AzVision: Ötən həftənin təhlili - VİDEO
Çərşənbə günü AzVisionda yeni başlayan ilin bütün dünya üçün asan olmayacağını demişdik. Səbəb davam edən və sonu hələ ki, aydın görünməyən böhrandır. Amma bu həftə dövlət başçımızın keçirdiyi müşavirədən aydın oldu ki, 2021-ci il Azərbaycan üçün digər ölkələrlə müqayisədə xeyli uğurlu olacaq. Hətta bütün dünyada 3-4 faizlik iqtisadi tənəzzülün proqnozlaşdırılmasına baxmayaraq, Azərbaycanda əksinə, təxminən o qədər artım gözlənilir. Yada salaq ki, belə bir təcrübə artıq var: 2008-2009-cu illərdə başlayan böhran zamanı da bütün dünyada tənəzzülün fonunda Azərbaycan iqtisadiyyatı artmaqda davam edirdi. İlin yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlərdən aydın oldu ki, eyni çaya iki dəfə girmək olacaq:
- Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.
Dünya Bankı Azərbaycan iqtisadiyyatının gələn il 2 faizı yaxın artacağını proqnozlaşdırır. Hökumət isə 3.4 faiz. Niyə? Ona görə ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatımıza verəcəyi töhfə də nəzərə alınıb. Çox maraqlıdır, biz hələ o torpaqlara yenicə qayıtmışıq, ora hələ böyük yatrımlar qoyulmayıb, infrastruktur yaradılmayıb, müəssisələr qurulmayıb, amma həmin torpaqlar artıq bizim ümumi daxili məhsulun artımını 1.4 faiz qaldırır. Bütün bu ilər görüləndən sonra Qarabağ bölgəsinin Azərbaycan iqtisadiyyatında necə güclü drayverə çevriləcəyini təsəvvür etmək çətin deyil. Həmin region Azərbaycanın iqtisadi xəritəsinə tam inteqrasiya olunandan sonra ölkədə əsl iqtisadi bum yaşanacaq. Yəni qarşıdakı illərdə Azərbaycanı həqiqətən də çox gözəl gələcək – yaxın gələcək,- gözləyir. Bu, Böyük Qayıdığın iqtisadi effekti olacaq. Hələlik isə Böyük Qayıdışla bağlı bəzi siyasi məsələlərə də aydınlıq gətirmək lazımdır və dövlət başçısı cəmiyyətdə mövcud olan bəzi sualların dolayısı ilə nöqtəsini qoydu. Bu suallar əsasən Qarabağın hazırda ermənilərin kompakt yaşadıqları hissəsindəki vəziyyətin bəziləri üçün tam aydın olmaması, rusiyalı sülhməramlıların davranışları ilə bağlıdır. Bunun aydınlaşması üçün cənab Prezidentin sözlərindəki məntiqə fikir verək:
- Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq.
Burada icazəsiz Qarabağa gedən fransalı parlamentarilərin günahı dolayısı ilə buna imkan yaradan rusiyalı sülhməramlılarla bir tutulur. Və sanki belə alınır ki, Fransaya verilən notadan bir neçə cümlə də rusiyalı sülhməramlıların payına düşür. Bu, dolayısı ilə “qızım sənə deyirəm, gəlinim, sən eşit” məişət taktikasının geosiyasi miqyasa proyeksiyasıdır. Rusiya sülhməramlılarına xatırladılır ki, onlar qarşılarına qoylan məsələni düzgün həyata keçirmirlər. Sirr deyil ki, çox qısa vaxtda Azərbaycanda rusiyalı sülhməramlılara bağlı olduqca neqativ əhval-ruhiyyə formalaşıb. Səbəb onların bu cür davranışlarıdır. İstənilən azərbaycanlıdan soruşsanız, sizə sülhməramlıların rəhbəri Rüstəm Muradovun hərbi cinayətkar Araik Arutunyanla öpüşməsindən tutmuş, onun əshablərinin ermənilərlər digər formalarda mazaqlaşmağına qədər yüzlərlə fakt sadalayar. Halbuki, sülhməramlı missiyanın uğur qazana bilməsi üçün onların hər iki tərəfin ictimai rəyində müsbət obraz yaratmaları böyük əhəmiyyət daşıyır. Əgər bu məqam rusiyalı sülhməramlıları narahat etmirsə, demək, yadlarına salmaq lazımdır. Cənab Prezident heçdə boşuna xatırlatmadı ki, onların Azərbaycan tərəfin qarşısında da daşıdıqları məsuliyyət var.
- Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik.
Başqa sözlə, rusiyalı sülhməramlılar unutmasınlar ki, onların fəaliyyətinə imkan yaradan Azərbaycan tərəfidir və müəyyən hədlər keçilsə, başqa cür də ola bilər. Onlar bunu unutduqca missiyaları da təhlükə altına düşür,yəni sülhü qorumaq bir yana qalsın, əkisinə, onun pozulmaq riskləri artır. Azərbaycan öz erməni əhalisinin təhlükəsizliyinə də ən yüksək səviyyədə təminat verməyə qadirdir, Qarabağda sülhü qorumağa da. Rusiyalı sülhməramlılar ona görə buradadırlar ki, rəsmi Bakı regional təhlükəsizlik sisteminin demontajında yox, əksinə, qalmasında maraqlı olduğunu göstərir. Bu, elə bir təhlükəsizlik sistemidir ki, regionda maraqları olan digər tərəflərin də iştirakı nəzərə alınır və demək, daha dayanıqlı olmalıdır. Əgər rusiyalı sülhməramlıların Qarabağda mövcudluğu əksinə, regional təhlükəsizlik sistemini daha kövrək edəcəksə, deməli, nəsə düz getmir. Bu halda ortaya çıxan risklər yenidən dəyərləndirilməlidir. İkinci Qarabağ Müharibəsi ona görə başlamışdı ki, Ermənistan tərəfin Azərbaycan xalqını qıcıqlandırması artıq dözülməz səviyyəyə çatmışdı. İndi yenə də onlar Azərbaycanı qıcıqlandırmağa davam edirlərsə, bu dəfə məsuliyyət həm də ona imkan yaradanların olacaq. Prezidentin bu sözlərindən ciddi nəticə çıxarılmalıdır:
- İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq... + Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.
İşin ən maraqlı tərəfi budur: Bu sözlərdən sonra Ermənistanın reaksiyası nə oldu, nə cavab verdi? Heç nə! Halbuki, ermənilərə xas həyasızlığı nəzərə alsaq, onlar yəqin ki, başqa bir halda bu sözlərə yekə-yekə cavablar verməyə çalışardılar. Ən azından, təkkzib eləməyə cəhd göstərirdilər. Fəqət bu dəfə səslərini çıxarmadılar. Niyə? Görünür, vəziyyətin ciddiliyini və Azərbaycan prezidentinin dediyi sözlərin sadəcə söz olmadığını əla başa düşürlər. Ermənistan həqiqətən də məğlub tərəf olduğu ilə barışıb. Psixoloqlar deyirlər ki, insan ölümcül xəstə olduğu xəbərini alanda bir neçə mərhələdən keçir. Əvvəlcə inkar mərhələsi gəlir, o, inanmaq istəmir; sonra müqavimət göstərir, nəyisə dəyişə biləcəyinə özünü inandıraraq, çırpınır. Amma nəhayət, barışma mərhələsi gəlir: İnsan öləcəyi ilə barışır və sakitləşir. Ermənilər müharibədən sonra sanki bu mərhələləri bir-bir keçməkdədirlər. Əvvəlcə inanmaq istəmirdilər, yalanlar uydurur, özlərini və başqalarını aldatmağa çalışırdılar. Sonra reallığa müqavimət göstərdilər, məğlubiyyət faktını necə dəyişə biləsəkləri haqda düşünməyə, yollar axtarmağa başladılar. Və nəhayət, sakitləşiblər – yənni məğlubiyyətlə barışıblar; İndi onlara açıq şəkildə xəbərdarlıq ünvanlanır ki, siz bizim icazəmiz olmadan Qarabağa gələ bilməzsiniz və sakitcə qulaqlarını sallayıb, qəbul edirlər. Paşinyan bu xəbərdarlıqdan sonra yazdığı statusda iki məsələyə toxunmuşdu - əsirlərin dəyişdirilməsi və Naxçıvana gedən yol, halbuki, ayrı vaxt olsaydı, o, inadla, israrlar biz artsaxa getmişik, gedəcəyik, kimi sözlər üyüdərdi. Fəqət daha sınıblar. Azərbaycan isə onları hərb meydanında sındırmaqla kifayətlənmir, indi də hüquq və siyasət meydanında çox böyük miqyaslı və güclü hücuma başlayır. Söhbət heç də təkcə Ermənistanın vurduğu ziyanın tələb olunmasından getmir.
- Eyni zamanda, biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik. Orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz o gəliri götürməmişik. O da hesablanmalıdır. Həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır. Mən bəzi rəqəmləri səsləndirəcəyəm. Qırılan meşələr. Bu meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb. Qırılmış o meşələrin, ağacların bazar qiyməti hesablanmalıdır. Çünki bunlar satılıb və qanunsuz gəlir mənbəyi olubdur.
Azərbaycan Vətən müharibəsindəki qələbə ilə çox güclü kozırlar qazanıb və indi siyasi, diplomatik, hüquq müstəvilərində gedəcək savaşlarda onlardan istifadə etməlidir. Əgər hərb meydanında qazandığımız uğuru bütün bu istiqamətlərdə böyük qazanca çevirməsək, bu, bizim acizliyimiz və naşılığımız olmaqdan əlavə, ermənilərin hərb meydanında uduzduqları halda, siyasət və diplomatiya meydanında dirçəlmək şansı qazanmalarına gətirib çıxaracaq. Bu şansı isə onlara vermək olmaz. Ona görə də, qətiyyən rahatlanmaq, arxayınlaşmaq olmaz; biz necə ki müharibəyə qədər, Qarabağımız hələ işğalda olanda ermənilərə qarşı informasiya mübarizəsi aparırdıq, indi də bütün dünyada və bütün sferalarda Azad edilmiş Qarabağın yaralarını erməni vəhşiliyinin maddi sübutu kimi dünyaya tanıtmalıyıq. Burada ən azı bir neçə onillik ərzində görüləsi iş var hələ. Və bu işi bütün Azərbaycan xalqı, siyasətçiləri, ictimai fəalları, digər zümrələri birlikdə görməlidirlər. Dövlət başçımızın radikal müxalifətə ünvanlanmış sərt sözlərini də bu mənada bir danlaq kimi qəbul etmək lazımdır ki, görülməsi vacib olan bu qədər iş qaldığı halda, insanların fikrini azdırıb, Qarabağ mövzusunda qurama mövzulara yönəltmək indiki anda doğrudan da, bağışlanmazdır. Sülhməramlılarla bağlı deyilməsi lazım olanı da cənab prezident özü deyir, Qarabağın statusu ilə bağlı lazım olanı da... və burada açar söz “lazım olanı” kəlməsidir. O, özünün malik olduğu informasiyalarla və bildiyi təfərrüatlarla lazım olanı vaxtında müəyyənləşdirməyi bacarır, radikal siyasətçilər və sosial şəbəkə fəalları isə bunu bimirlər axı. Ona görə də, bu işləri dövlətin öhdəsinə buraxaq, vətəndaş özünün missiyasını həyata keçirməlidir: Ermənilərə qarşı əlimizdə olan faktları siyasi, diplomatik və mənəvi üstünlüyə çevirmək davasının əsgəri olmaq vaxtıdır.
- Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur.
Radikal müxalifətin haqqında danışarkən Azərbaycan prezidenti “biz bilirik onlar haradan idarə olunurlar” dedi. Bu həftənin ən maraqlı hadisələrindən biri xaricdən idarə olunan və xarici ölkələrdəki demokratiyanı öz dövlətinə nümunə göstərməyə çalışan inkubator müxalifətlərinin siyasi tərksilah edilməsində və sonuncu arqumentlərinin də əllərindən alınmasında böyük rol oynayacaq. Bəli, söhbət bütün dünyaya demokratiyanın “beşiyi” və “məbədi” kimi təqdim olunan Amerikadakı hadisələrdən gedir. 10 saat ərzində bu superdövlətin onillərlə yığdığı imic yerlə bir oldu. Tramp hakimiyyətdə olduğu illər ərzində onsuz da Amerika demokratiyasını cərrah masanın üzərinə uzadıb, ora-burasını kəsərək, içindəki xəstəlikləri göstərirdi: “Baxın, bunun mediası satılıb”, “Baxın, bunun siyasətçiləri sifarişlə işləyirlər”, baxın, baxın, baxın... Və sonda gördü ki, cərrah masasına uzatdığı xəstənin ora-burasını kəsməklə saalda bilmir, əlindəki skalpeli onun ürəyinə sapladı. Hər halda, proseslərə kənardan baxan məndə belə bir təəssürat oyanır.
Maraqlıdır: Tramp nə istəyirdi? Doğrudanmı o, düşünürdü ki, bir dəstə buynuzlu-quyruqlu adamın Konqresə soxulması ilə qosqoca Amerika Birləşmiş Ştatlarında seçkinin nəticələrinin ləğvi mümkündür? İnandırıcı deyil. Axı, o, hansısa ağılsız, təcrübəsiz adam deyil, milyardlar qazanan və dünyanın siyasət olimpinə yüksələn şəxsdir. Elə şəxs bu qədər ağılsız ola bilməz. Üstəlik, Tramp nə etdisə, özünə etdi: o, məğlubiyyətini qəbul edib, növbəti seçkiyə hazırlaşaraq, revanş götürə bilərdi. İndi isə kütləni küçəyə çıxarmaqla özünün siyasi gələcəyinin – bəlkə də ümumiyyətlə, gələcəyinin,- tabutuna böyük bir mıx vurdu. Niyə Tramp bunu eləsin ki?! Düzür, Donald əmi ekssentrik və emosional insandır, amma doğrudanmı o, ağıl və məntiqi kənara qoyaraq, emosiyalara o dərəcə də qapıldı ki, özünü küçə inqilabçısı, hətta anarxist hiss etməyə başladı? Mən onun emosiyalarını başa düşə bilərəm. Axı hər şey o qədər yaxşı başlamışdı və elə yaxşı gedirdi ki... Tramp hakimiyyətə gəldiyi 2016-cı ildən bu yana doğrudan da, Amerikanı yenidən böyük olmaq istiqamətində aparırdı. Ölkədə işsizlik son yarım əsrdəki ən aşağı səviyyəyə düşmüşdü, birja indeksləri dalbadal artım rekordları vururdular, əhalinin vəziyyətdən məmnunluğu son 15 ildə ilk dəfə 40 faizi aşmışdı... Bu ilin fevralında konqresə ölkədəki vəziyyyət haqqında hesabat verən Tramp böyük şövqlə bəyan etmişdi ki, “Amerika macərası hələ indi başlayır”:
– Bizim xalqımız – bizim rəsm çəkdiyimiz kətandır, bizim ölkəmiz – yaratdığımız şedevrdir. Biz sabahkı günə baxır, hüdudsuz üfüqlər görür, onlara doğru can atırıq. Bizim ən gözəl kəşflərimiz hələ edilməyib. Ən gözəl əhvalatlarımız hələ danışılmayıb. Ən böyük səyahətimiz hələ başa çatmayıb. Amerika dövrü, Amerika eposu hələ indi-indi başlayır. Ruhumuz gəncdir, günəşimiz indi-indi doğur, yaradanın lütfü bizim üzərimizdədir. Mənim əziz amerikaılarım, ən gözəl günlər hələ qabaqdadır!
Necə də şairanədir. “Ən gözəl günlər hələ qabaqdarır” – fevralın 4-ü idi Tramp bu sözləri deyəndə. Biz orta məktəbdə oxuyanda Puşkinin dünya ədəbiyyatının incisi olan “Yevgeni Onegin” poemasını keçirdik. Orada Tatyananın ərə gedəndən sonra Oneginlə rastlaşanda dediyi dəhşətli dərəcədə kövrək və təsirli monoloqunda belə məşhur misralar var: “A şastye bılo tak vozmojno... tak blizko!” Səməd Vurğun öz inci tərcüməsində həmin hissəni belə verib: “Onda səadət də lap yaxın idi, bəxtim gətirmədi, çıxdı əlimdən”. Eynilə Donald əmiyə aiddir. Tramp keçən ilin fevralında hədəflərinə və növbəti dəfə seçilməyə elə yaxın idi ki. Amma... Gözəl şairimiz Vaqif Səmədoğlu bir şeirində yazır ki, “Əlimi uzatdım sevincə sarı, gördüm, yox... arada kədər dayanıb”. Tramp ilə onun zəfərinin arasında iki hadisə girdi: Koronavirus və Corc Floyd. Pandemiya və black lives matter hərəkatı hər şeyi kəllə-mayallaq aşırdı. Və Tramp bunların heç birində adekvat yanaşma ortaya qoya bilmədi, nəticədə Amerika üçün ən ağır, ən gərgin, ən qara il oldu 2020. “A şastye bılo tak vozmojno...” Belə vəziyyətdə, taleyin belə haqsızlığı ilə üzləşəndə insan yəqin ki, istənilən ağır emosiyanı keçirə bilər, fəqət peşəkar siyasətçi yox. Tramp nəinki seçkini uduzdu, partiyasını da pis vəziyyətə saldı, hətta ölkəsini də...
Şübhəsiz ki, Trampın tərəfdaralarını küçəyə çağırması lazım emosiya idi, amma yəqin o, bu zaman buynuzlu oğlanların konqresə girməsini nəzərdə tutmamışdı. Kütlə ilə oynamağın ən pis və qorxulu tərəfi budur: İstənilən an vəziyyətə nəzarət itə və meydana ipləri başqa əllərdə olan kuklalalar daxil edilə bilərlər. Bunlar təhlükəli oyunlardır və kiçik bir səhvlə hər şeyi itirmək olar. Necə ki, Tramp itirdi.
Yəqin ki, hələ xeyli müzakirə ediləcək bu hadisə Amerikanın demokratiyası və dünyadakı imici üçün dəhşətli zərbədir. Onun doğurduğu suallar da həddindən artıq çoxdur: Doğrudanmı, küçədən gələn kütlənin Konqresə daxil olması bu qədər asandır?! Bəs onların arasında terrorçu olsaydı, necə? Əgər black lives matter hərəkartı da eyni şəkildə Kapitoliyə hücim çəksə, polis onları da içəri buraxardımı?