Ukrayna ətrafında mürəkkəb oyun: Azərbaycan nə etməlidir – TƏHLİL

      Ukrayna ətrafında mürəkkəb oyun:    Azərbaycan nə etməlidir –    TƏHLİL
  22 Aprel 2021    Oxunub:11905
Rusiya ilə Ukrayna arasında gərginliyin pik həddə olduğu bir məqamda ABŞ prezidenti Co Baydenin Moskva ilə dialoqa həsr olunmuş çıxışı regionda nisbi də olsa, sabitlik yaratdı. Bayden çıxışında rusiyalı həmkarını danışıqlara dəvət etdi və gözləniləndən daha yumşaq sanksiyaları onunla əsaslandırdı ki, Moskva ilə münasibətlərinin yeni səhifədən başlamasını istəyir.
Bunun ardınca Amerika hərbi gəmilərinin Qara Dənizə girişinin təxirə salınması Ukraynada böyük müharibənin başlanacağı ehtimalını azaltsa da, Ağ evlə Kreml arasında olan fikir ayrılıqlarının tam aradan qalxdığını demək doğru olmaz. Vaşinqton Rusiyada həbs olunan müxalifətçi Aleksey Navalnının taleyindən narahatlığını dilə gətirir və Ukraynaya münasibətdə işğalçı siyasətdən əl çəkməyə çağırırmaqla yanaşı, yeni sanksiyalarla hədələməyi də unutmur. Moskva isə hələ ki, Baydenin Putinlə görüşmək istəyinə müsbət cavab verməyib və öz diplomatlarının Amerikadan çıxarılmasının əvəzində ABŞ səfirini evinə göndərib.

Hadisələrin təhlilindən belə qənaətə gəlmək olar ki, Ukrayna ilə bağlı süni gərginliyin yaradılması əslində Moskvanın Ağ evdəki yeni administarasiya ilə öz maraqlarına uyğun münasibət qurmaq üçün təzyiq vasitəsidir. Baydenin Putini dialoqa dəvət etməsi indiki halda Vaşinqtonun bu təzyiq qarşısında geri çəkildiyinin göstəricisidir, sanksiyalar isə yeni prezidentin seçkiqabağı kampaniya ərzində verdiyi “Rusiyanı cəzalandırmaq” vədini tutduğunu nümayiş etdirmək üçün daxili auditoriyaya hesablanmış addımdır. Təbii ki, Rusiya bunu anlayır. Amerika səfirinin geri göndərilməsində əsas məqsəd ikitərəfli münasibətlərin yenidən qurulması üçün Moskvanın şərtlərinin Ağ evə çatdırılmasıdır.
+++
Co Baydenin Barak Obama dövründə vitse-prezident vəzifəsində çalışdığını nəzərə alsaq, elə Obama dövrünün siyasi xəttinə sadiq qalacağını ehtimal etmək olar. Bu nöqteyi-nəzərdən, həmçinin, ümumiyyətlə, demokratların xarici siyasətdə aktiv hərbi müdaxilə tərəfdarı olmamalarını əsas gətirərək, deyə bilərik ki, Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlanacağı az ehtimal olunur.

Ancaq digər tərəfdən, demokratların hakimiyyəti dövrü “məxməri inqilab”larla yadda qaldığı üçün, Putin hökümətinin narahat olmasına kifayət qədər əsas var və müxalifətçi Navalnının həbsi mümkün inqilab ssenarilərinin reallaşmasının qabağını əvvəlcədən almaq məqsədi daşıyır.

Ukraynada müharibə ritorikasının güclənməsində maraqlı olan prezident Zelenski isə Krım və Donbas ərazilərinin azad ediləcəyi ilə bağlı bəyanatlar səsləndirməklə, bir tərəfdən düşməkdə olan siyasi reytinqini bərpa edir, digər tərəfdən Rusiyanın mümkün hərbi müdaxiləsindən sığortalanmaq üçün beynəlxalq koalisiyanın yaradılmasına çalışır. Türkiyə prezidenti ilə görüş və Ərdoğanın “Krım platforması”nı dəstəkləməsi Zelenski üçün Rusiyaya qarşı növbəti güclü dəstəkçi qazanması anlamına gəlir.

Təbii ki, Ankara Ukraynanın “ərazi bütövlüyü uğrunda” Rusiya ilə münasibətlərini korlamaq niyyətində deyil və əsas məqsəd yeni geosiyasi oyunda iştirakçı olmaq, Vaşinqtonun özü ilə heblaşmasını təmin etməkdir. Ukrayna ilə imzalanmış sazişlər, Rusiya ilə mövcud münasibət Ankaraya imkan verir ki, mümkün gərginlik yaranacağı halda Kiyevlə Moskva arasında vasitəçilik etsin. “Krım tatarlarının hüquqlarının bərpa edilməsi” istəyi isə Türkiyənin regiona müdaxiləsinə “mənəvi legitimlik” qazandıracaq faktordur.

Azərbaycana gəldikdə isə, prezident İlham Əliyev ölkəmizin Ukrayna kimi ABŞ, Rusiya və Türkiyə arasında çəkişmə predmetinə çevrilməsinə imkan verməmək üçün bütün gərəkli siyasi gedişləri həyata keçirməkdədir. Bu mənada, Azərbaycan üçün ən təhlükəli vəziyyət Moskvanın ABŞ-a təzyiq vasitəsi kimi bölgədəki münaqişəni alovlandırmaq istəyinə düşməsi ola bilər. Rusiya üçün ən təhlükəli məqam isə, Azərbaycanın Ukrayna və Türkiyə ilə birgə ona qarşı hansısa koalisiyada birləşməsi ehtimalıdır.

Prezident İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışındəkı çıxışı zamanı “2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum. Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da “narıncı inqilab” dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu, indi hər kəs görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür” fikrini səsləndirməsi, ardınca, ADA universitetində keçirilən beynəlxalq konfransda “Mən ABŞ-ın burada olmalı olduğunu demirəm, lakin yeni administrasiyadan bizə heç bir mesaj daxil olmadı. Administrasiya yanvardan formalaşıb, bu gün apreldir. Cənab Blinken Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmamışdır”,- deyə çıxışlar etməsi heç də təsadüfi deyildi.

Bu, ilk növbədə Rusiyaya mesajdır. Prezident “xarici paytaxtlarda inqilab ssenarilərinin” hazırlanmasını pisləməklə, bir tərəfdən Rusiya ilə eyni mövqedə olduğunu və Moskvaya qarşı hər hansı koalisiyaya qoşulmayacağını bəyan etməklə yanaşı, eyni zamanda, ABŞ-ın yeni dövlət katibi Blinkenin onunla deyil, Paşinyanla məsləhətləşdiyini dilə gətirməklə, dolayı yolla məhz Yerevanın Vaşinqtonla birlikdə mümkün anti-Rusiya kampaniyalarında iştirakına işarə edir.

Tofiq Vahid
Azvision.az

Müəllifin digər yazıları:

Ermənistan dolaşıq yolayrıcında: Atlar dəyişiləcəkmi? – TƏHLİL



Teqlər:





Xəbər lenti