Kamil Zeynallı hadisəsi göstərdi ki...

 Kamil Zeynallı hadisəsi göstərdi ki...
  23 Fevral 2024    Oxunub:762
Son illərdə qlobal miqyasda insan hüquqları getdikcə aktuallıq qazanır. Bu çərçivədə nəzərəçarpan, ictimai rezonans doğuran nümunələrdən biri məşhur azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının Ermənistanın sifarişi ilə Moskvada saxlanması idi. Hadisə təkcə gözlənilməzliyi baxımından yox, mürəkkəb beynəlxalq hüquqi vəziyyət nöqteyi-nəzərindən də diqqət çəkir. Çünki Kamilin həbsi yalnız onun şəxsiyyəti ilə məhdudlaşmır, Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərə də təsir göstərirdi.
Ermənistan tərəfindən II Qarabağ müharibəsi zamanı "insanlıq əleyhinə cinayətlər törətmək" kimi saxta ittihamlarla MDB çərçivəsində axtarışa verilmiş Kamil Zeynallı Azərbaycana qayıtmaq istəyərkən Moskvanın "Domodedovo" hava limanında saxlanılmışdı. Beynəlxalq hüquq normalarına görə, ölkələr arasında xüsusilə münaqişə və gərgin vəziyyət dövründə vətəndaşların ekstradisiyasına ehtiyatla yanaşılmalıdır. Bu kontekstdə ədalətsiz mühakimə və ya işgəncə riskini nəzərə alsaq, Kamil Zeynallının Ermənistana mümkün ekstradisiyası beynəlxalq norma və prinsiplərin pozulması sayıla bilərdi.

(Kamil Zeynallı Rusiyada saxlanılması ilə bağlı öz sosial şəbəkə hesabında xəbər verərkən)

Yeri gəlmişkən, Ermənistan Ordusu II Qarabağ müharibəsi dövründə xeyli sayda mülki insan itkisinə gətirib çıxarmış cinayətlərinə görə məsuliyyətə cəlb olunmayıb. Bu, beynəlxalq ədalət mühakiməsində ikili standartlarla bağlı ciddi suallar yaradır və daha ədalətli sistemin yaradılması zərurətini meydana gətirir...

Rusiya Kamil Zeynallının Ermənistana ekstradisiyasını həyata keçirsəydi, ictimai dairələrdə Rusiyaya qarşı qəzəb dalğası doğacaq, ciddi diplomatik anlaşılmazlıq üzə çıxacaqdı. Çünki Kamilə təkcə idman yox, həm də xeyriyyəçilik fəaliyyətinə görə ölkədə böyük rəğbət bəslənir. Onun şəhid ailələrinə, ehtiyaclı şəxslərə dəstəyi, sosial layihələrdə aktiv iştirakı cəmiyyətin inkişafına göstərdiyi töhfədən xəbər verir.

Kamil Zeynallının saxlanılması insan hüquqlarının müdafiəsinin vacibliyini, qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın zəruriliyini bir daha xatırlatdı. Bu hadisə yalnız bir fərdin əleyhinə ədalətsizlik deyil, eləcə də dövlətlərarası münasibətlərdə, hüquq-mühafizə orqanlarında köklü problemlərin aşkara çıxmasıdır.

Kamil Zeynallının hüquqları uğrunda mübarizə ədalət naminə mübarizənin simvoluna çevrildi və göstərdi ki, hər insanın hüquq və azadlıqlarının müdafiəsində beynəlxalq ictimaiyyətin həmrəyliyi çox əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində Kamil Zeynallı vətənə qayıtdı. Məşhur idmançı saxlandığı andan etibarən Prezident onun azadlığa buraxılmasını dərhal həyata keçirmək üçün aidiyyəti orqanlara tapşırıq verdi. Azərbaycanın Rusiyadakı səfirliyi də Kamilə hüquqi dəstək göstərdi. Əgər Prezident məsələni bilavasitə nəzarətə götürməsəydi, vəziyyət kəskin şəkildə dəyişə bilərdi: Kamil Ermənistanda həbsxanaya göndərilər, orada bir azərbaycanlı kimi nahaq ittihamlara görə işgəncələrə məruz qalardı...

(Kamil Zeynallı Bakı Hava Limanında)

Beləliklə, İlham Əliyev hər zaman vətəndaşların yanında olduğunu bir daha təsdiqlədi. Onun iradəsi sayəsində Kamil Zeynallı haqsız cəzadan qurtuldu. Azərbaycan öz gücünü, xalq isə birlik və həmrəyliyini bir daha nümayiş etdirdi.

Tural İsayev
Firudin Həmidli

AzVision.az


Teqlər:   Kamil-Zeynallı   həbs   Prezident   xalq  





Xəbər lenti