Sülh sazişinin imzalanmasını ləngidən amillər - TƏHLİL

   Sülh sazişinin imzalanmasını    ləngidən amillər - TƏHLİL
  12 İyul 2024    Oxunub:3833
İyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammiti çərçivəsində ABŞ-nin Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirildi.
Antoni Blinken “nikbin”liyini itirmir

Görüşdən sonra verilən açıqlamada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və dövlətlərarası əlaqələrin qurulması müstəvisində irəliləyişin olduğu, habelə bu yöndə işlərin davam etdirilməsi barədə razılığa gəlindiyi vurğulanıb.

“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - görüşü şərh edən ABŞ-nin Dövlət katibi Antoni Blinken deyib.

Beləliklə, yenə də Azrəbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına əhəmiyyətli dərəcədə təkan berə biləcək konkret addımların atılması barədə təklifləri özündə ehtiva etməyən növbəti bəyanatın şahidi olduq. Hərçənd, sözügedən görüşdə bu yöndə hansısa sıçrayışa imza atılacağına ümid bəsləməyin özü də sadəlöhlük olardı və əslində heç kəs belə gözləntini aşılamağa çaslışmırdı da.

Sadəcə, NATO üzvü olmayan Azərbaycan və Ermənistanın alyansın 75 illiyinə həsr edilmiş sammitə dəvət alması və bu tədbir çərçivəsində üçtərəfli görüşün keçirilməsi Vaşinqtonun sülh prosesinə böyük əhəmiyyət verdiyini sübuta yetirmək məqsədi güdürdü. Amma Blinkenin “nikbinlik” saçan ümumi sözlərdən ibarət bəyantaında sülh prosesində Aİ-nin və ABŞ-nin “digər tərəfdaşları”nın şahidi olmadığımılz rolunu qabartması ən azı təəccüb doğurur.

Vaşinqtonu fəallaşdıran reallıq

Ümumiyyətlə, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə keçirilən görüşünə sülh müqaviləsi üçün münasib şərait yaranması barədə son vaxtlar Vaşinqtondan səsləndirilən bəyanatlar prizmasından baxılmalıdır.

İki həftə əvvəl ölkəmizə səfəri ərəfəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Konqresin Nümayəndələr Palatasında çıxışı zamanı Vaşinqtonun Cənubi Qafqazda tezliklə sülhün əldə olunmasında və Zəngəzur Dəhlizi adlı ticarət marşrutunun açılmasında maraqlı olduğunu bildirdi.

“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, lakin başqa, daha geniş marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər. Ona görə də 90-cı illərdən bəri davam edən dəhşətli münaqişəyə son qoymaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lazımdır. Sülh müqaviləsi imzalamaq və müharibənin nəticələrini aradan qaldırmaq vaxtıdır”, - amerikalı məmur deyib.


Sözsüz ki, O’Brayn Zəngəzur Dəhlizinin heç də Rusiyanın Sərhəd Xidmətinin nəzarəti altında açılmasını və fəaliyyət göstərməsini nəzərdə tutmur. Bu müstəvidə Vaşinqtonun məqsədi məhz Rusiyanı alternativ nəqliyyat marşrutlarından da təcrid etməkdir.

Ötən həftə isə ABŞ Dövlət departamentinin mətbuat katibinin müavini Vedant Patel Ermənistanla Azərbaycan arasında münasibətlərin Vaşinqton üçün prioritet olduğunu və ölkəsinin bu yöndə fəaliyyətini davam etdirəcəyini açıqladı.

- Cənubi Qafqazda mövcud problem kontekstində bu bizim üçün prioritetdir: bu, dövlət katibi və digər departament rəsmiləri üçün prioritetdir. Şübhə etmirəm ki, bundan sonra da çalışacağıq”, - Patel bildirdi.

Bu bəyanatlar Vaşinqtonun regionda təhlükəsizliyin və sabitliyin, çoxtərəfli əməkdaşlığın və nəqliyyat dəhlizlərinin fəaliyyətinin təminatında Azərbaycanın aparıcı rol oynadığını və Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmamasının bu yöndə böyük maneə olduğunu anladığından xəbər verir.

Məhz bu baxımdan, ABŞ Dövlət katibinin təşəbbüsü və iştirakı ilə Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü sülh prosesinə təkan verəcək məqam ola bilərdi. Amma sülh sazişini tezliklə imzalamağa hazır olduğunu dəfələrlə bildirən rəsmi İrəvan öz səmimiyyətini ən azı iki konkret addımla sübuta yetirməlidir.

Ermənistan Konstitusiyası əsas maneədir

Bu addımlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılması barədə rəsmi Bakının irəli sürdüyü tələbin yerinə yetirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Bakının prisnipial mövqeyini növbəti dəfə Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən açıqlayıb.

“Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, - Azərbaycan Prezidenti vurğulayıb.


Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin payızından başlayaraq ölkənin yeni Konstitusiyaına böyük ehtiyac duyulduğunu dəfələrlə gündəmə gətirib. Sonuncu dəfə o, Konstitusiya günü münsasibəti ilə xalqa müraciətində bu zərurətə toxunub.

“Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki Konstitusiyada onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar. Əsas problem təkcə Konstitusiyada yazılanlarla yox, həm də onun necə qəbul edilməsindədir. Ermənistana xalqın özününkü sayacağı, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır”, - Paşinyan deyib.

Əslində onun bu bəyanatı Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbinin haqlı olduğunu dolayısı ilə etiraf etməkdir. Lakin Nikol Paşinyan bu yöndə praktik addımlar atmağa tələsmir.


Əksər analitiklərin fikrincə, Ermənistan baş nazirinin qətiyyətsizliyi radikal müxalifətin və revanşistlərin güclü təzyiqi ilə şərtləndirilir. Bununla belə, hakimiyyət komandasının aparıcı fiqurlarından olan Ermənistan parlamentinin sədri Alen Simonyan və Xarici İşlər naziri Ararat Mirzoyan da bu məsələ ilə bağlı zaman-zaman baş nazirin mövqeyinə zidd bəyanatlar səsləndirirlər. Marqlıdır ki, Nikol Paşinyan xalqa müraciətində yeni Konstitusiya məsələsi ilə bağlı spekulyativ siyasətə rəvac verdiyini də bəyan edib. İstisna deyil ki, o, ilk növbədə, məhz öz komandasının üzvlərini nəzərdə tutur.

Ermənilər yol ayrıcında: NATO, yoxsa KTMT?
Radikal müxalifətə gəldikdə isə, məşhur “Gallup” beynəlxalq araşdırmalar mərkəzinin Ermənistan ofisinin bu ay apardığı sorğunun nəticələrinə görə, Paşinyanın radikal müxalifətin və revanşistlərin destruktiv fəlaiyyətini neytrallaşdırmaq şansı xeyli artıb.
Sorğunun nəticələri sübut edir ki, Azərbaycanla münasibətlərin tənzimlənməsində Ermənistan hökuməti həqiqətən də səmimiyyət və siyasi iradə nümayiş etdirsə, bu məsələdə destruktiv yanaşma sərgiləyən reavnşistlərin və radikalların bütün cəhdlərini puça çıxara bilər.

ATƏT-in Minsk qrupu: ölünü diriltməyə çalışanlar

Sülh sazişinə aparan yolda daha bir önəmli məqam Azərbaycanın ATƏT-in Minsk qrupunun de-yure ləğvi ilə bağlı təklifinə nəhayət ki, Ermənistanın müsbət cavab verməsi zərurətidir. Dırnaqarası fəaliyyəti dövründə özünü tamamilə nüfuzdan salmış və iflasa uğramış Minsk qrupu artıq 4 ilə yaxındır ki, de-fakto mövcud deyil. Bu mənada, Azərbaycanın onun de-yure ləğvi barədə təklifi yaranmış reallığa və sağlam məntiqə söykənir.

“Minsk qrupu fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure – hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”, - Azərbaycan Prezidenti İlham Əliyev həm qarşı tərəfə, həm onun havadarlarına, həm də beynəlxlaq və regional təşkilatlara mesaj ünvanlayıb.

Amma ölünü diriltməyə çalışan Qərbdəki bəzi qüvvələr heç də Kefli İsgəndərin antipodu Şeyx Nəsrullahdan az “kəramət”ə malik olmadıqlarını sübut etməyə çalışırlar. Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa isə Ermənistanı silahlandırma yarışına girişməklə nəinki sülh prosesini əngəlləyir, hətta Cənubi Qafqazda yeni münaqişənin alovlanması təhlükəsini körükləyir. Təsadüfi deyil ki, rəsmi Parisin bu siyasəti Ermənistan hakimiyyətinin bəzi üzvlərini və revanşistləri Minsk qrupunun de-yure saxlanması barədə bəyanatlar səsləndirməyə şirnikləndirir.

Məhz buna görə də, Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammitdə iştirak edən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov alyansın Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina ilə görüşdə regional təhlükəsizlik kontekstində Ermənistanın sürətlə silahlanmasına diqqət çəkib.



Gözləntilər və praktik addımlar

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin məhsuldar olacağına ümid etdiyini bildirib.

“Biz həqiqətən ümid edirik ki, prosesin normallaşması öz bəhrəsini verəcək. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə hər iki ölkəyə deyil, bütövlükdə bütün regiona çox müsbət təsir göstərəcək”, - Düjarrik deyib.


Amma bu ümidlərin doğrulmasının yolu Azərbaycanın beynəlxalq hüquqa söykənən tələblərinin Ermənistanın yerinə yetirməsindən keçir. Cənubi Qafqazda həqiqətən də davamlı sülhün və təhlükəsizliyin yaradılmasında maraqlı olan dövlətlər, beynəlxalq və regional təşkilatlar isə bu həqiqəti rəsmi İrəvana başa salmalıdırlar.

Bu baxımdan, bölgədə öz geosiyasi maraqlarını reallaşdırmağa çalışan ABŞ ən azı Ermənistanı sürətlə silahlandıran Fransa prezidenti Emmanuel Makrona ciddi təsir göstərməlidir. Bu məsələdə Fransanın üzv olduğu NATO-nun rəhbərliyi də öz prinsipial mövqeyini ortaya qoymalıdır. Çünki yalnız beynəlxalq hüquq normalarına və təhlükəsizliyə söykənən geosiyasi maraqlar davamlı şəkildə təmin edilə bilər. Əks halda.....

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan  





Xəbər lenti