Mənim uğursuz Novruz falım

Mənim uğursuz Novruz falım
  20 Mart 2014    Oxunub:5799
İradə CƏLİL

Uşaq vaxtı insanın arzuları bitib-tükənmək bilmir. Arzudan arzu doğur. Uşaq vaxtı bizim də arzularımız çox idi. Həyata keçməsi isə çox zaman möcüzə kimi görünürdü bizə. Özümüzə yalan ümidlər verir, arzularımızın gerçəkləşməsi üçün bir işıltı gözləyirdik.
Bəlkə o vaxtda arzularımızın reallaşmayacağını dərk edirdik, amma qəbul etmək istəmirdik. İl başlayandan Novruzu gözləyirdik ki, son çərşənbədə diləklərimizi tutaq, duzlu kökə yeyək, qulaq falına çıxaq.

Yadıma gəlir qızlarla üzük falı, qulaq falı edirdik. Hamı nə zaman ərə gedəcəyi marağında idi, lap qədimlərdəki kimi. Qulaq falına da çıxardıq. Guya ürəyimizdə tutduğumuz arzu eşidəcəyimiz sözlə yozuludu. Nə eşitsəydin, arzun elə də olacaqdı. İnsanlarda həmin günlərdə daha mehriban olmağa, mehriban danışmağa, xoş sözlər deməyə məcbur edirdi özünü. Özünü düşünməsə də, başqasının arzusularına hörmət var idi.

Lap əvvəldən fallarda mənimki gətirmirdi, üzük falında ailə qurmaq üçün yaşım 41 çıxmışdı. Hamı mənə gülürdü. Qulaq falında isə “Ölüm haqqdı, hamımız öləcəyik” eşitmişdim. Onda 16 yaşım var idi.

Bizim qəsəbəmizdə mehribanlıq vardı. Ən azından bayramlarda qaynayıb qarışardıq. Məhəllə uşaqları, qızlar, qohumlar yığılardıq bir yerə, tonqallar qalayardıq, ağırlığımızı odlara verərdik. O zamanlar hər şeyin dadı bir başqa idi. Bel bağladığımız ümidlər xəyal məhsulu olsa da, dadlı idi. Ən azından, bir il yeni Novruza qədər bizə bəs edirdi. Hər il il Novruzda isə yeni ümidlər doğurdu. Belə böyüyürdük, özümüzü aldada-aldada.

Amma illər keçdikcə anladım ki, qulaq falları, üzük falları sadəcə bir adət və ümidsizlərin yalan ümididir.

Anladım ki, hər şey insanın öz əlindədi. Anladım ki, biz yaşamamışıq, sadəcə, o illəri yola vermişik, gələn Novruzun gəlməsi ümidi ilə. Arzu tutub qulaq falına çıxıb arzunun həyata keçib-keçməyəcəyini öyrənməkdənsə, o arzunun həyata keçməsi üçün çalışmaq, can yandımaq lazımdır.

Anladım ki, yuxularda görüdüyümüz o insanlar bizim xəyalımızın məhsuludur. Anladım ki, nəyəsə sahib olmaq üçün nəyisə quban verməlisən.

Bu gün bayramdır. Keçmiş arzuların, yalan ümidlərin bayramıdır. Məncə arzuyla, ümidlə yaşamaqdansa real yaşamaq daha yaxşıdı. Nəyisə arzulayıb, ümid etməkdənsə, onu əldə etməyə çalışmaq lazımdır. Bayramınız mübarək! Özünüzə inanın, qulaq falına yox!



Teqlər:  





Xəbər lenti