Xəstəxananın döyülən direktoru: "Narkotik istəyirdilər, üstümə bıçaq çəkdilər" - VİDEO

   Xəstəxananın döyülən direktoru:  "Narkotik istəyirdilər, üstümə bıçaq çəkdilər" -  VİDEO
  19 Fevral 2024    Oxunub:1515
Goranboy rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevin bir neçə şəxs tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. İddia edilir ki, həmin şəxslər qazilər olub və baş direktordan ağır ağrıkəsici dərman istəyiblər.
Bu barədə AzVision.az -a danışan baş direktor qeyd edib ki, hadisə fevralın 7-si, Prezident seçkiləri günü olub. Onun sözlərinə görə, xəstəxanaya gələn həmin şəxslər Kəlbəcər rayonundandır, Gəncədə yaşayırlar:

“Bu, onların xəstəxanaya ilk hücumu deyil. Bundan əvvəl də gəlib işçilərə qarşı nalayiq ifadələr işlətmiş, hətta polis işçisini də vurmuşdular. Onda 102 xidmətinə məlumat vermişdim. Deyirlər ki, qazidirlər. Əvvəl də, indi də gələndə bizdən yüksək dozada ağırıkəsici istəyirdilər. Əllərində özlərinin gətirdiyi ağrıkəsicilər var idi. Onlara bildirdim ki, bu dərman elə onun üçündür. Onlar həmin dərmanın kömək etmədiyini deyib, başqasını istəyirdilər. Ondan ağırı narkotikdir, mən onlara narkotik verib, narkoman edə bilmərəm axı... Təcili yardım şöbəsinə yönəltsəm də getmədilər. Dedilər, həkim verən dərman da yardım etmir. Münaqişə belə başladı”.

R.Yəhyayev qeyd edib ki, daha sonra həmin şəxslər onun üzərinə bıçaqla hücum ediblər.
“Bu barədə polisə, prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişəm, TƏBİB-ə də məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzVision.az-a bildirib ki, məsələ ilə bağlı Goranboy rayon polis şöbəsində ilkin araşdırma aparılıb.

"Faktla bağlı materiallar rayon prokurorluğuna göndərilib. Hazırda fakt üzrə araşdırma davam edir".



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti