İtaliyanın məşhur jurnalı Azərbaycandan yazdı

İtaliyanın məşhur jurnalı Azərbaycandan yazdı
  25 Fevral 2014    Oxunub:1209
İtaliyanın məşhur “Limes” geosiyasi jurnalının növbəti nömrəsi Qafqaz regionuna həsr olunub. AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, jurnalda Qafqaz regionunun hazırkı siyasi vəziyyəti, bu bölgədə həyata keçirilən layihələr, Azərbaycanda müşahidə olunan inkişaf prosesi, ölkəmizin qlobal enerji bazarında rolunun artması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularla bağlı məqalələr yer alıb.

Ölkəmiz haqqında yazılarda Azərbaycanda müxtəlif sahələrdə əldə olunan uğurlar, sürətli iqtisadi inkişaf, enerji layihələrinin uğurlu icrası ilə bağlı məsələlərə toxunulur. Qeyd olunur ki, zəngin enerji ehtiyatlarına malik Azərbaycanın paytaxtı Bakı hələ keçmiş dövrlərdə neft sənayesinin güclü yüksəlişinin müşahidə edildiyi bir şəhər olmuşdur. Müstəqillik illərində bu sahə daha sürətlə inkişaf etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin önəmindən söz açılan məqalələrdə ölkəmizdə neft və qaz ehtiyatlarının səmərəli istifadəsi istiqamətində mühüm işlərin görüldüyü vurğulanır.

Yazılarda “Şahdəniz” Konsorsiumunun Azərbaycan qazını Avropaya çatdırmaq üçün “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsini seçməsi yüksək qiymətləndirilir. Bildirilir ki, ötən ilin dekabrında Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması layihənin reallaşması üçün mühüm addım olmuşdur. “Cənub” qaz dəhlizinin aparıcı tərkib hissəsi olan TAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir.

Jurnalda yer alan “Azərbaycan, yeni regional güc” sərlövhəli məqalədə Cənubi Qafqazın lideri olan ölkəmizin geosiyasi əhəmiyyəti və qüdrəti xüsusi vurğulanır. Diqqətə çatdırılır ki, dinamik inkişafın müşahidə olunduğu Azərbaycana yatırılan sərmayələrin həcmi artmaqdadır. “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan hökuməti enerji sektorunu xarici investorlar üçün açıq elan edib.

Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu digər bir məqalədə isə regional inkişafa böyük mane törədən bu problemin səbəbləri araşdırılır. Qeyd olunur ki, münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunmuş və bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə olunmasına baxmayaraq, cəbhə xəttində vəziyyət hələ də gərgindir. Yazıda münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunulur.


Teqlər:





Xəbər lenti