"Antonov pilotu": Şəhid Murad Məmmədovun son müsahibəsi

  "Antonov pilotu":  Şəhid Murad Məmmədovun  son müsahibəsi
  01 Dekabr 2021    Oxunub:3072
Türkiyəli yazar, hərbi ekspert Abdullah Ağar qəza nəticəsində şəhid olmuş 14 pilotdan biri, mayor Murad Məmmədovla müsahibəsini Azvision.az-a təqdim edib. O bildirib ki, Qarabağ savaşı ilə bağlı yazdığı kitab vasitəsilə tanıdığı hərbi pilotlun şəhid olması xəbərindən həddindən artıq kədərlənib:
- Onunla Qarabağ müharibəsi haqqında kitabı yazanda tanış oldum. İşğal altında olan vətənini xilas etdikləri müharibədən və şəhidlərdən danışmışdı. Mayor Murad Məmmədov “Antonov" pilotu idi. O, təkcə Azərbaycan tarixinə deyil, həm də Türkiyə tarixinə qızıl hərflərlə yazılacaq Qarabağ müharibəsinin taleyində iz qoymuş "antonov"larla yazdıqları dastandan bəhs etmişdi mənə. Müharibənin ilk günündə yarım əsrlik yaşı olan "An-2 Antonov" təyyarələri ilə düşməni necə aldatdıqları, o keçilməz hava hücumundan müdafiə sistemlərini aşkarlayaraq, yerini müəyyənləşdirib, necə məhv edildiyi və dostlarının necə şəhid oluğundan söz açmışdı. Danışdıqlarında ağrısı, şüuru və ruhu var idi. Oxumağınızı şiddətlə xahiş edirəm.

Həmin müsahibəni oxucularımıza təqdim edirik.

Şəhid mayor Murad Məmmədovun dediklərindən:

- Sentyabrın 27-də, müharibə başlayanda əks-hücum əmrini alan kimi həyəcan təbili çalındı və plana uyğun olaraq hamımız təyyarələrimizə tərəf qaçdıq. Və bir anda 20 təyyarə havaya qalxdı. Düz 20 "AN-2 Antonov". Bunu görməli idiniz.
Bilirsiniz, İkinci Dünya Müharibəsindən bəhs edən filmlər var. Təyyarə səhnələri və səmanı dolduran səslər... Aramızda yalnız bir fərq vardı: o, kino idi, bizimki isə real.
“O, bayrağı öpə-öpə getdi” - Şəhid Ceyhunun anası+Video
Qarabağ səmasına doğru uçduqca bir-birimizə o qədər yaxın idik ki, sanki qanadlarımız bir-birinə dəyirdi. Düşməni, onların radarlarını aldatmaq üçün bir-birimizə yaxın uçurduq. Quş sürüsü kimi birlikdə səyahət edirdik. Təyyarədən təyyarəyə bir-birimizə baş əyirdik. Bir-birimizi eşidəcək qədər yaxın idik. Təbii ki, hər səsi boğan "AN-2"lərin gurultusu olmasaydı! Bəzən bir-birimizə baxır, göz təması qurur, salamlaşır, əl yelləyirdik.
Yerdə olarkən bir-birimizlə halallaşıb, sağollaşmışdıq.
*
"Antonov"lar adətən, avtopilotda olsalar belə, qeyri-sabitdirlər. Elektron tıxanma təyyarənin GPS-nə təsir edə, təyyarə sağa-sola əyilə, enə və qalxa bilər. Yarım əsrlik "Antonov"lar məhz belədir. Onlar dünyanın ən təhlükəsiz “etibarsız” təyyarələridir. Həmişə düşəcəkmiş kimi uçurlar, lakin nadir hallarda düşürlər. Havada yellənirlər. Utanmasalar, hətta təkbaşına salto vurmağa çalışacaqlar. Amma şükürlər olsun ki, quyruq-quyruğa, qanad-qanada olan 20 təyyarədən ibarət bu strateji aldatmada belə bir şey etmədilər. Halbuki, təlimlərdə etdiyimiz quyruq-quyruğa, qanad-qanada məşqlərdə bu "Antonov"lar bizi bezdirmişdi. İndi onlar ağıllı, sakit uşaq kimi uçurdular, lakin güclü, ağır, yöndəmsiz və köhnə mühərrikləri xırıldayırdı.
Hər şey yaxşı gedirdi. Əgər düşməni aldada bilsək...
Müharibə təzə başlayırdı, uğur qazansaq, köhnəlmiş "Antonov"larımızla üzərimizə düşəni həll etmiş olacaqdıq.
Biz hər dəfə bu "Antonov"lara minəndə deyirdik ki, “indi düşəcək” amma bu təyyarələr bizi heç vaxt yarı yolda qoymadılar. Bizi isə heç vaxt bizi yarı yolda qoymayan bu "Antonov"ları yarı yolda buraxacaqdıq.


Beləliklə, dəqiqələrlə Qarabağa doğru uçduq. Təmas xəttindən 10 kilometr aralıda qəfildən bir-birimizdən ayrıldıq. Bütöv şəkildə uçan və düşmən radarlarında vahid obyekt kimi görünən 20 "Antonov" 20 hissəyə parçalandı. Düşmənin həmin anlarda düşdüyü çaxnaşmanı xatırlayanda hələ də gülməkdən özümü saxlaya bilmirəm. Onlar necə "panik atak" keçirməsinlər? Hava hücumundan müdafiə sistemləri və radarlarınızda qəfil peyda olan və sizi vurmağa gələn 20 döyüş təyyarəsi düşünün. Təbii, onlar bilmirlərdi ki, biz döyüş təyyarəsi deyilik. Biz yem idik! Azərbaycanın hava hücumundan müdafiə sistemlərini ovlamaq üçün göndərdiyi canlı yemlər! Bizim çox sadə, asan başa düşülən, lakin həyata keçirilməsi bir qədər çətin planımız var idi. Qısacası belə idi: “Uçuş zamanı təyyarə ilə bağlı problem olarsa, təcrübəli pilot təyyarədə qalacaq, təyyarəni hədəfə aparacaq, rütbəsi və yaşı daha kiçik olanlar paraşütlə tullancaqlar”.
Hədəf düşmənin dərinlikləri idi.
Hədəf düşmən radarlarının bizi görüb, bizə atəş açması idi.
Hədəf düşmənin bizi vurması idi.
Hədəf təyyarələri düşmənin dərinliklərində mümkün qədər uzağa uçdurmaq idi...
*
Uzaqdan görməyə başladım. Pilot yoldaşlarım təmas xəttini keçərək, bir-bir aşağıdakı müharibənin üzərinə tullanmağa başladılar. Səma bir anda "D-6" paraşütləri ilə doldu. Çox sürətlə gedirdilər. "D-6"lar belədir. Taktiki paraşütdur. Bu paraşütlər yerə çox sürətlə enir. İnsanı kasıb tüpürcəyi kimi yerə yapışdırır.
*
İki Dost, İki Şəhid...
Təbii ki, ölməmək üçün əlimizdən gələni etməli idik. Amma həm də düşünürdük, mühakimə edirdik və nələrin baş verə biləcəyini anlayırdıq. Dediyim kimi, biz müharibənin "canlı yem"ləri idik. Bu, bir taktika, düşməni aldatmaq idi.
O vaxt bilmirdik, sonradan öyrənəcəkdik. Pilotlarımız təyyarədən atılmağa hazırlaşarkən güllələniblər. Şəhidlərimizin nəşlərinə çatanda paraşütları onların üzərində idi.
Rus "D-6" paraşütünu geyinmək çox çətindir. Bu çətinlik döyüşün gərginliyi, tələsikliyi, qəfil vəziyyətləri qarşısında daha da artır. Adətən, belə fövqəladə və ya taktiki vəziyyətlərdə ikinci pilot baş pilota mexanizmdə kömək edir. Sonra isə bir-birimizin ardınca tullanırdıq. Görünür, şəhidlərimizin özlərini xilas etmək üçün bu son anları da olmayıb. Anladıq ki, onlar tullanmağa bir az qalmış düşmən tərəfindən vurulublar. Bir dəqiqə! Arxalarında paraşütları ilə. Təyyarə vurulmazdan bir saniyə əvvəl tullana bilsəydilər, biz indi onlarla da danışa bilərdik.
Həmin şəhidlər "AN-2 Antonov" eskadrilyamızın 5-ci tağım komandiri mayor Abbas Qasımov və baş leytenant Xalid Gözəlov idi.
*
Baş leytenant Xalid Gözəlov və mayor Abbas Qasımov bir-birlərinə çox bağlı idilər. İki can yoldaşı, iki silahdaş. Birlikdə uçurdular. Təyyarələrlə sanki danışır, onlara nələrisə başa salır və əmrlərinə qulaq asdırardılar. Avqustda Abbas məzuniyyətdə idi. Məzuniyyətdən qayıdanda başqası ilə uçmalı idi. Qayıdanda dedi ki, yox, biz birlikdə uçacağıq. Onların taleləri burada birləşdi. Birlikdə uçdular, birlikdə şəhid oldular.
Ailələri tez-tez bu sualı verirdi: "Onun bədəni bütöv idimi?" Üzlərinə baxaraq bu suala cavab vermək çox çətin idi, amma məcbur olduq: Bəli, onların bədənləri bütöv idi.
Baş leytenant Xalid Gözəlovun anası övladının şəhadətini qəbul edə bilməyib. Hər dəfə yanına gələndə bizdən formamızı geyinməyimizi xahiş edirdi: “Sən gələndə elə bilirəm, Xalidim gəlir”.
Abbas Qasımov Zəngəzur torpaqlarında anadan olub, amma oranı heç vaxt görməyib. Doğulduğu torpağı görə bilməmək! Həmişə Zəngəzur həsrəti ilə yanırdı. 1988-ci ildə ermənilər onları Zəngəzurdan qovdular. Onlar öz vətənlərini tərk etmək məcburiyyətində qaldılar, əvvəlcə Qarabağa sürgün olundular, oradan da Azərbaycana qaçmağa məcbur qaldılar. O, bir çox sahədə vətəninin dərdini çəkən oğul idi. “Zəngəzur” dərdi. Zəngəzurun nə demək olduğunu ən yaxşı o bilirdi. Bir dəfə dedi ki, “Bunu heç vaxt unutma, əgər bir millət silah gücünə bir yerdən didərgin salınıbsa, demək ora onun əsl torpağıdır. Bil ki, o millətin əlindən alınan torpaqla bağlı böyük planları var”. Mayor Abbas Qasımov o torpaqlara bir addım yaxınlaşmaq üçün canını verdi".

Qeyd: Kitab hələ işıq üzü görməyib. Bu müsahibədən bir hissə yalnız şəhidlərimizin əziz xatirələrini anmaq üçün verilir.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:   Şəhidlərimiz  





Xəbər lenti