FHN-nin tədbirləri davam edir

FHN-nin tədbirləri davam edir
  04 Mart 2014    Oxunub:6091
FHN-nin Bakı Regional Mərkəzinin “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktiki tədbirləri davam edir.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi martın 4-də Binəqədi rayonundakı 126 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət keçiriildi.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxış etmişlər. Tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və sairlə bağlı ətraflı məlumat veriblər.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı zəhərlənmələrinə qarşı mübarizə ilə bağlı videoçarxlar nümayiş olundu.

Daha sonra zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilmişdir. Əvvəlcə şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan olunmuşdur. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi əksini tapıb.

Tədbirin gedişində şagirdlərin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şerlər alqışlarla qarşılanıb.

Həmçinin məktəbin həyətində Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıq, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə və üzmə vasitələri, Mülki Müdafiə Qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıq, xüsusi kinologiya avtomobili, eləcə də Tibb Xidmətinin əməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olundu.

Bundan əlavə, məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilməsi məqsədilə ərazidən uzaqlaşdırılıdı.

Tədbir Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatdı.



Teqlər:  





Xəbər lenti