Məşhur verilişlərin efir saatının azaldılması nə verdi?

 Məşhur verilişlərin efir saatının azaldılması  nə verdi?
  15 Aprel 2024    Oxunub:1434
Xəbər verdiyimiz kimi, televiziyalarda bəzi verilişlərin efir vaxtı azaldılıb və bir neçə telekanalın rəhbəri Prezident Administrasiyasına dəvət olunub.
Bəs, efir vaxtının azaldılamsı ilə istənilən nəticəyə nail olundumu?

Əməkdar jurnalist, televiziya tənqidçisi, professor Qulu Məhərrəmli AzVision.az -a açıqlamasında bildirib ki, həmin şou verilişlər haqqında çox danışılır və cəmiyyətdə müəyyən reaksiyalar var:



“Şou proqramlarda insan talelərini, dəyərləri, şəxsi həyatı müzakirə mövzusuna çevirmək doğru deyil. Ancaq bu məsələdə televiziyaları başa düşmək olar. Onlar bu verlişlərlə pul qazanmaq istəyir.

Digər hal isə odur ki, proqramda çox kəskin dəyişikliklər aparmaq olmur. Həmçinin efir vaxtının azaldılması heç nəyi dəyişmir.

Yeni layihə tələb olunur. O da televiziyanın yaradıcı heyətinin birgə sayəsində meydana gəlməlidir ki, yanaşma və konsept dəyişsin”.

Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, televiziyalarda hər hansı verilişi məhdudlaşdırmaq, proqramın vaxtını azaltmaq məsələnin həll yolu deyil:



“Bu, gözdən pərdə asmaq üçün bir dəyişim kimi təqdim olunur. Amma belə deyil. Ümumiyyətlə, təhsilin, tərbiyənin, təlimin, vətəndaşın müəyyən dünyagörüşünün inkişafının dəqiq bir strategiyası müəyyən olunmalıdır. Atılan addımlar da buna adekvat olmalıdır. Bizdə bu strategiya yoxdur. Ona görə də bunlar müvəqqəti verilən qərarlardır. Bu gün qəbul olunur, bir aydan sonra unudulur. Şou verilişləri müəyyən dərəcədə əhalinin stressini azaltmaq üçündür.

Bir məsələ də var ki, vətəndaşlar müraciət etdiyi instansiyalarda müsbət cavab ala bilmirlər. Məhkəmə qərarları və başqa addımlar onları qane etmir. Ona görə də məcbur qalıb televiziyalara üz tuturlar. Düşünürlər ki, bu yolla sosial ədaləti bərpa etmək mümkündür.

Verlişlər cəmiyyətin ümumi ab-havasına görə hazırlanır. Çox güman ki, bu istiqamətdə müzakirələr gedir və müvəqqəti keçici addımlarla yola verməyəcəklər. Daha ağıllı formada bu problemin üzərinə gediləcək və ciddi şəkildə müzakirə olunacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti