Çin “yeni enerji nizamı” yaradır

// Qərb “neft yuanları”na qarşı nə edə bilər?

   Çin    “yeni enerji nizamı”    yaradır
  22 Yanvar 2023    Oxunub:7328
2023 Çin ilə Yaxın Şərq arasında yeni qlobal enerji nizamının formalaşması ili kimi yadda qala bilər. “Financial Times” yazır ki, Çin İran, Venesuela, Rusiya və Afrikanın bəzi bölgələrindən nefti və maye qazı getdikcə daha çox yuanla alır. Bu baxımdan Si Cinpinin dekabrda Səudiyyə Ərəbistanına səfəri və Körfəz Əməkdaşlıq Şurası liderləri ilə görüşü “neft yuanları”nın yaranması ilə yadda qaldı.
Çin qlobal enerji bazarının qaydalarını yenidən yazmaq istəyir. Bu, Braziliya, Rusiya, Hindistan və Çinini daxil olduğu BRİKS ölkələrinin dollarsızlaşdırılması çərçivəsindəki geniş səylərin bir hissəsidir. Si Cinpin elan etdi ki, qarşıdakı 3-5 il ərzində Çin nəinki Körfəz ölkələrindən idxalı kəskin şəkildə artıracaq, həm də “çoxsahəli enerji əməkdaşlığı” üzərində işləyəcək. Söhbət Cənubi Çin dənizi kimi yerlərdə birgə kəşfiyyat və hasilatı, eləcə də neft emalı, kimya və plastik zavodlarına investisiyalardan gedir. Pekin ümid edir ki, bütün bunlar 2025-ci ildə Şanxay Neft və Təbii Qaz Birjasında yuanla ödəniləcək.

Bu, qlobal enerji ticarətində böyük dəyişikliyə səbəb olacaq. Rusiya, İran və Venesuela “OPEC+”un neft ehtiyatlarının 40%-nə malikdir. Onlar nefti Çinə böyük güzəştlə satırlar. Körfəz məkdaşlıq Təşkilatı ölkələri isə əlavə ehtiyatların 40%-nə malikdir. Qalan 20% də Rusiya və Çinin orbitində olan bölgələrin payına düşür.


“Neft yuanları”nın yüksəlişinə və bütövlükdə dollar maliyyə sisteminin tənəzzülünə şübhə ilə yanaşanlar tez-tez qeyd edirlər ki, Çin ABŞ ilə eyni səviyyədə qlobal etimad, qanunun aliliyi və ya ehtiyat valyuta likvidliyinə malik deyil, buna görə də, digər ölkələrin yuanla iş görmək istəməsi ehtimalı azdır. Ancaq neft bazarında ABŞ-dan daha çox Çinlə ümumi cəhətləri olan ölkələr üstünlük təşkil edir. Üstəlik, çinlilər Şanxay və Honq Konq qızıl birjalarında yuanı qızıla çevirməklə bir növ maliyyə təhlükəsizliyi şəbəkəsi təklif ediblər. Bununla yuan dolları ehtiyat valyuta kimi əvəz edə bilməsə də, “neft yuanları” ilə ticarət siyasətçilərə və investorlara iqtisadi və maliyyə baxımından mühüm təsir göstərəcək.

Bir tərəfdən də ucuz enerji perspektivi artıq Qərb sənaye şirkətlərini Çinə cəlb edir. Almaniyanın Lüdviqshafendəki BASF əsas zavodunu ixtisar edərək, kimyəvi əməliyyatlarını Çjancpyan şəhərinə köçürmək barədə qərarı diqqətəlayiqdir. Bu, Çinin ucuz enerjidən istifadə edərək, daha çox avropalı istehsalçını ölkəyə cəlb etməsinin başlanğıcı ola bilər. “Köhnə dünya”nın bir çox istehsalçıları enerji qiymətlərinin aşağı olması səbəbindən ABŞ-da iş yerləri yaradıblar.


Neft siyasəti mənfəətlə yanaşı, maliyyə riskləri deməkdir. Xatırladaq ki, neftlə zəngin ölkələrin 1970-ci illərin sonundan etibarən ABŞ kommersiya bankları vasitəsilə Meksika, Braziliya, Argentina, Zair, Türkiyə və digər inkişaf etməkdə olan bazarlada neft dollarları qazanması həmin ölkələrdə borc böhranlarına səbəb olmuşdu. Zəngin banklar nağd pulla hər cür yeni maliyyə “innovasiyaları” yaratdıları üçün və xarici kapital axını ABŞ-a daha böyük kəsirləri kompensasiya etməyə imkan verdiyindən neft dollarları ABŞ-da spekulyativ, borclarla qidalanan iqtisadiyyatın yaradılmasını da sürətləndirdi. Hazırda bu tendensiya dəyişməyə doğru gedir. ABŞ xəzinə istiqrazlarının xarici alıcıları azalıb. Əgər neft yuanı yüksəlsə, dedollarizasiya atəşini də alovlandıracaq.

Çinin böyük enerji ehtiyatları və onlardan əldə edilən məhsullar üzərində nəzarəti Qərbdə inflyasiyanın yeni əsas faktoruna çevrilə bilər. Siyasətçilər və biznes liderləri nə etməlidir? Çoxqütblü enerji bazarından qorunmağın yolu hasilatı lokallaşdırmaqdan keçir. Təchizat zəncirlərində artan inflyasiyanı kompensasiya etmək üçün şaquli inteqrasiya da gücləndirilməlidir.

Şimali Amerika şist hasilatını qısa və ortamüddətli perspektivdə artırmaq və avropalılara endirimlə təklif etmək yollarını düşünməlidir. Eyni zamanda “yaşıl enerji”yə keçid sürətləndiriləcək. Avropalıların ABŞ-da təmiz enerji istehsalını subsidiyalaşdıran “İnflyasiyanın Azaldılması Qanunu”ndan şikayət etməməli olduqlarının bir səbəbi də budur. Neft yuanının bahalaşması ABŞ və Avropanı mədən yanacaqlardan mümkün qədər tez imtina etməyə təşviq etməlidir.

“Financial Times”ın materialı əsasında
Nadir Quliyev hazırladı



Teqlər: Enerji-siyasəti  





Xəbər lenti