Tehranın nüvə proqramına gizli dəstək verən kimdir? Regionda arzuolunmaz “Hindistan izi” – TƏHLİL

   Tehranın nüvə proqramına  gizli dəstək  verən kimdir? Regionda arzuolunmaz “Hindistan izi” –    TƏHLİL
  12 İyun 2021    Oxunub:4146
Ədalət Verdiyev
Hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün

İranla nüvə anlaşmasının yenidən imzalanması mümkündürmü? Bu, hazırda aktual suallardan biridir. İndiyə qədər ABŞ ilə İran arasında birbaşa qarşılıqlı əlaqədən söhbət getməyib, vasitəçilərin köməyi ilə danışıqlar aparılıb. Əvvəlcə İranın nüvə proqramında iştirak edən obyektlərin siyahısına, ardınca isə adı çəkilən Sazişin tələbləri və bu istamətdə baş verən son proseslərin xronoloji ardıcıllığına nəzər salaq.
İranın nüvə proqramının coğrafiyası

İranın mübahisəli nüvə proqramı uranın saflaşdırılmasından, atom elektrik stansiyasında enerji istehsalından və bir neçə obyektdə aparılan nüvə tədqiqatlarından ibarətdir. Bu obyektlərin əksəriyyətinı MAQATE-nin beynəlxalq müfəttişləri nəzarət edir, az bir hissəsi gizlidir, bir qisminin də hələ tikintisi başa çatmayıb.

MAQATE hazırda İranın Ənarak, Əraq, Ərdəkan Bonab, Buşəhr, Çalus, Dərxovin, Fordo (Qum), İsfahan, Kərəj, Ləşkərabad, Ləvizan (Tehran), Natanz, Pərşin, Səghənd, Yəzd və Tehran reaktorları barədə məlumatlıdır. İran bu obyektləri havadan mükəmməl olmasa da, amma rəqib planlarına qismən mane ola biləcək HHM vasitələrilə qoruyur. Yerüstü təhlükəsizlik isə daha yüksək səviyyədədir.

Uranın saflaşdırılması istiqamətində fəaliyyətin əsas hissəsi Natanz şəhərində yerləşən zavodda aparılır. Minlərlə sentrifuqada nüvə yanacağına çevrilmək üçün uranın təmizlənib, saflaşdırıldığı obyekt yerin altında yerləşir. Yüksək səviyyədə saflaşdırılmış urandan nüvə silahının istehsalında istifadə edilməsi planlaşdırılır. Keçən illər ərzində bu zavodun kompüterlərinə virus yoluxması, yanğın və kiçik həcmi partlayışlara rast gəlinib. İran zavodda əlavə sentrifuqaların yerləşdirilməsinə çalışır, lakin beynəlxalq sanksiyalar texnologiyanın ixracında bir sıra çətinliklər yaradıb.

İranın Qum şəhəri yaxınlığında yerləşən Fordo obyekti haqda ilk məlumatlar 2009-cu ildə yayılıb. Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu obyekti barədə məlumatlar dərc etsə də, burada nə qədər sentrifuqanın fəaliyyət göstərdiyi məlum deyil.
Buşehr atom elektrik stansiyası Rusiya tərəfindən inşa edilib. İranın və ümumilikdə Yaxın Şərqin ilk atom elektrik stansiyası 60 meqavat elektrik enerjisi istehsal edir. Buşehr stansiyasının inşasına 1995-ci ildə başlanıb və onun yanacaqla (uranla) təminatı Rusiya tərəfindən həyata keçirilirdi.
Tehrandakı tədqiqat reaktoru 1993-cü ildən Argentinadan gətirilən aşağı səviyyədə zənginləşdirilmiş uranla işləyirdi. İndi Argentinadan təchizat dayandırılıb, hazırda reaktorun daha yüksək səviyyədə saflaşdırılmış uranla çalışdığı ehtimal olunur.


İsfahandakı nüvə texnologiyaları mərkəzində Çində istehsal edilmiş tədqiqat reaktorlarından istifadə olunur.
İranın Arak regionunda soyutma sistemi üçün “ağır su”yun istifadə edildiyi nüvə reaktoru da inşa edib.
Dərxovin reaktoru isə yerli mühəndislərin layihələndirdiyi ilk nüvə elektrik stansiyasıdır. 360 meqavat gücə malik stansiyanın istifadəyə verilməsi barədə məlumatlara rast gəlinmir.

Diplomatik dolanbaclar

Müxtəlif fasilələrlə təqribən 12 il sürən danışıqlardan sonra, nəhayət, İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Aİ arasında 2015-ci il iyulun 14-də Vyanada İranın nüvə proqramı üzrə Birgə Fəaliyyət Planı imzalanmışdı. Bu Saziş qlobal güclərin maraqlarının toqquşduğu mühüm bir məsələ ilə bağlı tarixi nailiyyət kimi dəyərləndirilirdi.
Altılığa daxil olan Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya digər tərəfdə dayanan İranla üzun illərdir danışıqlar aparıblar. İran daim Çin və Rusiyanı “müttəfiq” hesab edərək, “3+3” düsturunu üstün tuturdu, Almaniyanı isə oyundan kənarda saxlamağa çalışırdı. İndi Hindistan da dondurulan proseslərə qoşulmağa çalışır.
Xamenei: "BCM həbs yox, edam hökmü çıxarmalı idi"

İmzalanan gün ictimaiyyətə təqdim olunan Sazişin mətninə əsasən, 15 il ərzində İranın az saflaşdırılmış uran ehtiyatları 98 faiz azaldılaraq, ümumi çəkisi 10 tondan 300 kiloqrama endirilməli idi. İran sentrifuqaların sayını 19000-dən 6104-ə qədər, yəni 60 faiz azaltmalı idi, növbəti 10 ildə onlardan yalnız 5060-nın uranın saflaşdırılmasında istifadəsinə icazə verilirdi. 15 il ərzində İran uranın saflaşdırılmasını 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlamalı, bəzi nüvə obyektlərində bu prosesi tamamilə dayandırmalı idi. 15 il ərzində İran heç bir yeni uran saflaşdırma obyekti inşa edə bilməzdi.

Bu tədbirlərin sayəsində növbəti 10 il ərzində İranın razılaşmanı pozacağı təqdirdə, nüvə silahı hazırlaması üçün Tehrana 2-3 ay deyil, ən azı bir il vaxt lazım olacağı ehtimal edilirdi. Lakin Tehranı tələbləri yerinə yetilmədiyi aşkardır. Həm yeni obyektlər inşa edildi, həm sentrifuqaların sayı artırıldı, həm də uranın saflaşdırılması 60 faizə çatdırıldı.

Nüvə razılaşması İranın sanksiyalardan qurtulmasına imkan verdi, lakin 2018-ci ildə Donald Tramp bu anlaşmanı "ən pislərdən biri" adlandıraraq, ABŞ-ı Sazişdən çıxardı. Yenidən İrana qarşı sərt sanksiyalar tətbiq edildi, Tehran da buna cavab olaraq, nüvə proqramını mümkün qədər aktiv şəkildə inkişaf etdirməyə başladı. Bu aktivlik kənardan texnologiya idxalı olmadan mümkün hesab edilmirdi, lakin inkişaf artıq baş verib.

Danışıqların baş koordinatoru Enrike Mora da yalnız "Növbəti turda nəhayət bir razılaşma əldə edəcəyinə" inandığını söyləyib. Bunu İngiltərə, Fransa və Almaniyadan Vyana danışıqlarına qatılan diplomatlar da təsdiqləyiblər. Onlar hələ də bu mövzu ətrafında daha ehtiyatla danışırlar.
Onların birgə bəyanatında deyilir: "Biz irəliləməyə davam edirik. Gələcək sazişin vacib hissələri artıq hazırlanıb, lakin ən çətin qərarlar hələ verilməlidir. Əgər hər şey razılaşdırılmayıbsa, deməli, hələlik heç nə razılaşdırılmyıb. Biz bu prinsip əsasında çalışırıq".


Vyana danışıqlarında İranı təmsil edən Abbas Arakçı "anlaşmanın yenilənməsindəki əngəllərin mürəkkəb olduğunu, ancaq aşılmaz olmadığını" deyərək, İranın rəsmi mövqeyinin yumşaldığı siqnalını verir. "Təfərrüatların önəmli olduğunu və İranın mövqeyinə hörmətlə yanaşmağın vacibliyini" qeyd edən Arakçı "fikir ayrılıqlarının həll olunmayacaq həddə çatmasına inanmadığını" da bildiririb.
O, deyəsən 2021-ci ilin aprelində İran ilə MAQATE arasında nüvə proqramına nəzarət haqqında razılaşmanın müddətinin bitdiyini unudub. Təşkilat İranın nüvə təsisatlarının məlumatlarına və şəkillərinə giriş hüququnu artıq itirib və nəzarətin nə zaman bərpa ediləcəyi tam aydın deyil.
Tehranda bir çoxları, bəlkə də Ruhaninin özü də, yenidən fəallaşmaqda olan atom obyektlərinin işini ləngitmək istəməzdi. Çünki bir neçə kiloqram yüksək dərəcədə saflaşdırılmış uran İranın növbəti danışıqlarda əlini xeyli gücləndirə bilər.

2015-ci il müqaviləsinə əsasən, İran uranı yalnız 4 faizə qədər saflaşdıra bilərdi. Bu səviyyə urandan yalnız yanacaq kimi və tədqiqat işləri üçün istifadə olunmasına imkan verirdi. Nüvə silahlarının yaradılması üçün 90 faizə qədər saflaşdırılmış urandan istifadə olunmalıdır.

Bir sıra təxminlərə görə, son vaxtlar İranın nüvə sənayesinin templəri ölkə sənayesinin rəsmən sahib olmadığı texnologiyalardan faydalandığını göstərir. Bir sıra göstəricilərə görə, İranın nüvə zavodları, MAQATE-nin nəzarəti dayandırılandan sonra, 2021-ci ilin aprelindən uranı 60 faizə qədər saflaşdırmağa başlayıb. Bundan sonra qurumun baş direktoru Rafael Qrosse "60 faiz demək olar ki, silah sinifidir" deyə narahatlığını gizlətmədi. O zaman sual olunur: İran tərəfindən müasir nüvə texnologiyalarının əldə edilməsi sanksiyalar altında olduğu halda, Tehran uranın 60 faizlik saflaşdırılmasına necə nail olub?

Hindistandan dəstək mesajları

ABŞ-ın sərt anti-İran sanksiyaları qarşısında Hindistan Tehranla münasibətlərdəki aktivliyini səngitmir. Vasitəçilər zəncirilə olsa da, Hindistan İran neftini alır və aktiv ticarət aparır. İranın bəzi nüvə texnologiyalarını Hindistandan əldə etdiyinə dair şübhələr artmaqdadır.

Bu gedişlə 2021-ci ilin sonunda İranın yeni bir nüvə gücünə çevrilməyə çox yaxın olması ehtimalı artır. Rəsmi Delhinin İranla bağlı yeni mövqeyini elan etmək üçün Rusiyanın da üzv olduğu BRICS platformasının seçilməsi də təsadüfi deyil. Real nəticələri olmasa da, Hindistan ilə Çinin qismən müsbət qarşılıqlı əlaqəsi yalnız BRİCS çərçivəsində müşahidə olunur. Hindistan nümayəndə heyətinin təklifilə, qurumun sonuncu sammitinin yekun açıqlamasındakı bəyanatı da maraqlıdır: "BRİCS Xarici İşlər Nazirləri İranın nüvə probleminin sülh, diplomatik və beynəlxalq hüquq yolu ilə həll olunmasının vacibliyini vurğulayır və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin tam yerinə yetirilməsinə çağırırlar".

Hindistanın birdən-birə İranı dəstəkləyən bəyanatla, həm də Tehranla geniş iqtisadi əlaqələri olan ölkələr qarşısında çıxış etməsi və birgə bəyanat barədə təklif verməsi təsadüfi hesab oluna bilməz. Araşdırdıqda məlum olur ki, Hindistan dünyanın ən böyük qaz yataqlarından biri olan "Farzad-B" də daxil olmaqla, İranın xammal yataqlarının işlənməsi üçün bir sıra layihələr əldə edib və onları həyata keçirməyə hazırlaşır. Vyanadakı "Hərtərəfli Birgə Fəaliyyət Planı"na aid danışıqlarda müşahidə olunan irəliləyiş isə Hindistanın iştahını bir qədər də artırıb. Bu bəyanatla Delhi həm İranın yanında özünü yaxın müttəfiq kimi göstərir, həm də gələcək yatırımlarını İranın nüvə silahı ilə zəmanət altına almağa çalışır.

Nəticə

Mayın sonunda MAQATE İranın 60 faizə qədər saflaşdırılmış 2.4 kiloqram uran istehsal etdiyini bildirmişdi. Bu səviyyə üçün Tehran heç bir razılaşmaya malik deyil. MAQATE mütəxəssislərinin fikrincə, İran fərqli səviyyələrdə zənginləşdirilmiş 3.2 min kiloqramdan çox urana malikdir. Güründüyü kimi, artıq kifayət qədər təhlükəli bir vəziyyət yaranıb.

İran hazırda xaricdən avadanlığın gətirilməsi məsələsində sanksiyalara görə bəzi problemlərlə qarşılaşır. Amma sanksiyalar altında belə, yeni nailiyyətlər əldə etməsi hansısa nüvə ölkəsinin Tehrana birbaşa dəstək verdiyini göstərir. Bu dövlətlərin isə Rusiya və ya Hindistan ola biləcəyi ehtimalı çox böyükdür. Rusiya bu məsələdə bir az daha diqqətli davranmaq məcburiyyətindədir, amma Delhi barədə bunu demək doğru olmazdı.

Deməli, hazırda İrana dəstək verən digər bir nüvə dövləti olan Hindistan, ona aid olmayan regionda baş verən proseslərə müdaxilə etməyə çalışır. Ermənistanın da atom sahəsində potensialını nəzərə alaraq, onun sərhədlərinə yaxın ərazidə Hindistanın peyda olması rəsmi Bakının diqqətindən qaçmamalıdır.
Baş verən hadislərə fonunda sərhədlərimizdə ikinci və ya uzaq perspektivdə üçüncü bir nüvə dövlətinin yaranması heç bir halda Azərbaycanın maraqlarna cavab vermir. Biz də bu nüvə proqramlarına qarşı səssiz qalmalı deyilik, çünki bu tip silahların əldə edilməsi regionda mövcud olan kövrək sabitliyin hər an pozulmasına gətirib çıxara bilər.

Digər tərəfdən isə, İranın və ya Ermənistanın real çəkindirmə silahına malik olması, daha böyük potensiala malik ölkələri - məsələn, Türkiyəni, Misiri və ya Səudiyyə Ərəbistanını uranın saflaşdırılmasına meyilləndirməklə bərabər, İsrailin rəsmən bəyan etmədiyi nüvə başlıqlarının leqallaşdırılmasına gətirib çıxarar. Bütün bunlar isə nəinki Qafqazda, həm də Asiyada və Yaxın Şərqdə çox ağır gərginlik yaradar. Odur ki, bu məsələlərin müzakirəsi başlamazdan öncə tərəfdaşlarımızla mövqelərimizi dəqiqləşdirməli, zərurət yarandıqda isə “saatlarımızı uyğunlaşdırmalıyıq”.

Ədalət Verdiyev
Hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün



Teqlər: İran   Nüvə-proqramı  





Xəbər lenti