Azay Quliyev: "İpək Yolu Qrupu ATƏT məkanının aparıcı parlament platformasına çevrilib"

   Azay Quliyev: "İpək Yolu Qrupu ATƏT məkanının aparıcı parlament platformasına çevrilib"
  04 İyul 2026    Oxunub:609
ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 33-cü İllik Sessiyası çərçivəsində İpək Yolu Qrupunun (Silk Road Group) 16-cı iclası keçirilib. İclası açan Qrupun sədri Azay Quliyev bildirib ki, qlobal geosiyasi gərginlik, ticarət müharibələri və təchizat zəncirlərində yaranan problemlər fonunda etibarlı nəqliyyat dəhlizləri və iqtisadi bağlantılar beynəlxalq təhlükəsizlik və davamlı inkişaf üçün strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu baxımdan İpək Yolu Qrupu parlamentlərarası dialoqu, qarşılıqlı etimadı və praktiki əməkdaşlığı təşviq edən mühüm beynəlxalq platformaya çevrilib.
İclasın əsas müzakirə mövzusu "Geosiyasi və iqtisadi qeyri-müəyyənlik şəraitində qlobal bağlantı və ticarət dəhlizlərinin çağırışları" olub.
ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons çıxış edərək qlobal iqtisadi çağırışların aradan qaldırılmasında parlament diplomatiyasının və çoxtərəfli əməkdaşlığın rolunu vurğulayıb.

İclasda əsas məruzəçi qismində çıxış edən Rotterdam Limanının Deltalinqs təşkilatının İctimai Əlaqələr və Kommunikasiya üzrə Proqram Direktoru Edwin Van Scherrenburg qlobal logistika, liman infrastrukturu, təchizat zəncirlərinin dayanıqlığı və beynəlxalq ticarətin inkişaf perspektivləri barədə təqdimatla çıxış edib.

Müzakirələrdə Böyük Britaniya, Gürcüstan, Xorvatiya, Özbəkistan və digər ölkələrin parlament nümayəndələri çıxış edərək beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, regional iqtisadi əməkdaşlığın genişləndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlığının artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.


Azay Quliyev çıxışında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfərinin Azərbaycanın Avropa ilə Asiya arasında strateji bağlantı mərkəzi kimi roluna verilən yüksək qiymətin göstəricisi olduğunu qeyd edib. O vurğulayıb ki, Avropa İttifaqının Prezidentinin “Global Gateway”təşəbbüsü çərçivəsində Azərbayana səfəri zamanı elan etdiyi 200 milyon avroluq investisiya paketi nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına mühüm töhfə verəcək.

İclasda, həmçinin, 2027-ci ildə keçiriləcək İpək Yolu Qrupunun 6-cı Beynəlxalq Konfransına hazırlıq məsələləri müzakirə olunub, eləcə də San Marino və Böyük Britaniyanın Qrupa qoşulması ilə əlaqədar Qrupun Rəhbər Prinsipləri və Təcrübələrinə müvafiq dəyişikliklər təsdiq edilib.
Rotterdam Limanının rəhbərliyi İpək Yolu Qrupunun üzvlərini yaxın aylarda limana rəsmi səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Azay Quliyev ATƏT PA Katibliyinə Rotterdam Limanı ilə birgə səfərin vaxtı, proqramı və müzakirə mövzularının qarşılıqlı maraqlar əsasında razılaşdırılacağını qeyd edib.

İclasın sonunda Azay Quliyev ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sampietroya və Baş katib Roberto Montellaya İpək Yolu Qrupunun fəaliyyətinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.

İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva və Azərbaycanın ATƏT-dəki səfiri Rövşən Sadıqbəyli iştirak edib.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılan İpək Yolu Qrupu hazırda ATƏT Parlament Assambleyasının ən fəal platformalarından biri olmaqla nəqliyyat bağlantılarının inkişafı, ticarətin asanlaşdırılması, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində parlamentlərarası dialoqu uğurla təşviq edir. ATƏT PA-nın 29 ölkəsi Qrupun rəsmi üzvüdür.


Teqlər: ATƏT  



Xəbər lenti