. Deyirdi, oranı alaq ki, bizdən sonrakı nəsil rahat yaşasın.



Vətən müharibəsində 4-5 gündən bir zəng edirdi. Telefonu yox idi. Haradansa telefon tapanda əlaqə saxlayırdı. Dəhşət sevincli olurdu. Çünki zəhmətinin bəhrəsini görürdü. O, qarabağlı deyildi, amma bir qarabağlıdan da çox sevinirdi. Füzuli alınanda telefonda qızı ilə danışdı. Dedi, müharibə bitsin, səni Azıx mağarasına aparacağam.

Oruc tuturdu, namaz qılırdı. Deyirdim, bala, təlimlərdə olursan, oruc tutma, sənə çətin olar. Deyirdi, mənə Allah kömək edir, siz narahat olmayın. Heç rayona gələndə də orucunu pozmurdu. Arzusu idi ki, Şuşaya gedib məsciddə namaz qılsın. Döyüş yoldaşlarına deyirmiş ki, oktyabrın 23-ü ad günümdür, ona kimi Şuşaya gedib çıxarıq. Ad günümdə Şuşada namaz qılacağam. Qismət olmadı. İmkan olan kimi Şuşaya gedib oğlumun arzusunu həyata keçirəcəyəm. Qoy balamın ruhu arzusuna çatdı deyə şad olsun”.



Sübhan Cəbrayılovun özündən sonra iki övladı yadigar qalıb.

Şəhidin xanımı: "İki övladımız var. Oğlum 12, qızım isə 10 yaşındadır. Həmişə zəng edəndə birinci onların dərslərini soruşurdu. Uşaqlara tapşırırdı ki, ananı incitməyin, sözünə baxın. Çox ümidli idi. Deyirdi, "qayıdacağam və hər şey yaxşı olacaq. Özünüzdən muğayat olun, uşaqların dərslərini nəzarətdə saxla”. Soruşurdu ki, sözünə baxırlar? Hər şeyin qaydasında olduğunu bildirirdim. Onda rahat olurdu.

Bizim evimizdə həmişə bayraq olub və himn çalınanda ayağa durmuşuq. Yoldaşım uşaqlara bayrağa, himnə hörmət etməyi təbliğ edirdi. Bir dəfə Sumqayıtda parad oldu. Oğlum da orada iştirak edirdi. Paraddan sonra maşınla evə gedirdik. Birdən Sübhan avtomobili yolun kənarında saxlayıb harasa qaça-qaça getdi. Bir də gördüm yerə düşən bayrağı qaldırıb ağacdan asdı. Əyilməyə, əzilməyə qoymazdı. Bayrağa çox hörmət edərdi”.



S.Cəbrayılov döyüş yoldaşları arasında daha çox “Cəbi” ləqəbi ilə tanınardı. Heç kim onu adı ilə çağırmazdı.

Ləzifə xanım: "Onların hərəsinin bir ləqəbi var idi. Öz adları ilə çağırmazdılar. Oğluma “Cəbi” deyirdilər. Adi həyatda hamımız onu “bosu” çağırırdıq. Uşaqlıqda kök olduğuna görə bu ləqəbi ona qoymuşduq. Son gününə kimi də elə adlandırdım".

Sevda xanım həyat yoldaşının sonuncu dəfə oktyabrın 18-də zəng etdiyini söyləyib.

“Sonuncu dəfə ayın 18-i axşam saat 6-da danışdıq. Dedi, telefonu söndürəcəyəm, qabağa gedirik. Zəng çatmasa, nigaran qalmayın, qayıdacağam. Dedim, özündən muğayat ol. Səhərisi gün şəhid oldu. İş yoldaşları deyir ki, ölümü ilə taborun belini qırdı. Həlak olması istər komandanlığa, istərsə də iş yoldaşlarına pis təsir edib.

Seçimlərə qatılırdı. XTQ üçün uşaqları seçirdi, imtahan götürürdü. Ona etibar edirdilər. 18 ildə bir dəfə töhməti olmadı. İşini bilirdi”.

Sübhanın arzusu torpaqlarımızı işğaldan azad görmək idi. O, canı bahasına bu arzusuna çataraq, Qarabağın azad olunması uğrunda qəhrəmanlıq hekayəsi yazdı.



























































Şahanə Rəhimli
Video: Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: XTQ   Şəhid   Qarabağ   Qəhrəman  





Xəbər lenti