Milli bayramımızın sirrli və maraqlı keçmişi

Milli bayramımızın sirrli və maraqlı keçmişi
  20 Mart 2014    Oxunub:1526
Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim xalqları arasında meydana gəldiyini söyləyirlər.

Başqa fikirlərə görə isə, Novruzla bağlı ilkin inanclar və mərasimlər qədim İran mənbələrində “saka”, yunan mənbələrində “iskit”, “Avesta”da “tur” və ya “turanlı”, müasir rus elmi ədəbiyyatında isə “skif” adlandırılan etnoslar arasında yayılıb. Sibir ərazisində məskunlaşan saklar “Avesta”da “turlar” adlandırılır. Türk mənşəli tayfaların axınları sayəsində kəngərlər, peçeneqlər, və digər hind-Avropa mənşəli Turan sakları tədricən türkləşməyə başladı. Eyni fikri Azərbaycan ərazisində məskunlaşmış turan mənşəli madalar haqqında da demək olar. Bu etnosların çoxu oğuz türklərinə qarışdılar. Türkləşmiş saklar bəşəriyyətə Qərbi Çindən Şərqi Türkiyəyə, Qazaxıstandan Şimali Hindistana və Pakistana qədər uzanan ərazidə məskunlaşmış xalqlar tərəfindən qeyd edilən Novruz kimi gözəl təbiət bayramını töhfə veriblər. Bu ərazidə Novruz zərdüştilik dini vasitəsilə yenidən canlanıb və yayılıb.

Şumerlərin dini inancları kimi onların bayramları ilə də türk mifologiyasındakı bayramlar arasında bənzərliklər var. Həm Şumerlərin və həm də türklərin mifologiyasındakı bayramların ən önəmlisi Bahar bayramıdır. Əslində Bahar bayramının fəlsəfəsinin özü yenidən doğuşdur. Şumerlər Bahar bayramına akitil demişlər ki, sözdəki til sözü yaşamaq, yenidən doğulmaq anlamına gəlir. Akkadlar buna akitu adı veriblər.

Novruz sözü çox sonralar yaranmış fars kəlməsi olsa da, onun varlığı, bütün xüsusiyyətləri və xalq içərisində bir adət-ənənəyə çevrilməsi farsların tarix səhnəsinə çıxmasından çox-çox əvvələ aiddir. Novruz bir türk bayramıdır.

Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin adı ilə də bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.

Əsrlər boyu din xadimləri, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışıb, ona dini, mövhumi libas geyindirməyə cəhd göstəriblər. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyil. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlayıblar.

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edib, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd edib.

Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar.

Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.

Ümumiyyətlə, Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.

Onu da qeyd etmək lazımdır ki, Novruz adət-ənənələri müstəmləkə altına keçmiş bütün müsəlman dövlətlərində bu və ya digər şəkildə dəyişib. Vaxtilə Rusiyanın müstəmləkəsi olan Azərbaycanda bu bayram çox qadağalar görüb. Novruz adət-ənənələri təhriflərə uğrayıb. Hətta, dövlət rəsmi sənədlərdə bu bayramın bir çox adət-ənənələrini saxtalaşdırıb. Şükür olsun ilahiyə ki, öz müstəqilliyini qazanan Azərbaycan öz Novruz bayramını da yenidən öz varlığına həkk etdirib, onu yenidən öz qanında pak, duru bir şəkildə yaşatmaqdadır. Hətta, dövlət bu bayramı rəsmi dövlət bayramı kimi qeyd edir.

Şifahi xalq ədəbiyyatından gələn bayram mahnıları ilə yanaşı şair və aşıqlarımız, bəstəkarlarımız yeni-yeni Novruz mahnıları bəstələyib ortaya çıxarıb.

Mehparə

Bu yazı Gələcəyə Baxış Sosial Təhlil İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə "Milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dəstək ol!" layihəsi çərçivəsində hazırlanmışdır.


Teqlər:  





Xəbər lenti