"Narkozsuz" plastik əməliyyat görüntüləri ilə bağlı rəsmi açıqlama

"Narkozsuz" plastik əməliyyat görüntüləri ilə bağlı    rəsmi açıqlama
  20 İyul 2026    Oxunub:825
Sosial şəbəkələrdə estetik əməliyyat zamanı pasiyentin vəziyyətinin pisləşməsini əks etdirən görüntülər yayılıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən videoda əks olunan hadisənin köhnə olduğu və lisenziyasız fəaliyyət göstərən “UĞUR Estetik Mərkəzi 777”də baş verdiyi bildirilib. AzVision.az bu barədə Trend-ə istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 176 ünvanında yerləşən və “UĞUR Estetik Mərkəzi 777” adı altında lisenziyasız özəl tibb fəaliyyəti göstərən obyektlə əlaqədar Analitik Ekspertiza Mərkəzinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə plandankənar yoxlamalar keçirilib.

Sonuncu dəfə daxil olmuş müraciət əsasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 22 iyul 2025-ci il tarixində növbəti plandankənar yoxlama aparılıb və obyektin lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

“O ki qaldı Gülbədə Abdullayevaya, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, onun ali və ya orta tibb təhsili yoxdur və uyğun olaraq da “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda deyil.”

Bildirilib ki, vətəndaş müraciəti əsasında cari ilin may ayında fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızı, eləcə də onunla əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

Bundan əlavə, xidməti araşdırmanın nəticələrinə əsasən fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının qanunsuz özəl tibb fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında müvafiq vəsatətin qaldırılması üçün təqdimat hazırlanaraq növbəti icraata göndərilib. Öz növbəsində bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına müraciət edilib.

Analitik Ekspertiza Mərkəzi vurğulayıb ki, qanunvericiliyə uyğun olaraq özəl tibb fəaliyyəti sahəsində dövlət nəzarəti həyata keçirilir, aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati tədbirlər görülür və qanunsuz fəaliyyətin dayandırılması məqsədilə əlavə tədbirlər həyata keçirilir.

Qurum həmçinin qeyd edib ki, vətəndaşların maarifləndirilməsi və onların qanunsuz tibbi xidmət göstərən şəxslərin qurbanına çevrilməsinin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi saytında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı” yerləşdirilib.

Bundan əlavə, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytı və sosial media hesablarında plastik cərrahiyyə əməliyyatlarından əvvəl diqqət edilməli vacib məqamlarla bağlı maarifləndirici videoçarx da yayımlanıb.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara bir daha tövsiyə edib ki, hər hansı cərrahi və ya invaziv tibbi müdaxilədən əvvəl xidmət göstərən şəxsin tibb işçisi kimi qeydiyyatda olmasını, ixtisasını və tibbi müəssisənin qanunvericiliyə uyğun fəaliyyət göstərməsini mütləq dəqiqləşdirsinlər. Qurumun bildirdiyinə görə, bu, sağlamlığın və həyatın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.


Teqlər:






Xəbər lenti