"Babamın məzarının abadlaşdırılmasından xəbərim yoxdur" - Rəis Rəsulzadə

 "Babamın məzarının abadlaşdırılmasından xəbərim yoxdur" -  Rəis Rəsulzadə
  29 Fevral 2024    Oxunub:779
Xəbər verdiyimiz kimi, Azərbaycanın Türkiyədəki səfirliyi Xalq Cumhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərində yerləşən məzarüstü abidəsini abadlaşdırmağa başlayıb. Bu barədə məlumatı Türkiyədəki səfirliyimiz yayıb.
AzVision.az məsələ ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, abadlaşdırma ilə bağlı informasiyanı mətbuatdan oxuyub.

“Dünən xəbər tutdum. Azərbaycan Milli Kültür Dərnəyi ilə əlaqə saxlayıb maraqlanacağam. Konkret olaraq hansı işlərin görüləcəyi ilə bağlı məlumatım yoxdur. Sonuncu dəfə həmin məzarüstü abidəni 5-6 il əvvəl ziyarət etmişəm. O zaman babamın məzarı normal vəziyyətdə idi”.

R. Rəsulzadə bildirib ki, səhhəti ilə bağlı bu il Türkiyədə keçiriləcək ildönümü tədbirlərində iştirak edə bilməyəcək.

“Bilirsiniz ki, martın 6-da ildönümüdür. Türkiyəyə getməyi, tədbirlərə qatılmağı və məzarını ziyarət etməyi planlaşdırırdım. Ancaq həkimlər səhhətimlə əlaqədar icazə vermədilər. Bildirdilər ki, risk etmək olmaz”.

Tarixçi-jurnalist, “Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi”nin sədri Nəsiman Yaqublu isə bildirib ki, Azərbaycan Milli Kültür Dərnəyinin rəhbəri Cəmil Ünalla əlaqə saxlayıb və abadlaşdırma ilə bağlı son məlumatları öyrənməyə çalışıb:


“Rəsulzadənin hazırkı məzarüstü abidəsini Azərbaycan Milli Kültür Dərnəyi və Türkiyə Anıtlar Dərnəyi öz vəsaitləri hesabına hazırlatdırmışdılar. Abidənin eskizini dərnəyin əsas fəallarından biri Tuncay bəy Bəkirxan hazırlamışdı.

Səfirliyin əməkdaşları bildiriblər ki, məzarüstü abidəni təmir edəcəklər. Onlar sütunları söküblər və deyiblər ki, işlər martın 6-na qədər tamamlanacaq.

Düşünürəm ki, bizim səfirliyimiz Azərbaycan Milli Kültür Dərnəyi ilə əlaqə saxlayıb bu işləri birgə etsələr, daha effektli olar. Çünki Rəsulzadə dünyadan köçəndən bu günə qədər Milli Kültür Dərnəyi o məzarla maraqlanıb. Bir neçə dəfə təmir etdirib, abadlaşdırıb”.

N. Yaqublu bildirib ki, martın 2-də “Rəsulzadə İrsini Araşdırma Mərkəzi” və "Bütöv Türk Ocaqları” ilə birlikdə anım tədbiri keçiriləcək. Anım tədbirində Rəsulzadə irsinin tədqiqatçılarına mükafatlandırılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti