Düzgün qurmamısınız: Cəmiyyətdə "xəstə" ailələr niyə çoxalır? - Nadir Qocabəylinin diaqnozu
Ərz edim ki, baş vermiş olay Azərbaycanda istisna hal deyil və yetərincə geniş yayılmış sosial bəladır. Qasımovlar ailəsi bu səbəbdən də bir qədər toxdaqlıq tapa bilər, bir növ “ellə gələn toy-bayram olar” mənasında. Bu o deməkdir ki, heç kəs bundan sığortalanmayıb. Ən azından ona görə ki, toplumda geniş yayılan təzahürlər hökmən onun fərdlərinə təsir göstərir. Odur ki, bu hallara qarşı elliklə mübarizə aparmalıyıq. Bir də ki, hörmətli Alim Qasımov da, qızı Fərqanə xanım da populyar insanlardır. Bu cür sənətkarlar daim kütlənin diqqət mərkəzindədir, onlar üçün nə qədər xoş olmasa da, məşhur olduqları müddətcə müzakirə olunacaqlar. Odur ki, bir qədər səbrli olmalarını təvəqqe edərdim.
Keçirəm əsas mətləbə. Məsələnin məğzini hərtərəfli çözmək üçün gərək çox uzaqdan başlayam, əziz oxucular, ancaq sizi yormaq da istəmirəm. Əvvəlcə gəlin bir şeyi özümüz üçün dəqiqləşdirək: biz həqiqətən normal, sağlam, güclü ailə istəyirik, yoxsa çox şey kimi elə-belə, yalandan, boğazdanyuxarı? Ailə institutunu həqiqətən cəmiyyətin dayağı sayırıq, yoxsa sadəcə şüar olaraq səsləndirir, sağlıq deyirik? Ailə bizə həqiqətən lazımdır, ya sadəcə ənənə, dəb, eksperiment, toy-nişan xatirinə? Yəni hamı evlənir, ərə gedir deyə, mən də dadım, dəstədən geri qalmayım? Hamının toyu olur, mənim də olsun? Hamı gəlinlik geyir, tort kəsir, şıdırğı rəqs edir, qab sındırır, foto-sessiya edir, bal ayına çıxır, mən də bunları edim? Hamının övladı, oğlu, qızı, nəvəsi olur mənim də olsun və s?..
Düşünürəm ki, zəkalı, dərrakəli, məsuliyyətli insanlar üçün sadaladığım formal təzahürlər, zahiri effektlər əsas ola bilməz. İnsanlar ona görə ailə qururlar ki, bu institut birgə yaşayışın, fiziki, psixi və mənəvi sağlamlığın, iqtisadi səmərəliliyin, sosial sülhün, ən nəhayət, sabit, əmin-aman cəmiyyətin ən optimal variantı və qarantıdır. Heç nə bəşəriyyətə göydən düşməyib. İnsanın çiy ət yeməkdən bişmiş ətə keçməsinə min, bəlkə də, yüz min illər lazım olub. Odur ki, indi “ailə artıq aktuallığını itirir deyənlər” bir az diqqətli və düşüncəli olsunlar. İnsan övladı əldə etdiyi hər şeyi misqal-misqal qazanıb və ailə də onların ən uğurlusu, mübarəkidir!
Elə isə bu institutu formalaşdıranda, yəni ailə quranda son dərəcə diqqətli və məsuliyyətli davranmaq lazımdır. Gənc oğlanlar evlənəndə, qızlar ərə gedəndə, valideynlər onları evləndirəndə və ərə verəndə diqqətli olmalı, müəyyən qaydalara əməl etməlidirlər. Əlbəttə, bəzən çox xırdaçılıq, vasvasılıq etmək, maddi amilləri qabartmaq, ideal həyat yoldaşı axtarışları da arzu olunan nəticəni vermir. Amma insanlar ağıllarından, bilik və təcrübələrindən istifadə edərək özlərinə uyğun, münasib, bab ömür-gün yoldaşı tapmağı bacarmalıdırlar. Bu, əlbəttə fərdi məsələdir, ümumi resept yoxdur, ancaq əməl olunası müəyyən prinsiplər mövcuddur.
Maddiyyat vacibdir, amma şərt deyil, onu qazanmaq asan olmasa da, bir anda itirmək mümkündür. Başqa şeylər olmayanda ev-eşik, maşın, dəbdəbəli toy-nişan və s. bir anda havaya uça bilir. Ailə quranda heç vaxt maddiyyatı ön plana çəkmək lazım deyil. Hər kəs öz tayını tapmalıdır. Yaxşı olar ki, bu məsələdə bəyin imkanı gəlininkindən heç olmasa bir qədər üstün olsun. Bu amil ailənin möhkəmliyinin vacib şərti, bel sütunudur. Əgər oğlan qızla onun atasının puluna, var-dövlətinə, vəzifəsinə görə evlənirsə, birmənalı olaraq hörmət-izzət, avtoritet sahibi ola bilməyəcək. Ailə isə avtroritar bir qurumdur. Xanımı ona lazımi hörməti və itaəti göstərməyəcək, ərinin daim onun atasının hesabnına “kişi olduğunu” düşünəcək, hətta yüngülvari söz atışması, dava-dalaş olan kimi bunu ona qaxınc edəcək. Əlbəttə, istisnalar ola bilər, ancaq mən buna o istisnalara da siz deyən inanmıram. Gözükölgəli, başı qaxınclı, zəif kişidən isə heç vaxt yaxşı ailə başçısı olmaz.
Qızların oğlan tərəfdən müəyyən maddi təminatlar istəməsi təbii olsa da, bunda da ifrata varmaq olmaz. Təbiidir ona görə ki, ərə gedən qız sevgiylə yanaşı gözəlliyinin qiymətləndirilməsini, nişanlısının, gələcək ərinin ona qarşı nə dərəcədə səxavətli, fədakar olmasını bilmək, görmək istəyir. Bu qadında olan fitri xüsusiyyətdir, yəni tanrıdan gəlmə özəllikdir. Ancaq bunda da harınlıq, qudurğanlıq etmək qırmızı xətti keçmək olmaz. Qızlar sevdikləri, bəyəndikləri oğlanların maddi durumlarını qiymətləndirməyi bacarmalıdırlar. Düşüncəli xanım sevdiyi şəxsin atasından belə asılı olmasını istəməz. Gələcək həyat yoldaşının qürurunu öz izzəti-nəfsindən, lovğalanmaq ehtirasından üstün tutar. Xoşbəxtlik, möhkəm ailə də məhz onda olur. Düzgün anlayanda “ayağı yorğana qədər uzatmaq” çox yaxşı misaldır.
Bir polis rəisi tanıyırdım, çoxlu qızı vardı. Millət də tökülüb alırdı. Rəis qızlarını hətta kasıblara da verirdi. Yetər ki, təhsili, ədəb-ərkanı olsun. Birini də evdən mənə dedilər. Qızın oxuduğu institutun qarşısına gedib, ona baxmalıydım. Evdəkilərə etiraz etməsəm də, bunu özümə yaraşdırmadım. Sonradan eşitdim ki, rəisin kürəkənlərindən biri xanımını qısnayıb ki, atan mənə iş düzəltsin, yoxsa çıxıb gedəcəyəm Rusiyaya. Günlərin bir günü həqiqətən çamadanlarını toplayıb gedir hava limanına. Qız ağlaya-ağlaya atasına zəng vurur və polislər kürəkəni təyyarənin trapında qamarlayıb, paketləyirlər. İndi sizdən soruşuram: belə də ailə olar? Əlbəttə, olmaz! Özünü bu günə salmış, yaxud valideynləri tərəfindən bu günə salınmış bir adam normal ailə başçısı ola bilməz. Hətta yeri gələndə içkiyə, narkotikaya qurşanar və oğurluq da edər. Kişini kişi, ailə başçısını ailə başçısı edən onun gücü, qüdrəti, əzəməti, hökmü, qazancı, iqtisadi müstəqilliyi və dominantlığıdır. Ailənin qarantı kişidir! İstisna hallarda qadınlar da ola bilər. Konyunktura naminə kim nə deyirsə desin, boğazdanyuxarı şüarlar, tostlar səsləndirsin, ancaq bu belədir.
Ailələrin bədbəxt olmasında valideynlərin də günahı çoxdur. Özü də bu günah təkcə qızları zorla-təlqinlə kiməsə ərə verməklə, oğullara zorla-tovlamayla kiminsə qızını almaqla məhdudlaşmır. Daha ciddi problem bilirsiniz nədir? Atanın qıza, ananın da oğula qarşı hədsiz diqqəti, sevgisi, qayğısı. Belə hallarda gənc qızlar ərə getmək üçün atalarından daha yaxşı kişi, oğlanlar analarından daha gözəl, daha mehriban, zərif qadın axtarır və tapa bilmirlər. Onların ailə həyatı şən, fərəhli, xoşbəxt olmur. Həyat yoldaşlarında ata-ana cizgisi axtarışları qısqanclıqlara, küsüşmələrə, dava-dalaşlara və sonunda ayrılıqlara gətirib çıxarır. Qadın deputat, nazir, rəis, nə bilim, xalq artisti atasından çox zəif hesab etdiyi ərinə hörmət etmir, onu “kişi yerinə” qoymur və nəticə acınacaqlı olur.
Bu yaxınlarda mənə belə bir hadisə danışdılar. Atası müəyyən imkanlara sahib və ali məktəbdə oxuyan bir qızdan soruşublar ki, universitetdə sənə diqqət yetirən, yaxud diqqətini çəkən oğlan varmı? Cavab verib ki, mən elə bir oğlan istəyirəm ki, atamdan üstün olsun, amma eləsi çətin tapıla. Mən o gənc qızın gələcək taleyi üçün narahat oldum. Onu artıq 50 faiz bədbəxt ediblər.
Təbii ki, mən valideynlərin övladlarını sevməsinə, onlara qayğı göstərməsinə qarşı deyiləm. Ancaq bunu görməmişcəsinə yox, normal formada etmək lazımdır. Mizan-tərəzini, subordinasiyanı, aradakı pərdəni qorumaqla. Eyni zamanda, uşaqlara gənc yaşlardan sərbəst seçim etmək imkanları verməklə, onların duyğularını boğmamaqla, ailə, kişi-qadın münasibətləri haqqında dolğun məlumatlar almalarına şərait yaratmaqla.
Son zamanlar gənc ataların öz gənc qızlarını yanlarına salıb ora-bura, kafe-restoranlara aparmalarına şahid oluram. Mənə qəribə gələn odur ki, bəs ana haradadır? Kişi niyə arvadını evdə qoyub, qızıyla kafeyə, çayxanaya gedir? Hamının birlikdə getməsi daha doğru olmazmı?
İnsan övladında təbii bir qısqanclıq duyğusu var. Analar oğullarını gəlinlərinə, atalar da qızlarını kürəkənlərə qısqanırlar. Bu duyğu daha çox instinktlə bağlıdır. Ancaq insan ictimai varlıq olduğundan, mədəniləşdiyindən instinktlərini tərbiyə etməyi bacarmalı, özünü itirməməlidir. Evli qızını yanına salıb, İrana, Turana, Amerikaya aparan adam onun əri, ailəsi, uşaqları haqqında düşünməlidir. Bəlkə də düşünüb, amma tənzimləyə, balans yarada, düzüb-qoşa bilməyib. Sənət qurban tələb edir, amma bu əsla başqalarını, əri, ailəni, uşaqları qurban vermək anlamına gəlmir. Sən yalnız özünü qurban verə və ailə qurmaya bilərsən. Ədalətli seçim budur.
İş, sənət, karyera və ailə haqqında daha bir neçə kəlmə yazmaq istərdim. Nə qədər malalasaq da, bunlar bir-birinə mane olur. Əgər özünü dəlicəsinə işinə və ya sənətinə qapdırsan, ailə arxa plana keçəcək və bir müddət sonra problemlər baş qaldıracaq. Həyat yoldaşınız (istər ər, istərsə də arvad) nə qədər səbrli və dözümlü olsa da, yatmış vulkan günlərin bir günü hökmən püskürəcək. Hələ mən bundan sui-istifadəni demirəm. İnsan şüurlu seçim etməlidir: ya ailəyə vaxt ayırmalı, ya da evlənib-ərə getməməli, özünü karyerasına həsr etməlidir. Unutmayaq ki, biz bir insanla ailə qurur, dünyaya yeni insanlar gətiririk və hər bir insan bir tale deməkdir!
Nadir Qocabəyli
Azvision.az
Teqlər: AlimQasımov FərqanəQasımova