- İqlim dəyişikliyi, yağıntıların və çaylarda su ehtiyatının az olması ilə əlaqədar Kürün qollarında, Araz və digər çaylarımızda son illərdə quraqlıq müşahidə olunur. Suyun azalması nəticəsində biz su anbarlarını doldura bilmirik. Bu da həm ekoloji, həm iqtisadi, həm də sosial baxımdan təsirini göstərir. Çayda suyun səviyyəsi aşağı düşdükcə Xəzər dənizilə Kürün arasındakı fərq azalır. Yüksək dalğalar zamanı Xəzərin suyu Kür boyu 40-50 metr və daha çox əraziyə yayılır. Bu baş verdikcə Kürün duzluluğu artır. Dəniz suyu ilə Kürün qarışmasının qarşısını almaq məqəsdilə hansısa qurğunun inşasına ehtiyac var. Ancaq ilk növbədə geniş monitorinqlər aparılmalı, təhlillər edilməlidir. Çayın dibi, orada olan çöküntülərin vəziyyəti öyrənilməlidir. Əvvəlki dövrlə müqayisədə hansı dəyişikliklərin olduğu analiz edilməlidir. Ümumiyyətlə, Kürün qolları kompleks şəkildə təhlil olunmalıdır.
Neftçalada su problemi: “Azərsu” nə deyir? |
Biz mütəmadi monitorinq aparırıq. Kürün duzluluğunu təhlil edirik. Müxtəlif versiyalar var. Kür ətrafı şoran ərazidir. Orada qrunt suları da duzludur. Onların da müəyən təsiri ola bilər. Bu ərazilərdən qrunt sularının Kürə daxil olması öyrənilməlidir. Burada hər bir komponentin rolu ola bilər. Biz ona görə də qrunt sularının monitorinqini aparırıq. Avropa su layihəsi çəriçivəsində monitorinq və müxtəlif ölçmə işləri aparılacaq. Bunun nəticəsində atılası addımlar müəyyənləşdirilərək, xidmətə təqdim ediləcək. Təhlil aparmadan, ölçmənin nəticələrini analiz etmədən hər hansı bir qurğu ilə müdaxilə etmək çətindir.
Çaylarda 5-6 il çoxsulu dövr olur, ondan sonra isə azsulu illər gəlir. Mən ümid edirəm ki, biz indi azsulu dövrdəyik. Güman ki, yaxın illərdə çoxsulu dövr başlamalıdır. Və Kürdə kifayət qədər su olacaq, biz anbarlarımızı doldura biləcəyik.
Kürün suyunun azalması ilə bağlı əhali arasında ayrı söz-söhbət gəzir. Sosial şəbəkəyə də yol tapan şayiələrə görə, çayın suyunun böyük bir hissəsi nasoslarla hansısa məmurlara məxsus təsərrüfatının suvarılmasına vurulur ki, bu da Kürün suyundan qidalanan rayonların əhalisini problemlərlə üz-üzə qoyur. Məsələyə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimovla aydınlıq gətirməyə çalışmışıq.
- Hərənin öz fikri var. Çətinliyə düşəndə belə iddialar ortaya atılır. Müəyyən yerlərdə nəsə ola bilər. Bizim borcumuz suyu istifadəçilərin arasıda bərabər, proporsional qaydada, əkin sahəsinə görə bölməkdir. Hazırda pambıq bitkisinin birinci və ikinci vegetasiya suvarması davam etdirilir. O elə bitkidir ki, suyunu vaxtında verməyəndə məhsuldarlıq aşağı düşür. Heç kim də su növbəsini gözləmək istəmir. Müəyyən narazılıqlar yaranır. Hamı öz növbəsində suvararsa və sudan qənaətlə istifadə edərsə, boş yerə axıtmazsa, belə söz-söhbətlər də ortaya çıxmaz.
Səhmdar cəmiyyətinin rayonlara ezam etdiyi aparat işçiləri, yerli suvarma sistemləri idarələrinin mütəxəsisləri sahələrdə olmalı və suyun bölüşdürülməsinə, qeyri- dövlət qurumu olan birliklərin sudan istifadə işinə nəzarət etməlidir. Buna uyğun olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC suyun bölüşdürülməsində olan pozuntuların aradan qaldırlmasına cəlb edilir.
Q.Kərimov daha bir problemə də diqqət çəkib. Onun sözlərinə görə, Araz su anbarına bu il 50 milyon kubmetr az su yığılıb. Bu isə Araz çayı üzərində olan bir sıra yerlərə - Füzuli, Beyləqan, Ağcabədi, Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarına suyun verilməsində müəyyən çətinliklər yaradıb.
- Araz çayından qidalanan rayonların əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına saniyədə 25 kubmetrə qədər su verilir. Kür çayı üzərində olan 300-ə yaxın nasos stansiyası saniyədə 400 kub metr su götürür. Ancaq onların hamısı eyni vaxtda işləmir. Həmin nasos stansiyalarının iş rejiminə də limit qoyulur ki, Kürün aşağı axınında yerləşən Salyan, Neftçala rayonlarında olan su çətinliyi aradan qaldırılsın.
Şahanə Rəhimli
Azvision.az