FHN: Bayramda yanğına DİQQƏT

FHN: Bayramda yanğına DİQQƏT
  21 Mart 2014    Oxunub:1193
Novruz bayramında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.

Ölkəmizin bütün şəhər və kəndlərində Novruzu bayramı qeyd edilir. Hər kəsin arzusudur ki, Novruz şənlikləri xoş hisslərlə xatırlansın. Bunun üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən AzVision.az-a bildiriblər ki, Novruz bayramında tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan tezalışan materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.

Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər. Yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılaraq şənlənmələri zamanı ehtiyatsızlıq ciddi yanğınlara səbəb ola bilər. Məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrə yığılmış yanıcı materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.
Bayram tədbirlərində əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdır. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, hətta yanar şamı öz ərintisi ilə masa, kibrit qutusu və s. yerlərə yapışdırmaq yanğına səbəb ola bilər.

Bayram tədbirləri zamanı müəssisələr və təşkilatlar, təhsil ocaqları və məktəblər yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.


Teqlər:





Xəbər lenti