// Türkmənistan “yaşıl enerji dəhlizi”nə qoşula bilərmi?
2022-ci ilin dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında tarixi sənəd imzalandı. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş Qara dənizin dibindən keçməklə Azərbaycandan Avropaya elektrik xəttinin çəkilməsini nəzərdə tuturdu. Vacib nüans: Söhbət məhz “yaşıl elektrik”in, yəni bərpaolunan mənbələrdən alınacaq enerjinin ötürülməsindən gedir.
“Bu, çox iddialı bir layihədir. Layihə bizi həm
rəqəmsal kommunikasiya, həm də enerji üçün Xəzər regionu ilə bağlayacaq. Bərpaolunan
mənbələrdən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa
İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməkdə
kömək edəcək”,- deyə mərasimdə iştirak edən Avropa Komissiyasının Prezidenti
Ursula fon der Lyayen bildirmişdi.
Bu, ənənəvi karbohidrat hasilatçısı olan Azərbaycan üçün tamamilə yeni bir rol
idi. Bir tərəfdən Azərbaycan Avropa bazarına təbii qaz nəqlini getdikcə
artırır. Buna baxmayaraq, yeni bir enerji dəhlizi də açılır: “Yaşıl elektrik” xətti.
Niyə məhz “yaşıl”?
Məsələ ondadır ki, təbii qazı yandırıb, elektrik almaq Avropaya sərf etmir. Amma
bunu Azərbaycanın etməsi də arzuolunan deyil. Çünki Avropa Azərbaycandan
qazı məhz qaz kimi almaqda maraqlıdır. Eyni
zamanda, macarıstanlı ekspert Matyaş KohanınAzVision.az-a dediyi kimi, qitənin
alternativ enerji mənbələrindən təchizatını da daha dayanıqlı etməyə ehtiyac
var. Bu zaman Azərbaycanın “yaşıl enerji” potensialı köməyə gəlir.
Azərbaycanın bərpaolunan enerji potensialı quruda 27, dənizdə isə 157 giqavatt
təşkil edir. 2027-ci ilə qədər bu potensialın 4 giqavattı reallaşdırılacaq.
Onun da 80 faizi ixrac olunacaq. Tezliklə həmin rəqəm artaraq, 25 giqavatta
çatdırılacaq.
...Bu, Azərbaycan üçün yeni rol, yeni missiya, yeni dövrün başlanğıcı idi...
Amma Xəzər sahilindən
Avropaya kabel çəkmək haqqında danışanda istər-istəməz ağla belə bir cazibəli
fikir gəlir: Niyə Xəzərin təkcə bir sahilindən? Axı Xəzərin digər sahilində də
“yaşıl energetika”nı inkişaf etdirmək üçün nəhəng potensial var! Elə isə, Türkmənistan
da dörd ölkəyə qoşularaq, “yaşıl enerji” dəhlizinin yaradılmasında iştirak edə
bilərmi? Bu, çox maraqlı sualdır. Amma hələ ki birmənalı
cavabı yoxdur. Günəş və külək ölkəsi Türkmənistan sahəsinə görə Azərbaycandan 5,6 dəfə
böyükdür. Ərazisinin də 70%-ə qədəri səhralardır. Yəni kənd təsərrüfatına
yararlı olmasa da, günəş enerjisinin istehsalı üçün ideal yerdir. Günəşli günlərin
sayı ildə 300-ü keçir. Üstəlik, Xəzərin sahilində yerləşməsi avtomatik o deməkdir
ki, külək enerjisi potensialı da var. Amma bu potensialın reallaşdırılması
işində yubanıb. Ona görə, hələ heç potensialı da dəqiq qiymətləndirilməyib.
Onun imkanları ilə bağlı daha aydın mənzərə gələcəkdə üzə çıxacaq.
Türkmənistanın "yaşıl enerji" potensialı hələ də dəqiq qiymətləndirilməyib
Türkmənistanın qaz ehtiyatları xeyli çox, əhalisi
isə azdır. Cəmi 6 milyon əhalisi olan ölkə qaz hasilatı ilə həm özünün enerji
ehtiyaclarını tam ödəyir, həm də ixrac edir. Qazın elektrikə çevrilməsi onlara
alternativ enerjidən 3 dəfə ucuz başa gəlir. Ona görə də daha çətin və bahalı
yol olan “yaşıl energetika”nı inkişaf etdirməkdə o qədər də həvəsli görünmür.
Üstəlik, ölkə 2050-ci ilə qədər karbon izinin
sıfıra endirilməsi ilə bağlı Paris sazişinə də qoşulmayıb (halbuki Azərbaycan
bu sənədi 2016-cı ildə imzalayıb). Yəni alternativ energetikanın inkişafında
siyasi marağı da yoxdur. Bütün bunlara baxmayaraq, İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM-nin) icraçı
direktorunun müavini Ramil Hüseyn deyir ki, artıq Türkmənistanın da “yaşıl
energetika”nın inkişafı istiqamətində vizion formalaşdırmasının vaxtıdır.
Ramil Hüseyn: "Türkmənistan özünütəcrid yox, yaxınlaşma siyasəti aparmalıdır"
“Yaşıl energetika”nın inkişafı ekologiyadan və
iqtisadiyyatdan əlavə, həm də sosial məsələdir. İndi dünyada 13 milyon insan bu
sahədə çalışır. Proqnozlara görə, yaxın gələcəkdə alternativ energetika sahəsində
çoxlu iş yerləri açılacaq. Türkmənistan bu yolla məşğulluq problemini də çözə
bilər.
Amma bu zaman enerji bazarlarına çıxış məsələsi gündəmə gəlir. Çünki “investisiya
qoyulsa, istehsal edilən enerjini satmaq olacaqmı?” sualı yaranır. Şərq istiqaməti
bu baxımdan perspektivli deyil: Çinin özü alternativ energetikaya ən böyük
investisiya qoyan ölkədir. Çin və Cənubi Koreya bu istiqamətdə çoxlu meqa-layihələr
həyata keçirirlər. Qazaxıstan, Özbəkistan, Rusiya, İran, Əfqanıstan da “yaşıl
elektrik”in potensial alıcısı kimi görünmürlər. Qalır enerjiyə həmişə ehtiyac
duyan və bunun üçün pul ödəməyə hazır olan Avropa bazarı. Türkmənistanın ora
çıxmaq şansları nə yerdədir?
Texniki və siyasi suallar
Avropa bazarına çıxmaq üçün ilk addım kimi Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana
elektrik kabelinin çəkilməsi lazımdır. Burada texniki cəhətdən heç bir problem
yoxdur. “Neft araşdırmaları mərkəzi”nin rəhbəri İlham Şabanxatırladır ki, hələ
1902-ci ildə çar Rusiyasının dövründə o zamankı Krasnovodsk ilə Bakı limanları
arasında tarixdə ilk dəfə teleqraf xətti çəkilmişdi. Həmin vaxta qədər Avropada
və Amerikada belə xətlər ancaq göllərin altından çəkilirdi. Yəni biz hələ 20-ci
əsrin əvvəllərində bu cür layihənin reallaşdırıldığı məkan olmuşuq.
İlham Şabah: "Xəzərin dibi ilə kabelin çəkilməsi bütün baxımlardan tamamilə realdır"
Hətta Türkmənistan Avropaya “yaşıl enerji”
ixrac etməsə belə, Transxəzər kabelini çəkmək çox faydalı olardı. Bununla Xəzərin
sağ və sol sahillərinin elektrik infrastrukturları inteqrasiya olunar, bizim
elektriki qazdan almağa ehtiyacımız qalmazdı. Yəni Türkmənistan hətta “yaşıl” energetikasını
inkişaf etdirməsə belə, qazını elektrikə çevirib, Azərbaycana sata bilər. Bu,
Azərbaycanın ekologiyasının yaxşılaşdırılması, karbon izinin itirilməsi ilə
bağlı atılan böyük addım olardı. Bəzi ekspertlər bu layihənin siyasi əngəllərlə
üzləşə biləcəyini deyirlər. Necə ki, məhz Rusiya və İran etiraz etdikləri üçün
Transxəzər qaz kəmərini reallaşdırmaq mümkün olmadı. Xəzərin hüquqi statusu ilə
bağlı 2018-ci il, avqustun 12-də qəbul edilmiş Konvensiyada dənizin sağ və sol
sahilləri arasında magistral kəmərlərin (neft, qaz və su) çəkilməsilə bağlı
xüsusi bənd var. Orada yazılıb ki, belə layihələr ekoloji problem doğura biləcəyi
üçün bütün Xəzəryanı ölkələr tərəfindən təsdiqlənməlidir. Amma kabel, elektrik
enerjisi və onun ötürülməsi ilə bağlı infrastruktur barədə heç bir şey yoxdur.
Çünki bu, əvvəla, ekoloji problem yarada bilməz. İkincisi, artıq dediyimiz
kimi, hələ keçən əsrin əvvəllərində Xəzərin dibi ilə kabel çəkilib və sonradan
bir neçə dəfə yenilənib. Hazırda isə Aktau-Bakı optik magistral xətti çəkilməkdədir. Bəs elə isə nə problem qalır? BDU-nun “İqtisadi və sosial coğrafiya”
kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılovdeyir ki, hüquqi problem olmasa da, Rusiya və İran layihəyə siyasi əngəllər törətməyə
çalışacaqlar. Türkmənistan isə bu dövlətlərlə üzləşmək istəmədiyindən, layihədə
maraqlı olsa da, sinəsini qabağa verib, təşəbbüs göstərməyəcək.
Çingiz İsmayılov: "Türkmənistan layihədə maraqlı olsa da, təşəbbüs göstərməyəcək"
Kabelin Qara dənizin altından keçən hissəsinə
gəlincə, Xəzərlə müqayisədə orada texniki problemlər daha çox olacaq. Çünki 80
metrdən aşağı dərinlikdə Qara dənizin suyunun tərkibi çox aqressiv mühitdir.
Orada kabelin korroziyasının qarşısını almaq üçün xüsusi örtüklər olmalıdır ki,
bu da xərcləri çoxaldır. İlkin dəyərləndirmələrə görə, 2 milyard avro sərmayə tələb
olunur. Ancaq həm Avropa investorları bunda maraqlıdırlar, həm də Qərb şirkətlərinin
dənizin dibi ilə kabel çəkməkdə artıq böyük təcrübələri var. Ona görə də layihənin
Qərb hissəsinin reallaşdırılmasında heç bir problem gözlənilmir. Şərq – incə məsələdir Bütün əngəllərə baxmayaraq, Türkmənistan
“yaşıl energetika” buzunu artıq sındırıb. Hazırda Qaraboğaz-göldən şərqdə,
Türkmənistanın şimalında Balanabad və Taşauz vilayətlərinin kəsişdiyi yerdə
Altın-Asır adlı süni göl yaradılır. Bu gölün tam doldurulması 2025-ci ildə
yekunlaşacaq. Orada drenaj sularının toplanması ilə yanaşı, “yaşıl
energetika”nın inkişafı ilə bağlı layihələr də icra olunur. Bu layihələr günəş
və külək enerjisinin elektrikə çevrilməsini nəzərdə tutur.
Xəzərin dibi ilə kabel çəkmək Qara dənizə nisbətən daha asandır
Amma gələcəkdə ola bilər ki, Türkmənistan Azərbaycan
təcrübəsindən yararlansın. Çünki 5 il öncə Azərbaycanın Avropaya “yaşıl enerji”
ixrac edəcəyi heç müzakirə də olunmurdu. Azərbaycana investisiya qoyan Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Türkmənistanda da “yaşıl enerji”
istehsal edəcək. Yəni eyni şirkət “yaşıl enerji” sahəsində həm Azərbaycana, həm
də Türkmənistana sərmayə qoyur. Bu da bizim əməkdaşlığımızı yaxınlaşdıra bilər. Türkmənistan hazırda Türk Dövlətləri Təşkilatında
müşahidəçi statusuna malikdir. Qurum ilə əməkdaşlığı dərinləşdirib, tamhüquqlu
üzv olarsa, bu, “yaşıl energetika”nın inkişafına da təsirini göstərəcək. Çünki
Türk Dövlətləri Təşkilatının 2040-cı ilə baxış konsepsiyasında oda nəzərdə
tutulub. “Yaşıl enerji” dəhlizi bütövlükdə Xəzər
regionunu Avropaya bağlamaqla, Türkmənistan üçün də böyük imkanlar açır.
Bununla Türkmənistan indiyə qədər bacarmadığı bir şeyə – Avropanın enerji
bazarına birbaşa çıxışa nail olur. Energetikanın gələcəyinə doğru böyük bir
addım atır. Avropa ilə əlaqələri inkişaf etdirmək üçün şans qazanır. Bunların
hamısı real hədəflərdir. Qalır ortaya iradə qoymaq.