20 Yanvar ümumxalq hüzn günü olmaqla bərabər, ümummilli qürur günüdür

20 Yanvar ümumxalq hüzn günü olmaqla bərabər, ümummilli qürur günüdür
  20 Yanvar 2022    Oxunub:2428
Firad Əliyev
Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi,
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri,
hüquq üzrə magistr


1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu gün azadlıq və istiqlaliyyət uğrunda mübarizənin və qəhrəmanlığın rəmzinə çevrilib. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, ümummilli qürur günüdür. Həmin gün ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqe tutaraq onlara havadarlıq etməklə təcavüzkar siyasəti açıq-aşkar dəstəkləməsinə, eləcə də respublikanın ovaxtkı rəhbərliyinin xəyanətkar mövqeyinə hiddətlənərək, etiraz əlaməti olaraq Bakının küçə və meydanlarına çıxan geniş xalq kütlələrinə beynəlxalq hüququn norma və prinsiplərini və qanunları kobud şəkildə pozan sovet ordusunun hərbi hissələri tərəfindən divan tutuldu. Nəticədə dinc əhali, əliyalın sakinlər qətlə yetirildi, xeyli insan yaralandı və itkin düşdü. Vətənimizdə, əsasən də Bakıda misli görünməmiş faciə baş verdi və həmin gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi yazıldı.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi həmvətənlərimizə qarşı törədilmiş hərbi təcavüzlə müşayiət olunan dəhşətli cinayətlərə əl atmaqla əslində sovet totalitar rejiminin süqutunu daha da sürətləndirdi. Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini aşağılamaq, azadlıq hərəkatını boğmaq məqsədilə törədilən bu çirkin əməllər silahlanmış hərbçilərin cəza tədbirlərinə məruz qalan əliyalın xalqımızı azadlıq mübarizəsindən döndərə və vətənpərvər insanların əzmini sarsıda, məğrur övladların qürurunu qıra bilmədi. Xalq həmin gün üstünə şığıyan amansız sovet ordusuna qarşı sinəsini sipər etməklə özünün kimliyini və mətinliyini bütün dünyaya sübut etdi. Müqəddəs Vətəninin suverenliyini, xalqının və dövlətinin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladları ali amallar uğrunda canlarından keçməklə şəhidlik zirvəsini fəth etdilər və bununla da haqq səsini bütün dünyaya daha ucadan çatdırmış oldular. Ümummilli mənafelərin müdafiəsi naminə canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları müstəsna mərdlik və cəsarət göstərərək qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvar faciəsi sübut etdi ki, xalqımız pozulan hüquqlarının, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin bərpası uğrunda son damla qanına qədər mübarizə aparmaq əzminə malikdir. Azadlıq və müstəqillik uğrunda çox sayda şəhid versək də, xalqımızın iradəsi qırılmadı, qüruru sınmadı, milli ruhumuz sarsılmadı və baş verənlərə baxmayaraq imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq eşqini söndürə, müstəqillik hərəkatını boğa bilmədi. Bu böyük faciə Azərbaycan xalqını daha sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı. Xalqımız canı-qanı bahasına da olsa, istəyinə - müstəqilliyinə qovuşdu.

Azərbaycanın ovaxtkı səriştəsiz rəhbərlərinin bu cür çətin məqamda belə xalqla bir olmağa yenə də cəsarətləri çatmadı. Onlar vəzifəni daha üstün tutaraq sovet rəhbərliyinə sədaqətlə xidmət etməyi davam etdirdilər. Onlardan fərqli olaraq, həmin dövrdə Moskvada yaşayan xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı təhlükədə olmasına baxmayaraq, faciədən bir gün sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Böyük şəxsiyyətin bu bəyanatından sonra Azərbaycan xalqının məruz qaldığı dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi. Hər kəsə məlumdur ki, o vaxta qədər ulu öndər Heydər Əliyevin fəal siyasətlə məşğul olmaq fikri yox idi. Ancaq Vətənini və xalqını canından çox sevən vətənpərvər insan bu hadisəyə biganə qala bilməzdi və qalmadı da. Onun son dərəcə cəsarətli çıxışında xalqının yanında olduğunu bildirməsi, yeni tarixi epoxanın başlanğıcında müstəqillik uğrunda mübarizənin işartısı olmaqla, bu yolda müstəsna rol oynadı və millətin daha sıx birliyini, eləcə də Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirdi.

Qeyd etmək lazımdır ki, zamanında dərindən araşdırılmayan və adekvat qiymət verilməyən qanlı faciəyə yalnız bir neçə ildən, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra rəsmi münasibət bildirildi. Belə ki, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin - Qanlı Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini uca tutan Ulu Öndərin təşəbbüsü ilə faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edildi. Fərmanda deyilirdi: “...Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir...”. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejim tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Beləliklə, Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Eyni zamanda, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Bir müddət sonra ulu öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi. Həmçinin şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi və pensiya təminatı da gücləndirildi. Qeyd olunmalıdır ki, Bakı şəhərinin ən hündür və mənzərəli yerində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də məhz ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən layihələndirilib və tikilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirib. Dövlətimizin başçısının təşəbbüsü ilə paytaxtın Yasamal rayonundakı “20 Yanvar” dairəsində faciə qurbanlarının əziz xatirəsinə abidə-kompleks inşa olunub. 2009-cu ilin oktyabrında tikintisinə başlanan abidə-kompleksin 2010-cu il yanvarın 20-də açılışı olub. Kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanmış insanların adları və soyadları, eləcə də ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri həkk olunub. 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Şəhidlər xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları bir qədər də hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz və məsamələri müasir üslubda işlənib. Bütün bunlar 20 Yanvar şəhidlərinin ruhuna dövlət səviyyəsində göstərilən böyük ehtiramın bariz nümunələridir.

Bütün xalqların tarixində elə insanlar olur ki, bu dünyadan köçdükləri vaxtdan qərinələr, əsrlər keçməsinə baxmayaraq, onları heç kəs unutmur və əziz xatirələri həmişə böyük ehtiramla yad edilir. Belə insanlar milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə seçilən şəxslər və Vətən, xalq uğrunda canlarını fəda edən şəhidlərdir. Azərbaycan xalqı və dövləti uğrunda şəhid olan Vətən övladlarını millətimiz və dövlətimiz heç vaxt unutmayacaq. Müasir Azərbaycan tarixində ən çox şəhidlər Birinci və İkinci Qarabağ müharibələrində verilib. Xalqımızın 44 günlük müharibədə 3 minədək Vətən övladının şəhid olmasından duyduğu acı hələ də dinməyib, yarası qaysaq bağlamayıb. Təbii ki, bütün şəhidlərimizin nisgili son nəfəsimizədək qəlbimizdə qalacaq, Vətən müharibəsi şəhidlərinin ağrı-acısı hələ də canımızı ağrıdır, ruhumuza rahatlıq vermir. Fəqət bütün şəhidlərimizin, o cümlədən İkinci Qarabağ müharibəsi şəhidlərinin canlarını müqəddəs amallar uğrunda fəda etdiklərini, ən uca məqama yüksəldiklərini, məkanlarının cənnət olduğunu, adlarının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, zamanın yaddaşında və xalqın qəlbində əbədi qalacaqlarını xatırladıqca təsəlli tapırıq.

Vətən müharibəsindən söz düşmüşkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz şücaət və qəhrəmanlıq göstərərək düşmən üzərində möhtəşəm Qələbə qazanması, 30 ilə yaxın işğal altında qalan dədə-baba torpaqlarımızın lider-xalq-ordu birliyi nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunmasını, bununla da Azərbaycan tarixinə növbəti parlaq səhifələr yazıldığını xüsusi vurğulamaq lazımdır.

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması Ordumuzu mənfur düşmənə layiqli cavab verməyə sövq etdi. Nəticədə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədilə aparılan 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun hərbçiləri misilsiz qəhrəmanlıqlar yaratdı. Müharibənin ilk günlərindən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman Azərbaycan Ordusunun qısa vaxtda ardıcıl zəfərlər qazanaraq şəhər, qəsəbə və kəndlərimizi işğaldan azad etməsi Ermənistanı sülhə vadar etdi və rəzil duruma düşən düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. İmzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın işğaldan azad olundu. Bununla da haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü ilə bərabər ədalət də bərpa olundu. Təbii ki, bütün bunlar Müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin, Ordumuzun gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdəti nəticəsində mümkün oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, müxtəlif orden, medal və fəxri adların təsis edilməsi, İkinci Qarabağ müharibəsi iştirakçılarının, o cümlədən şəhidlərimizin müxtəlif orden, medal və fəxri adlarla təltif edilməsi, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılmasına başlanılması, eləcə də şəhidlərin əziz xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliği ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmiş Vətən övladlarına, o cümlədən əməliyyatlar zamanı sağlamlığını itirmiş döyüşçülərə, eləcə də şəhidlərin ruhuna və onların doğmalarına dövlət səviyyəsində verilən yüksək dəyərin təzahürüdür.

Qürurverici və sevindirici haldır ki, Azərbaycanda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilib. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

Son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib, bu istiqamətdə işlər uğurla davam etdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləğinin artırılması məqsədilə qısa zamanda ardıcıl fərman və sərəncamların imzalanması bu qəbildən insanlara göstərilən diqqət və qayğının ən yüksək göstəricisidir.

Şəhid ailələrinə diqqət və qayğı dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə bu barədə deyib: “Şəhid ailələrinə diqqət mənim fəaliyyətimdə daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”. Təsadüfi deyil ki, dövlətimizin başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq, o cümlədən 2019-cu il yanvarın 28-də, 2020-ci il iyulun 21-də, 2021-ci il fevralın 25-də, iyulun 14-də, avqustun 26-da şəhid ailələri və müharibə əlilləri ilə görüşləri, qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təcəssümüdür.

Qürurverici haldır ki, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, həmvətənlərinə təmənnasız kömək ənənələrini davam etdirir. Vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin, müharibə əlillərinin və hərbi əməliyyatların iştirakçılarının ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik göstərirlər.

Dövlətimizin başçısının 2020-ci il dekabrın 8-də imzaladığı Fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması bu istiqamətdə görülən işlərə böyük töhfə oldu.

Dərin minnətdarlıq hissi ilə vurğulanmalıdır ki, 2020-ci il dekabrın 31-də şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında imzalanan sənədlərə əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Dövlətimizin başçısının həmin gün imzaladığı daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına nəzərdə tutur. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezident təqaüdünün məbləği orta hesabla 50 faizdən çox artırılıb. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindən kənarda qalmayıb. Dövlətimizin başçısının həmin gün imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü də təsis olunub.

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan və mərdlik göstərərək əlil olmuş şəxslərə və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edirlər.

Bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında misilsiz fədakarlıq göstərərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək hər birimizə sonsuz qürur və fərəh hissləri yaşadan qəhrəman övladlarımızın əziz və unudulmaz xatirəsi qədirbilən millətimiz tərəfindən hər zaman dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin, eləcə də xalqın diqqət və qayğısı ilə əhatə olunur. Bu, o deməkdir ki, bütün şəhidlərimizin xatirəsi istər dövlətimiz, istərsə də xalqımız üçün son dərəcə əziz, onların ailələri isə doğmadır. Bu münasibət əbədi olaraq dəyişməz qalacaq və hər kəs istənilən məqamda şəhidlərin ruhunu şad etmək, onların doğmalarını ovundurmaq üçün əlindən gələni edəcək.


Teqlər: Şəidlər   20-yanvar  





Xəbər lenti