İtaliya qəzeti Bakıdan yazıb

İtaliya qəzeti Bakıdan yazıb
  06 May 2014    Oxunub:1230
İtaliyanın “İl Foglio quotidiano” qəzetində Bakı şəhərinin dinamik inkişafı ilə bağlı yazı dərc olunub.
Məqalədə qeyd olunur ki, Xəzərin sahilində yerləşən və müasirlik ilə qədimliyin bir araya gəldiyi paytaxt Bakıda son illər dünya üzrə məşhur brend otellər istifadəyə verilib. Bakıda gözoxşayan incəsənət və müasir memarlıq nümunələri Azərbaycan xalqının adət-ənənələri və milli mənəvi dəyərləri ilə vəhdət təşkil edir.

Müəllif Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və baş redaktoru olduğu “Baku” jurnalı haqqında da məlumat verir. Qeyd edir ki, dünyanın bir çox şəhərlərində, o cümlədən Milan, Paris, London və Nyu-Yorkda satışa çıxarılan bu jurnal hətta Bakıda yaşamayanların da bu şəhərin müasir həyatı haqqında ətraflı məlumat əldə edə biləcəyi maraqlı bir nəşrdir.

Məqalədə tanınmış tarixçi və səyyah Marko Polonun əsərlərində Bakı ilə bağlı fikirlərinə də yer verilib. Onun sözlərinə görə, qədim zamanlardan paytaxt Bakı neftin fontan vurduğu və aşıb-daşdığı bir şəhər kimi tanınır. Hələ keçmiş dövrlərdən Bakıda neft sənayesinin inkişaf etdiyi vurğulanan məqalədə oxucuların diqqətinə çatdırılır ki, hələ XIX əsrdə şəhər Rotşild və Nobel qardaşları kimi xarici investorların diqqətini cəlb etməyi bacarmışdır. Qeyd olunur ki, dünyanın maliyyə böhranında çabaladığı bir vaxtda Azərbaycanda daim tərəqqi nəzərə çarpırdı.

Məqalədə Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının fəaliyyəti ilə bağlı da məlumat verilir. Qeyd olunur ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş qurumun məqsədi müasir Azərbaycan incəsənətini ölkə və dünya səviyyəsində təmsil etməkdir.

Bakıda qədimliyin və müasirliyin vəhdət təşkil etdiyinin vurğulandığı yazıda İçərişəhər, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən “Baku Crystal Hall” və digər müasir tikililər barədə məlumat verilir.


Teqlər:





Xəbər lenti