Qax və Bormio şəhərləri qardaşlaşdı

Qax və Bormio şəhərləri qardaşlaşdı
  09 Mart 2014    Oxunub:1951
Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb.
İtaliyada Qax və Bormio şəhərlərinin qardaşlaşması haqqında sənədin imzalanma mərasimi olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov, Qax Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli, Bormionun meri Cüzeppe Okki, bu şəhərin yerləşdiyi Lombardia region hökumətinin təmsilçiləri, meriyanın əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasimdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılan, şəhərlərin qardaşlaşmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, sənədin imzalanması Qax ilə Bormio şəhərləri arasında əməkdaşlıq istiqamətlərinin və layihələrin təsbit olunmasında mühüm önəm kəsb edir.

Sonra Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb.

Musa Şəkiliyev və Cüzeppe Okki tərəfindən imzalanmış sənəddə iki şəhər arasında mədəniyyət, humanitar, elm, incəsənət təhsil, iqtisadi-sosial və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İtaliya və Azərbaycan şəhərləri arasında daha sıx əlaqələrin yaradılması baxımından əhəmiyyətli addım qardaşlaşma münasibətlərinin qurulması ənənə halını alıb. Artıq Genuya ilə Sumqayıt, Çerveteri ilə Lənkəran, Valmontone ilə Göyçay, Pozitano ilə Naftalan şəhərlərinin qardaşlaşmasına dair müvafiq əməkdaşlıq sənədləri imzalanıb. Həmçinin Turin ilə Gəncə vä Florensiya ilə Şəki ilə bağlı razılıq əldə olunub.


Teqlər:





Xəbər lenti