`Sovetski` sakinləri ilə görüş keçirildi

 `Sovetski` sakinləri ilə görüş keçirildi
  04 Mart 2014    Oxunub:1506
Abid Şərifov: Heç kim evindən zorla köçürülməyəcək
AzVision.az AzərTac-a istinadən xəbər verir ki,martın 3-də Yasamal Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun sədrliyi ilə Bakının “Sovetski” adlandırılan məhəlləsinin sakinlərinin yaratdığı təşkilat komitəsinin üzvləri ilə görüş keçirib.

Abid Şərifov bildirdi ki, fevralın 17-də keçirilən görüş zamanı “Sovetski” adlandırılan məhəllənin sakinlərinin yaratdığı təşkilat komitəsinin üzvləri tərəfindən doqquz sualdan ibarət müraciət ünvanlanmışdır. Bu suallar araşdırılmış və hər biri ayrı-ayrılıqda cavablandırılıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov təşkilat komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxudu. Bildirildi ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır. Yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastruktunun genişləndirilməsi üçün aparılacaq tikinti Mülki Məcəllənin 565-ci maddəsinə uyğun olaraq alqı-satqı ilə həyata keçiriləcəkdir. Buna görə də satınalma mənzil sahibi ilə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Razılaşma olduqda məbləğ sakinlərin hesabına köçürüləcək.

Qeyd olundu ki, ərazidə yerləşən binaların əksəriyyəti mövcud tikinti və yaşayış normalarına uyğun gəlmir.

Kommunikasiya sistemləri yaxşı vəziyyətdə deyildir. Son dövrlərdə daşınmaz əmlakın hər bir kvadratmetrinin qiymətinin 1500 manatdan az olması müəyyən edilib. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu da bazar qiymətinə uyğundur.

Sonra sakinlərin yaratdığı təşkilat komitəsinin üzvlərinin sualları cavablandırılıb.

Abid Şərifov bir daha dedi ki, mövcud qanunlara görə insanlar öz evlərindən yalnız razılıqla köçürülə bilər. Sakinlərin razılığı olmadan onlar evlərindən köçürülməyəcək.

Baş nazirin müavini inventarlaşma işlərinin aparılacağını da söylədi. O bildirdi ki, hər evin bir kvadratmetri üçün 1500 manat təklifi qüvvədə qalır. Kim təkliflə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər.

Əlavə olaraq hər ailə başına 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat nəqliyyat haqqı veriləcəyi bildirildi. Abid Şərifov əlavə etdi ki, bu qiymət kimləri qane etmirsə, onlar öz evlərində yaşayacaqlar. Heç kim evindən zorla köçürülməyəcək.

Sonda görüşlərin davam etdiriləcəyi ilə bağlı razılıq əldə olunub. Yasamal Rayon İcra Hakimiyyətində köçürülmə prosesi ilə bağlı yaradılmış işçi komissiya həftənin altı günü fəaliyyət göstərir.


Teqlər:  





Xəbər lenti