14620 əlil Prezident təqaüdü alacaq

14620 əlil Prezident təqaüdü alacaq
  18 Mart 2014    Oxunub:3375
Aprelin 1-dən Azərbaycanda 14 620 nəfər birinci qrup əlil Prezident təqaüdü alacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilsin və onun aylıq məbləği 60 manat müəyyən olunsun.

Bu fərmanla təsis edilən təqaüdü dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir.

Nazirin sözlərinə görə, birinci qrup əlillərə sağlamlığında problem olan şəxslər, o cümlədən peşə fəaliyyəti, hərbi əməliyyatlar zamanı əlil olmuş, eləcə də Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslər aiddirlər: "Beləliklə, həmin insanlar sosial müavinət olaraq hər ay aldıqları 67 manat məbləğində vəsaitlə birgə 60 manat məbləğində Prezident təqaüdü də alacaqlar. Ümumilikdə bu vəsait 127 manat olmaqla 125 manat səviyyəsində olan yaşayış minimumunu üstələyəcəkdir. Bu artımlara il ərzində 10,5 milyon manat xərclənəcək".

Dövlət başçısının ikinci fərmanına görə, 11 821 müharibə əlili Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakına görə Prezident təqaüdü alacaq.

Nazirin sözlərinə görə, fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871 nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8905 nəfər) üçün 85 manatdan 130 manata və III qrup əlillər (2045 nəfər) üçün 60 manatdan 100 manata çatdırılır: "Bununla da həmin insanlara cari il aprelin 1-dən ödənilən Prezident təqaüdlərinin məbləği 20 Yanvar əlillərinə ödənilən Prezident təqaüdlərinin məbləğləri ilə bərabərləşdirilir. Bu artımların təmin olunmasına dövlət büdcəsindən bir il üçün 6,2 milyon manat vəsait yönəldiləcək".

Dövlətg başçısının üçüncü fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində kompensasiya cari il aprelin əvvəlindən 45 manata çatdırılacaq.
Sənədin ümumilikdə 53 545 nəfərə şamil olunacağını qeyd edən nazir onlardan 50 077 nəfərinin ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adı almış şəxslər olduğunu, bu artımlar üçün bir il ərzində 5,2 milyon manat yönəldiləcəyini bildirib. / Trend


Teqlər:





Xəbər lenti