Moskva Parisin “çörəyini” əlindən aldı

   Moskva Parisin    “çörəyini”    əlindən aldı
  04 Sentyabr 2024    Oxunub:3215
Keçən il Qərb mediasında Qazaxıstanın Fransanın “Dassault Rafale” qırıcılarının xeyrinə Rusiya təyyarələrindən imtina edə biləcəyi barədə fəal müzakirələr gedirdi. Fransanın “La Tribune” qəzetinin yaydığı bu şaiyələr prezident Emmanuel Makronun 2023-cü ilin payızında Astanaya səfəri ilə eyni vaxta təsadüf edirdi.

Almaniyanın “Flug Revue” nəşrində dərc olunan materialda Qazaxıstanın Rusiya təyyarələrini seçdiyi üçün Parisin gözləntilərinin özünü doğrultmadığı vurğulanır.


Məqalənin müəllifi Rusiyanın Qazaxıstanı yeni “Su-30SM” təyyarələri ilə təmin etdiyini yazır. Rəsmi olaraq bu barədə məlumat verilməsə də, təyyarələr Astanaya avqustun ortalarında çatdırılıb. Bu yaxınlarda isə Qazaxıstan Hərbi Hava Qüvvələrinin (HHQ) altı yeni “Su-30SM” təyyarəsini qəbul etdiyi məlum olub.

“Bunlar müasir və döyüşə hazır təyyarələrdir. Qazaxıstan HHQ-nin arsenalında təxminən 30 belə çoxfunksiyalı qırıcının olacağı gözlənilir. Bu vəziyyət həm də Rusiya təyyarələrinin xaricə ixracının bərpasından xəbər verir. Fransa təyyarələrinin alınması ehtimalı ilə bağlı şayiələr Astananı reaksiya verməyə məcbur edib. Qazaxıstanın müdafiə qurumunun nümayəndəsi qeyd edib ki, “Rafales” yaxşı qırıcı olsa da çox bahadır. Rusiya isə “Su-30SM” üçün ən sərfəli qiymət və keyfiyyət təklif edir”, - nəşrdə dərc olunan materialda vurğulanır.



Maraqlıdır ki, hələ ötən ilin noyabrında Qazaxıstanın Hava Hücumundan Müdafiə (HHM) qoşunları Baş Komandanının silahlanma üzrə müavini - Baş Silahlanma idarəsinin rəisi, polkovnik Yerjan Nildibayev Fransa ilə heç bir danışıqların aparılmadığını açıqlamışdı.

“Dərhal deyim ki, sizi məyus etmək istəyirəm, bu barədə heç bir danışıqlar aparılmayıb. Belə planlar olmayıb. Yaxşı təyyarə, yaxşı maşın, lakin çox bahalı. Ona görə də biz hesab edirik ki, qiymət-keyfiyyət məsələsini seçdikdə, biz indi “Su-30SM” üzərində qərarlaşmışıq”, - Nildibayev deyib.

Yeri gəlmişkən, “Dassault Aviation” şirkətinin Özbəkistana da təyyarə tədarükü planlarından söhbət gedirdi. Lakin bu müstəvidə də hər şey söhbətlərlə məhdudlaşdı.

"Qara qitə" bozaranda: Fransa Afrikadan qovulur
Qeyd edək ki, son vaxtlar Rusiya tədricən Fransanı Şimali Afrikadan sıxışdırıb çıxarmaqla məşğuldur. Sözsüz ki, Moskvanın bu siyasəti ilk növbədə Emmanuel Makronun ifrat Ukraynapərəst mövqeyi ilə bağlıdır. Lakin 2014-cü ilin sentyabrında Rusiyanın sifarişi ilə hazırlanmış 2 ədəd “Mistral” gəmisini Parisin Moskvaya verməkdən imtina etməsini Putinin Yelisey sarayına bağışlamadığı da istisna deyil. Özü də həmin vaxt Fransa prezidenti Fransua Olland bu addımı bilavasitə Vaşinqtonun sərt təzyiqi altında atmışdı.


Maraqlıdır ki, 2021-ci ilin sentyabrında isə ABŞ Fransanın Avstraliyaya təxminən 56 milyard avro dəyərində 12 sualtı qayıq tədarükü ilə bağlı müqaviləsini Kanberraya ləğv etdirdi.

Bundan əvvəl ABŞ, Böyük Britaniya və Avstraliya Çinə qarşı AUKUS adlı yeni blok yaratdıqlarını və bu paktın bir hissəsi kimi Vaşinqton və Londonun Kanberraya öz nüvə sualtı donanmasını yaratmağa kömək edəcəklərini açıqladılar. Başqa sözlə desək, Emmanuel Makronu bir dövlət başçısı kimi saya almayan Vaşinqton və Londom Fransanın “çörəyini” əlindən almaqdan zərrəcə çəkinmədilər. Bu baxımdan, Fransanın ümidli olduğu müqavilələrdən məhrum edilməsinin artıq ənənəyə çevrildiyi mənzərəsi yaranır.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:   Qazaxıstan   Rusiya   Fransa  





Xəbər lenti